Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Düsseldorf Universiteti Azərbaycanın Milli Onkologiya Mərkəzi ilə əməkdaşlıq etməkdə maraqlıdır

08 Noyabr 2017
Noyabrın 8-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) Düsseldorf Universitetinin uşaq hematologiya, onkologiya və kliniki immunologiya kafedrasının müdiri, eyni adlı klinikanın baş həkimi professor Arndt Borkhardt ilə görüş keçirilib.

AZƏRTAC-a mərkəzdən bildirilib ki, professor A. Borkhardt MOM-la tanışlıqdan sonra Mərkəzin baş direktoru, akademik Cəmil Əliyevlə görüşüb. Professor A.Borkhardt vurğulayıb ki, zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan MOM dünyanın ən aparıcı onkoloji mərkəzləri ilə bir sırada dayanır. O qeyd edib ki, hətta Almaniyanın bəzi analoji klinikaları müasir innovativ avadanlıqlara malik Milli Onkologiya Mərkəzi ilə müqayisə belə edilə bilməz.

Görüşün sonunda əməkdaşlığın, kadr mübadiləsinin və birgə elmi işlərin aparılmasının vacibliyini xüsusi qeyd edən qonaq, tez bir zamanda Milli Onkologiya Mərkəzi və Düsseldorf Universiteti arasında əməkdaşlıq haqqında Memorandumun imzalanacağına ümid etdiyini vurğulayıb.

Milli Onkologiya Mərkəzinin muzeyində professor A. Borkhardt xatirə kitabına ürək sözlərini yazdıqdan sonra Mərkəzin Uşaq Klinikasında onu gözləyən xəstələri qəbul edib. Professor MOM-un Uşaq Klinikasında müalicə alan uşaqları və “Həyat” Fondunun prezidenti Hacı Nuran Hüseynov tərəfindən dəvət olunmuş xəstələri müayinə edib.