Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünyasını dəyişən insan öldüyünü hiss edir

08 Noyabr 2017
Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, dünyasını dəyişmiş insanın bir müddət şüuru itmir və o, öldüyünü başa düşür.

AZƏRTAC vistanews.ru saytına istinadla xəbər verir ki, ürəyin fəaliyyəti dayandıqdan sonra beyin bir müddət yaşayır və ətrafda baş verənləri dərk edir. Adıgedən universitetin Lanqone tibbi mərkəzində uzun illər bu istiqamətdə tədqiqatlar aparılıb. Araşdırmaların nəticəsində alimlər artıq ölümə mərhələli proses kimi baxmağı tövsiyə ediblər. Belə ki, onların fikrincə ürəyin dayanması insan ömrünün sonu deyil. Ölmüş bir insanın beyni öz funksiyasını bir müddət davam etdirir və informasiyanı yadda saxlayır, lakin orqanizmə hansısa əzasını tərpətmə və ya söz demə “əmrini” verə bilmir. Belə olduğu təqdirdə əlbəttə ki, insan artıq öldüyünü hiss edir.

Alimlərin fikrincə, bu hal bir neçə saat davam edə bilər. Beləliklə, tədqiqat nəticəsində belə bir nəzəriyyə növbəti dəfə təsdiq edilib ki, ölüm rəsmi olaraq qəbul olunduğu kimi, əslində ürəyin dayanmasından sonra insanda baş verənləri heç də dəqiq ifadə edən məfhum deyildir.

Alimlər bu nəticəyə kliniki ölüm keçirənlərin çox saylı ifadələri əsasında gəliblər. Onların təxminən yarısı o vəziyyətdə ətrafda nələrin baş verdiyini qismən, bəziləri isə hər bir xırdalığına qədər xatırlayır.