Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan OPEC-i oktyabr ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlandırıb

08 Noyabr 2017
Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini oktyabr ayında da yerinə yetirib. Energetika Nazirliyi Azərbaycanın cari ilin oktyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həmin məlumatlara əsasən, cari ilin oktyabr ayında respublika üzrə gündəlik neft hasilatı 800,6 min barrel olub. Bunun 746,8 min barrelini xam neft, 53,8 min barrelini kondensat təşkil edib. Gündəlik 628 min barrel xam neft, 53,8 min barrel kondensat, 24,3 min barrel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda 796,7 min barrel, avqustda 734,8 min barrel, sentyabrda isə 785,7 min barrel olub.

OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyədək iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.