Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Arkadi Dvorkoviç: Rusiya Azərbaycanı çox yaxın, strateji tərəfdaş kimi dəyərləndirir

08 Noyabr 2017
Rusiya Azərbaycanı özünün çox yaxın, strateji tərəfdaşı kimi dəyərləndirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Federasiyası hökumətinin sədr müavini Arkadi Dvorkoviç “EKSPO-2025”. Rusiya Yekaterinburqa böyük ümid bəsləyir” sərgisinin təşkilinə dair mətbuat konfransında “Moskva-Baku” müxbirinin “Baş nazirin müavini sərginin keçirilməsi uğrunda mübarizədə Bakını rəqib kimi necə dəyərləndirir?” sualını cavablandırarkən deyib.

“Rusiya “EKSPO-2025” Ümumdünya Universal Sərgisini keçirmək uğrunda mübarizədə Azərbaycana rəqib kimi hörmətlə yanaşır. Biz Azərbaycanı Rusiyanın çox yaxın, strateji tərəfdaşı kimi qiymətləndiririk. Bakı inkişaf etməkdə olan gənc şəhərdir - son illər bu şəhərdə böyük miqdarda çox maraqlı obyektlər meydana gəlib. Şəhər uğurlu beynəlxalq forumların, eləcə də idman tədbirlərinin keçirilməsi ilə məşhurlaşıb. Paris və Osaka kimi Bakı da “EKSPO-2025” Ümumdünya Universal Sərgisini keçirmək uğrunda mübarizədə Yekaterinburqun rəqibidir. Rusiya bilavasitə rəqabət mübarizəsində iştirak etməyən vaxtlarda Bakını müxtəlif tədbirlərin təşkilinin paytaxtı kimi həmişə dəstəkləyib. Təəssüf ki, indiki halda biz bunu edə bilmərik, çünki biz hələlik rəqibik. Biz Osakaya da, Parisə də, Bakıya da rəqib kimi hörmətlə yanaşırıq. Bakıya uğurlar arzulayırıq!”

Arkadi Dvorkoviç Yekaterinburqun sərgini 2025-ci ildə keçirmək hüququnu əldə edəcəyi halda bu şəhərdə EKSPO-parkın yaradılmasına qoyulacaq infrastruktur investisiyalarının ilkin məbləğini də açıqlayıb. Onun sözlərinə görə, söhbət təxminən 100-150 milyard rubl civarında investisiyadan gedir. Ural paytaxtı tərəfindən təklif edilmiş mövzu belə adlanır: “Dünyanı dəyişərək: innovasiyalar və daha yaxşı həyat gələcək nəsillər üçündür”. Məsrəflərə nəzarət Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, Azərbaycan da “EKSPO-2025” sərgisini keçirməyə iddialıdır. Bu hüquq uğrunda ölkəmizdən başqa, Rusiya (Yekaterinburq), Fransa (Paris), Yaponiya (Osaka) da mübarizə aparır. Sərginin 2025-ci il mayın 2-dən noyabrın 2-dək keçirilməsi təklif edilir. 2018-ci ilin noyabr ayında Beynəlxalq Sərgilər Bürosunun 164-cü Baş Assambleyasında sərginin hansı ölkədə keçiriləcəyi barədə qərar qəbul olunacaq.