Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan İordaniyada keçirilən Dünya Elm Forumunda təmsil olunur

08 Noyabr 2017
Noyabrın 7-də İordaniyada “Elm sülh uğrunda” şüarı ilə Dünya Elm Forumu fəaliyyətə başlayıb.

Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, forumda dünyanın 120-dən çox ölkəsindən üç minədək tanınmış alim, o cümlədən Nobel mükafatı laureatları, akademiklər və siyasətçilər iştirak edirlər. Tədbir İordaniya şahzadəsi, Kral Elmi Cəmiyyətinin sədri Sumaya bint əl-Həsənin təşkilatçılığı ilə Ölü dəniz sahilindəki Kral Hüseyn bin Talal Mərkəzində keçirilir. Dünya alimlərinin beynəlxalq toplantısında ölkəmiz Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Dörd gün davam edəcək tədbirdə dünyada cərəyan edən qlobal dəyişikliklərlə əlaqədar elmin vəzifələri, elm və texnikanın inkişafındakı yeni amillər, elmi nailiyyətlərin dünyada sülh və təhlükəsizliyə xidməti ilə bağlı mövzularda müzakirələr aparılır.

Forumun açılış mərasimində İordaniya Kralı II Abdullah, Macarıstan prezidenti Yanoş Ader, İordaniya Kral ailəsinin üzvləri, bu ölkənin parlament və hökumət rəhbərləri iştirak ediblər.

Tədbiri şahzadə Sumaya bint əl-Həsən açıb.

Mərasimdə Yanoş Ader, İrlandiya Elm Fondunun baş direktoru M.Ferquson, Cənubi Afrika Respublikasının elm və texnologiyalar naziri xanım Q.Pandor, Yaponiya Elm və Texnologiya Agentliyinin prezidenti M.Hamakuçi, Nüvə Silahlarının qadağan olunması Müqaviləsi Təşkilatının Avstriyadan olan icraçı katibi L.Zerbo, Kral II Abdullahın əmisi Əmir Həsən bin Talal çıxış ediblər.

Sonra YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın tədbir iştirakçılarına müraciəti səsləndirilib.

Sonda Kral II Abdullah İordaniyanın bir sıra tanınmış elm xadimlərinə mükafatları təqdim edib.

Forumun açılış mərasimində şahzadə Sumaya bint əl-Həsənin dəvəti ilə Krallıqda akkreditə olunmuş bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri, o cümlədən Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov və müşavir İ.Əliyev iştirak ediblər.