Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yaqub Mahmudov: Türk xalqlarının vətəni Avrasiya məkanıdır

08 Noyabr 2017
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda bu elm müəssisəsinin Azərbaycanın qədim tarixi şöbəsinin müdiri Allahverdi Əlimirzəyevin “Turukkuların etno-siyasi tarixindən”, Türkiyənin Ərzurum Atatürk Universitetinin professoru Əli Kafkasyalının “Bolşevik çevrilişi illərində işğal güclərinə qarşı məhəlli milislərin mücadiləsi və Məhəmməd Bayramoğlu Şıxlı” mövzularında məruzələri dinlənilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu elm müəssisəsinin direktoru, akademik Yaqub Mahmudov tarixin ən qədim dövrlərində və orta əsrlərdə Şərqi Anadolunun Azərbaycan tarixi ilə sıx bağlı olduğunu vurğulayıb. O deyib: “Atatürk Qurtuluş savaşına məhz Şərqi Anadoludan başlayıb”.

Azərbaycan tarixçilərinə müraciət edən Y.Mahmudov informasiya müharibəsi şəraitində erməni daşnaklarına qarşı mübarizə aparmış “Difai” partiyasının tarixinin daha dərindən araşdırılmasının vacibliyini vurğulayıb.

Turukkuların azərbaycanlıların soykökündə iştirak etmiş tayfalardan biri olduğunu bildirən A.Əlimirzəyev deyib: “Turukkularla yanaşı, kuti, lullubi, kimmer, iskit, sak və digər qədim tayfalar da xalqımızın təşəkkülündə mühüm rol oynayıblar”.

Məruzə ilə bağlı fikirlərini bildirən Y.Mahmudov İran etnoslarının Ön Asiya regionuna sonradan gəldiklərini diqqətə çatdırıb. Akademik deyib: “Regionun ən qədim sakinləri Azərbaycan tayfaları olan lullubilər, kutilər və turukkulardır. Azərbaycanın beşminillik dövlətçilik tarixi var. Türk xalqlarının ilk vətənini Urmiya hövzəsi və ya Altay regionu ilə lokallaşdırmaq düzgün deyil. Çünki onların vətəni yayıldıqları Avrasiya məkanıdır”.

Məruzələrdən sonra elmi şuranın iclasında Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikasının 100 illik yubileylərinə həsr olunan sənədli filmin lentə alınması ilə bağlı müzakirələr aparılıb.