Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bağdad dövlət büdcəsindən kürd muxtariyyətinə ayırmalara yenidən baxacaq

08 Noyabr 2017
İraqın dövlət büdcəsindən kürd muxtar regionuna ayırmalara yenidən baxılacaq və vəsait muxtariyyət əhalisinin sayından çıxış etməklə hesablanacaq. Bu bəyanatla İraqın Baş naziri Heydər İbadi ölkə hökumətinin Bağdadda keçirilmiş iclasından sonra çıxış etmişdir.

Baş nazirin mətbuat xidmətinin verdiyi məlumata görə, İbadi vurğulamışdır ki, federal büdcədən muxtar regiona ayrılan vəsaitin həcmi gələcəkdə İraq Kürdüstanı əhalisinin ölkə əhalisinin ümumi sayına nisbəti nəzərə alınmaqla müəyyənləşdiriləcək. Hökumət başçısı nəzərə çarpdırmışdır ki, büdcənin əvvəllər muxtariyyətə ayrılmış 17 faizi qanunvericilikdə nəzərdə tutulmamışdır və ədalətli deyil.

İbadi qeyd etmişdir ki, hazırda mərkəzi hakimiyyət orqanları İraq Kürdüstanındakı dövlət qulluqçularına maaş vermək üçün onların sayını hesablayır. O əlavə etmişdir ki, muxtariyyət hökumətinin təqdim etdiyi məlumatlar səhvdir və həqiqətə uyğun deyil.

Baş nazir həmçinin təsdiqləmişdir ki, İraq Kürdüstanında neft ixracından əldə olunan bütün gəlirlər  federal hökumətin hesabına keçməlidir.