Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa çempionatının qalibi olan şahmatçılarımız Vətənə qayıdıblar

08 Noyabr 2017
Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatının qalibi olan Azərbaycan millisinin üzvləri noyabrın 8-də Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, üçqat Avropa çempionu olan şahmatçılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri gül-çiçəklə qarşılayıblar.

Qırx ölkənin milli komandasının qatıldığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov təmsil ediblər. Komandamızın rəqibləri Rusiya, Ukrayna, Moldova, İspaniya, İtaliya, Avstriya, Macarıstan və Ermənistan komandaları olub.

Komandamız ilk turda İtaliya yığmasına məğlub olmasına baxmayaraq, sonrakı turlarda Avstriya, Moldova, Çexiya, Ermənistan, Macarıstan, Rusiya komandalarına qalib gəlib, Ukrayna və İspaniya milliləri ilə heç-heçə edib.

Azərbaycan millisi bu qələbə ilə qitə birinciliklərində üçüncü dəfə qızıl medala sahib olub. Çempionatda fərdi çıxışları ilə fərqlənən şahmatçılar arasında Rauf Məmmədov, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yer alıb. Ən yaxşı nəticəni isə Rauf Məmmədov göstərib. Keçirdiyi 9 görüşdən 8 xal yığan Rauf Məmmədov dördüncü lövhədə qızıl medala sahib çıxıb. Birinci lövhədə 8 matçdan 5 xal toplayan Şəhriyar Məmmədyarov və ikinci lövhədə 5,5 xallıq nəticə göstərən Teymur Rəcəbov gümüş medala layiq görülüblər.

Xatırladaq ki, bu, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatlarında beşinci medalıdır. Şahmatçılarımız 2009-cu və 2013-cü illərdə keçirilən qitə birinciliklərində də çempion olublar. Milli komandamız ilk medalını – bürünc mükafatı 2007-ci ildə qazanıb. 2011-ci ildə təşkil olunan Avropa çempionatında isə şahmatçılarımız yalnız Almaniya yığmasından geri qalaraq gümüş medala sahib olublar.