Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ayın ətrafında dövrə vurmuş astronavt vəfat etdi

08 Noyabr 2017
Aya ilk dəfə uçuş edənlərdən biri, sabiq astronavt Riçard Qordon 88 yaşında ABŞ-da vəfat etmişdir. Bu barədə NASA-nın saytı məlumat vermişdir. 

Riçard Qordon 1929-cu ildə Sietl şəhərində (Vaşinqton ştatı) anadan olmuşdur. 1951-ci ildə Vaşinqton Universitetində kimya üzrə bakalavr dərəcəsi almış, iki il sonra isə təyyarə idarə etmək hüququ əldə etmişdir. 1957-ci ildən 1960-cı ilədək təyyarəçi-sınaqçı idi.
Qordon 1963-cü ildə astronavt olmuşdur. O, kosmosda 316 saatdan çox vaxt keçirmişdir. Qordon 1966-cı ildə “Gemini-11” missiyasının iştirakçısı kimi iki dəfə açıq kosmosa çıxmışdır. 1969-cu ildə “Apollon-12” missiyası zamanı kosmik gəminin pilotu idi: o, iki həmkarının Aya çıxdığı vaxt 31 saat ərzində Ay orbitində qalmışdır.
Qordon NASA-nı 1972-ci ildə tərk etmişdir. Bundan sonra o, futbol klubunun vitse-prezidenti olmuş, bir neçə qaz və neft şirkətində rəhbər vəzifələr tutmuşdur.