Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə “İki sahil” qəzeti xüsusi buraxılış hazırlayıb

08 Noyabr 2017
“İki sahil” qəzetinin Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə hazırladığı 82 səhifəlik xüsusi buraxılış neft sənayemizin tarixində baş verən mühüm hadisələri özündə əks etdirir. Maraqlı yazılar, ayrı-ayrı dövrlər üçün şəkillər və yüksək poliqrafik tərtibat diqqət çəkir.

AZƏRTAC xəbər verir ki, qəzetin üz qabığında yer alan dövlətimizin başçısı İlham Əliyevin “Neftin vətəni Azərbaycandır, neft sənayesi, bax, buradan başlanmışdır. Bu gün-artıq 200 ilə yaxın vaxt keçəndən sonra da Azərbaycan dünyada neft ölkəsi, qaz ölkəsi kimi öz sözünü deyir. Bu gün bizim neftimiz xalqımıza məxsusdur” fikirləri tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın davamlı uğurlarında bu amilin rolunu xüsusi önə çəkir. Xüsusi buraxılışın növbəti səhifəsində Azərbaycanda bir milyardıncı ton neftin 1971-ci il martın 28-də çıxarılması faktı, ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə 7 noyabr 2017-ci il tarixli “Azərbaycan Respublikasında neft sənayesi işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında”, “Azərbaycan Respublikasında neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında” sərəncamları yer alıb.

“Bu şanlı nailiyyət, ilk növbədə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən qalibiyyətli enerji strategiyamızın zəfər təntənəsidir… Azərbaycan neft-qaz sənayesinin böyük bir dövrü Ulu Öndərin adı ilə sıx bağlıdır. Bugünkü uğurlarımız hələ sovet dövründə onun gərgin əməyi sayəsində axtarış-kəşfiyyat, qazma, hasilat, emal və başqa sahələrdə yaradılmış zəngin infrastruktur potensialının gücünə əsaslanır”. Bu fikirlər SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin 2 milyardıncı ton Azərbaycan neftinin hasil olunması münasibətilə təbrikində əksini tapıb. O da qeyd edilir ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun təkmilləşdirilmiş enerji strategiyası ötən illərdə ölkəmizə böyük nailiyyətlər qazandırmış və bu gün də neft-qaz sənayemizi yeni-yeni qələbələrə aparır. Neft-qaz hasilatında əldə olunan nailiyyətlər SOCAR-ın inkişafı üçün böyük imkanlar yaradıb. Azərbaycan bu gün Avropanın ən böyük enerji və infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi”nin təşəbbüskarı və avanqard qüvvəsi kimi bütün dünyada böyük etimad qazanıb.

R.Abdullayev təbrikində qədim neft diyarı Azərbaycanın şöhrətinin dünyaya yayılması naminə misilsiz əmək sərf etmiş bütün neftçilərə, həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələrdə əməkdaşlıq edən hər kəsə təşəkkürünü bildirir.

“Azərbaycan neftinin tarixi çox qədim dövrlərə gedib çıxır”, “ABŞ və Rusiyanın neft mübarizəsində Bakının rolu”, “Əgər neft şahzadədirsə, Bakı onun tacıdır”, “Bakı nefti faşizm üzərində qələbənin qazanılmasında həlledici amil oldu”, “Azərbaycan neft sənayesinin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”, “Yeni neft strategiyasının uğurlu icrası: 2 milyardıncı ton Azərbaycan neftinin hasilatına aparan yol”, ““Yeni əsrin müqaviləsi” müstəqil Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafının əsasıdır” kimi məqalələrdə Azərbaycan neftinin şöhrəti, uğurlara geniş yol açması, ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində rolu, neft kapitalının insan kapitalına çevrilməsinə apardığı yol və s. kimi məqamlar geniş təhlil olunur. Neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın inkişaf yoluna isə möhtərəm Prezidentimiz İlham Əliyevin bu fikirləri ilə diqqət yönəldilir: “SOCAR beynəlxalq enerji şirkətinə çevrilib. İlk növbədə ona görə ki, Azərbaycanda belə genişmiqyaslı böyük layihələr icra edilmişdir…” Həmçinin “Neft tariximizdən” adı altında məqalədə ayrı-ayrı illərin neft sənayesinin inkişafında statistik faktların önəmi oxuculara çatdırılır.

Dövlətimizin başçısı İlham Əliyevin xüsusi yer aldığı “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın yeni neft strategiyası bu gün ölkəmizin uğurlu inkişafını təmin edir” fikirləri 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisidir. 1994-cü il sentyabrın 20-də Ulu Öndərin rəhbərliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə, dünya iqtisadi sisteminə inteqrasiyasına yol açdı. Ondan sonra imzalanan müqavilələr Azərbaycana, dövlətimizin həyata keçirdiyi siyasətə inamı bir daha ortaya qoydu. “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması bir daha ölkəmizin beynəlxalq aləmdə yeri və roluna, enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrə işıq saldı. Artıq TAP, TANAP, “Cənub Qaz Dəhlizi”nin perspektivləri, çoxtərəfli əməkdaşlığa açılan yol geniş təhlil olunur. Dövlətimizin başçısı İlham Əliyev BTC və BTƏ neft-qaz kəmərlərini dünyaya açılan pəncərə kimi dəyərləndirir. Bu reallıq da qeyd edilir ki, BTC və BTƏ neft-qaz layihələri icra edilməsəydi, bu gün “Cənub Qaz Dəhlizi»ndən danışmaq qeyri-mümkün idi. “Yeni əsrin müqaviləsi” 23 ilin uğurlarına əsaslanaraq, qarşıdakı illərin hədəflərinə stimuldur. Son 14 ildə ölkə Prezidenti İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” tezisi məhz neft amilinin iqtisadiyyatımızın inkişafında rolundan, neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə təmin edilməsindən qaynaqlanır.

Xüsusi buraxılışa ulu öndər Heydər Əliyevin “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir” fikri ilə sonluq verilir. Bu sonluq dünənimizə, bu günümüzə baxış, perspektivlərimizin müəyyənləşdirilməsidir.