Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünya Səhiyyə Təşkilatı heyvandarlıqda antibiotiklərdən sui-istifadə etməməyə çağırır

08 Noyabr 2017
Dünyada antibiotiklərin 80 faizi heyvandarlıq sektorunda istifadə olunur. Özü də heyvanların sürətlə böyüməsini təmin etmək və onların xəstələnməsinin qarşısını almaq üçün antibiotikləri çox vaxt sağlam heyvanlara verirlər.

AZƏRTAC Dünya Səhiyyə Təşkilatına (DST) istinadla xəbər verir ki, DST ekspertləri fermerlərə və yeyinti sənayesi nümayəndələrinə müraciət edərək, onları antibiotiklərdən lüzumsuz yerə istifadə etməməyə çağırırlar. Axı dərman preparatları heyvanların ətində toplanır və insan orqanizminə düşür. Nəticədə insanlarda antibiotiklərə davamlılıq yaranır.

DST nümayəndəsi Mark Şprenger deyib: “Antibiotiklərə davamlılıq ictimai səhiyyə üçün çox ciddi təhlükədir. Yaranmış şəraitdə bakterial infeksiyaların çoxunu daha müalicə etmək mümkün olmur. Məsələn, sidik yollarının infeksiyası, sətəlcəm, süzənək, vərəm və qan zəhərlənməsi kimi xəstəlikləri misal çəkmək olar. Başqa sözlə desək, mövcud olan antibiotiklər artıq səmərəli deyildir.

Ekspertlər xatırladırlar ki, xərçəngin müalicəsi və daxili orqanların köçürülməsi zamanı əlavə infeksiyaların aradan qaldırılmasında antibiotiklər mühüm rol oynayır.

Dünya Səhiyyə Təşkilatının fikrincə, antibiotiklərə davamlılığın inkişaf etməsi ayrı-ayrı hallarda insanın ölümünə səbəb ola bilər.