Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sosialyönümlülük prioritet olaraq qalır

08 Noyabr 2017
 

 

Gələn ilin dövlət büdcəsi qarşıya qoyulan bütün vəzifələrin uğurla icra olunacağına təminat verir

 

Noyabrın 8-də Milli Məclisin Əmək və sosial siyasət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci ilin dövlət büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib.
İclası aparan parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli büdcə zərfinə daxil olan qanun layihələrini təqdim edib. Bildirib ki, qlobal risklər şəraitində ölkəmizin gələn ilin dövlət büdcəsinin layihəsi mükəmməl və şəffaf hazırlanıb. Gələn ilin icmal büdcəsində sosial müdafiə xərclərinin bu illə müqayisədə 20 faiz çox olduğunu deyən komitə sədri vurğulayıb ki, icmal büdcənin böyük hissəsi sosial müdafiə məsələlərinə yönəldilib. Gələn ilin dövlət büdcəsində xərclərin 36,6 faizi sosial müdafiə tədbirlərinə yönəldilib. Bu sənəd Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin sosialyönümlü olduğunu bir daha təsdiqləyir.

 

İqtisadiyyatda gözlənilən meyillərin təhlilləri də nəzərə alınıb

 

2018-ci il üçün dövlət büdcəsinin layihəsi barədə məlumat verən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu sənəd “Büdcə sistemi haqqında” qanuna və ölkəmizin milli iqtisadiyyatının başlıca sektorları üzrə Strateji Yol Xəritəsinə əsasən hazırlanıb. Layihədə dünyada və Azərbaycan iqtisadiyyatında gözlənilən meyillərin təhlilləri də nəzərə alınıb.
Gələn ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 3 milyard 361 milyon manat və ya 20 faiz çoxdur. Növbəti il üçün proqnozlaşdırılan ÜDM-in tərkibində büdcə gəlirlərinin xüsusi çəkisi cari illə müqayisədə 4,4 faiz-bənd artaraq 29 faiz təşkil edəcək. Dövlət büdcəsinin gəlirlərinin 9 milyard 31 milyon manatı və ya 44,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşməklə cari illə müqayisədə 205 milyon manat və ya 2,3 faiz çox olacaq.
2018-ci ilin dövlət büdcəsinin xərcləri cari ilin təsdiq olunmuş büdcə xərcləri ilə müqayisədə 2 milyard 965 milyon manat və ya 16,5 faiz çox olmaqla mütləq ifadədə 20 milyard 906 milyon manat məbləğində proqnozlaşdırılır. Gələn il üçün proqnozlaşdırılan ÜDM-in tərkibində büdcə xərclərinin xüsusi çəkisi cari illə müqayisədə 3,8 faiz-bənd artaraq 30,1 faiz səviyyəsinə çatacaq.

 

Xərclərin 36,6 faizi sosial müdafiə tədbirlərinə yönəldilib

 

Nazir müavini qeyd edib ki, layihədə büdcənin sosialyönümlülüyü təmin edilib və bütün sosial proqramların icrası ilə bağlı dövlət başçısının müəyyən etdiyi hədəflərə nail olunub. Belə ki, 2018-ci il üçün dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,6 faiz olmaqla bu məqsədə 7 milyard 656 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 609 milyon manat və ya 8,6 faiz çoxdur.
Gələn il təhsil xərclərinə 2 milyard manat vəsait ayrılıb. Elm xərcləri 128 milyon manat, səhiyyə xərcləri 741 milyon manat həcmində proqnozlaşdırılıb. Pensiya və müavinətlərin, ünvanlı yardımların, məcburi köçkünlərin sosial müdafiəsinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün büdcədə sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 10,5 faizi səviyyəsində və ya 2 milyard 197 milyon manat vəsait ayrılacaq. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə dövlət və icmal büdcələrdə bütövlükdə 487 milyon manat vəsait nəzərdə tutulub.
İcmal büdcənin gəlirləri 23 milyard 223 milyon manat, xərcləri 26 milyard 674 milyon manat proqnozlaşdırılır. DSMF büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 3 milyard 579 milyon manat təşkil edəcək. Bu da cari ildəkindən 5,3 faiz çoxdur.

 

Büdcə etibarlı maliyyə təminatı yaradacaq

 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, növbəti il üçün dövlət büdcəsinin xərclərinin təhlili göstərir ki, dövlət başçısı tərəfindən sosial sahədə müəyyən edilmiş tapşırıqların icrasını təmin etmək üçün etibarlı maliyyə təminatı olacaq.
Onun sözlərinə görə, büdcədə əksini tapmış iki yeni amil təqdirəlayiqdir. Belə ki, gələn ilin büdcəsində son illərdə azalma ilə proqnozlaşdırılmış dövlət investisiya xərclərində nəzərəçarpacaq artım proqnozlaşdırılması büdcə gəlirlərinin və iqtisadi aktivliyin gücləndirilməsində mühüm rol oynayacaq. Dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə yaradılmış publik hüquqi şəxs kimi fəaliyyət göstərən bir sıra dövlət idarəetmə təşkilatlarının saxlanmasına, eləcə də büdcədənkənar gəlir və xərclərə növbəti ildən vəsaitin nəzərdə tutulması da mühüm amildir.

 

Ayrılan vəsaitlər səmərəliliyin yüksəlməsinə müsbət təsirini göstərəcək

 

Sonra iclasda müzakirələr başlanılıb. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, son illər Azərbaycanda səhiyyə sistemində çox ciddi layihələr həyata keçirilir. Bu layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait 4,8 faiz artırılacaq.
2018-ci ilin dövlət büdcəsini Prezident İlham Əliyevin ölkə əhalisinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin bariz nümunəsi adlandıran parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, təhsil sahəsinə ayrılan vəsait tədrisin keyfiyyətinin yüksəlməsinə öz müsbət təsirini göstərəcək. Elm sahəsinə ayrılan xərclərin artırılması da dövlət başçısının elmin inkişafına göstərdiyi diqqətin təsdiqidir.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə təkliflə çıxış edərək 3 yaşına qədər uşaqları olan ailələrə verilən müavinətin artırılmasını vacib bilib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov son dövrlərdə beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərənlərin sayının artdığını vurğulayıb. Buna görə də xarici ezamiyyə məsələsinə yenidən baxılaraq onun həcminin artırılmasını təklif edib.

 

Ünvanlı sosial yardım sisteminin mexanizmi yenidən formalaşdırılacaq

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün gələn ilin büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu məbləğin 1,3 milyard manatı Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Nazirlin fikrincə, ilk dəfə olaraq büdcə zərfində Dövlət Sosial Müdafiə Fonduna transfertlər anlayışı yoxdur. Fondun büdcəsi dövlət büdcəsinin öhdəliklərindən oraya yönəldiləcək vəsait hesabına balanslaşdırılacaq. Bu da bəzi qanunlara edilən dəyişikliklərlə bağlıdır. İyun ayının 1-dən qüvvəyə minmiş dəyişikliyə görə, artıq pensiyaların maliyyələşdirilməsində dəqiq bölgü prinsipi var. Artıq pensiyanın baza, sığorta hissəsi bölünmür, ümumi məbləğ var: “Hazırda 1 milyon 330 min nəfər pensiyaçının hər birinin pensiya işi araşdırılır. Yaxın zamanlarda Nazirlər Kabinetinin xüsusi qərarı ilə hökumət komissiyası yaradılacaq. Nəzərdə tutulur ki, 6 ay ərzində 1 mln. 330 min pensiyaçının hər birinin işinə yenidən baxılacaq və hər bir pensiya işində 1992-ci ilədək nə qədər staj varsa o tapılacaq və bu stajlar üzrə ödənişlər hesablanacaq. Komissiya işini bitirdikdə tam məbləğ ortaya çıxacaq. DSMF olaraq hesablamışıq. Lakin bu borc dövlət büdcəsinin borcu olduğu üçün belə qərara gəldik ki, xüsusi komissiya yaradılsın. Düşünürük ki, 6 ay ərzində bu prosesi yerinə yetirmək olar. Bundan sonra hər ilin büdcəsində dəqiq yazılacaq ki, dövlət büdcəsinin öhdəlikləri nə qədərdir və nəyin hesabına formalaşır”.
Nazir deyib ki, hesablamalara əsasən, hazırda dövlət qulluqçularının, hərbi qulluqçuların və digər bu kateqoriyadan olanların pensiyalarına edilən əlavələr çıxıldıqda aylıq ödəmə məbləği təxminən 228 mln. manat təşkil edir. Bu il isə əməkhaqqı artımının 2017-ci illə müqayisədə 6,5 faiz təşkil edəcəyi gözlənildiyi üçün 228 mln. manatın 6,5 faizi 12 aya vurulduqda, bu, təqribən 178 mln. manat vəsait edir. Bunun da 148 mln. manatını fond öz gəlirləri hesabına təmin edə bilər. 30 mln. manatlıq hissə isə açıq qalır. Onun da dövlət büdcəsindən transfertin 30 mln. artırılması hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Buna görə də gələn il DSMF-nin büdcəsinin balanslaşdırılması üçün bu ilə nisbətən 30 mln. manat çox, yəni 1,3 milyard manat vəsait yönəldilməsi nəzərdə tutulur.
Nazir onu da bildirib ki, Azərbaycanda uşaq müavinətlərinə yenidən baxılması da nəzərdə tutulur. Ümumiyyətlə isə hazırda ünvanlı sosial yardım sisteminin mexanizminin yenidən formalaşması istiqamətində işlər aparılır.

 

Yaşayış minimumu 173, ehtiyac meyarı isə 116 manat nəzərdə tutulub

 

Sonra iclasda çıxış edən deputatlar Gövhər Baxşəliyeva, Musa Quliyev, Rafiq Məmmədhəsənov, Rəşad Mahmudov, Elmira Axundova və Şəmsəddin Hacıyev büdcə layihəsi ilə bağlı təkliflərini bildirdilər.
Sonda isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gündəlikdəki digər iki məsələ - “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikası 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri barədə məlumat verdi. Bildirdi ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilir.
2018-ci il üçün ehtiyac meyarının həddi isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 116 manat məbləğində nəzərdə tutulur. Ancaq komitə sədri bu məbləğin artırılmasının vacibliyini söyləyib. Bununla da parlamentin daha beş komitəsinin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsinə həsr olunmuş birgə iclası başa çatıb.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”