Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın növbəti sülh və inkişaf missiyası

08 Noyabr 2017
 

Prezident İlham Əliyev Tehrandakı Zirvə görüşündə ölkəmizin barışa, qardaşlığa və mehriban qonşuluğa sadiqliyini bir daha nümayiş etdirdi

 

Pekinlə Londonu birləşdirən BTQ dəmir yolunun açılışı və Şimalla Cənub arasında iqtisadi əlaqələrin genişləndirilməsini qarşıya məqsəd qoyan İran, Azərbaycan və Rusiyanın iştirakı ilə Tehranda keçirilən üçtərəfli Zirvə görüşü ölkəmizi bir daha dünya düzəninə Qafqazda sülhün möhtəşəm bayrağını qaldırmaq gücünə qadir olan dövlət kimi təqdim etdi.
Dünyaya səs salan bu əhəmiyyətli hadisələrin fonunda Azərbaycanın sülh səyləri sübh səmasında parıldayan dan ulduzu kimi aydın görünür. Cinayətlərini qələbə kimi zavallı xalqına sırıyan işğalçı Ermənistan isə qınına çəkilərək döyüş meydanında qalxanın altına dürtülüb özünü ölülüyə vuran məğlub döyüşçüyə bənzəyir.
Əsrlər boyu Qafqaz - iki dəniz arasındakı bu region aramsız hücumlara və istilalara məruz qalıb. Erməni millətçiləri isə sırtıq kirayənişin kimi havadarlarının qanadı altında buralara soxulmamışdan çox illər öncə və sonralar da regionu bütünlükdə müharibə meydanına çevirmək üçün bütün xəyanətlərə gediblər. Avropadan tutmuş Amerikayadək istənilən qitədə istənilən supergücə donosçu, vassal kimi satılıblar. Məqsədləri də Azərbaycanın təbii sərvətlərinə sahib çıxmaq, böyük bir xalqın adını Qafqaz tarixindən silmək olub. Bunu biz söz xətrinə demirik, bunu erməni faşistlərinin Qafqazda, o cümlədən Azərbaycan ərazilərində bəşəriyyətə qarşı törətdikləri saysız-hesabsız cinayətləri, etnik təmizləmələri, soyqırımı aktları təsdiq edir. Erməni millətçilərinin nəinki Bakını ələ keçirmək, hətta bütün Azərbaycan xalqını Xəzərdən o yana, Qazaxıstan səhralarına sürgün etməyə olunan cəhdlərini təsdiqləyən tarixi sənədlər kifayət qədərdir.
Erməni faşistləri regiona müharibələrin əbədi zəncirlənməsi üçün min siyasi hiylədən keçdilər. Lakin müasir Azərbaycanın memarı, qurucusu ulu öndər ölkəmizin müstəqilliyinin möhkəmlənməsi və regionda sülhün bərqərar olmasında əvəzsiz rolunu oynadı. Onun titanik əməyi, gərgin səyləri nəticəsində Qafqazda müharibə atəşkəslə qandallandı. Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu, iqtisadi islahatlarını daha böyük əzmlə davam etdirməklə ölkənin beynəlxalq nüfuzunu gücləndirdi, Azərbaycanı müasir dünyaya sülhün, əməkdaşlığın, qarşılıqlı əlaqələrin carçısı və tərəfdaşı kimi təqdim etdi.
Bu əmin-amanlığa səbəb olan başlıca amil Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirən beynəlxalq İpək yolu, BTQ, tranzit neft-qaz kəmərləri kimi nəhəng layihələrin reallaşmasında Azərbaycanın kənar müşahidəçi kimi yox, vacib iştirakçılardan biri - əsas oyunçu qismində çıxış etməsi idi.
Məhz bu meqalayihələrlə Azərbaycan Qafqazda maraqları kəsişən, toqquşan dövlətləri bir-birinə bağladı, qarşılıqlı əməkdaşlığın uğurlu yollarını açdı. Bununla ölkəmiz müharibələrin səngimədiyi Qafqazda yeni diplomatik təfəkkürə söykənərək münaqişələrə rəvac verən maraqları uğurlu iqtisadi layihələrə çevirə bildi, qarşı duran, maraqları kəsişən və maraqlar uğrunda ciddi mübarizəyə hazır olan tərəfləri barışa çağırdı, iqtisadi əməkdaşlığa cəlb etdi.
BTQ dəmir yolunun açılışından bir neçə gün sonra Tehranda üç ölkənin - İran, Azərbaycan və Rusiyanın iştirakı ilə keçirilən Zirvə toplantısını da Azərbaycanın sülh və iqtisadi əməkdaşlıq missiyasının davamı kimi nəzərdən keçirmək lazımdır. Xatırladaq ki, bu tərkibdə birinci üçtərəfli Zirvə görüşü Bakıda keçirilmişdi və bununla üç qonşu dövlətin qarşılıqlı iqtisadi əməkdaşlığının təməli qoyulmuşdu.
Dövlət başçısı Tehrandakı Zirvə toplantısındakı çıxışında Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində İranla İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Rusiya ilə MDB, ATƏT və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivələrində uğurlu əməkdaşlığını diqqətə çatdırdı. Dövlət başçısı Ermənistanın işğalçı siyasətinin mahiyyətini açıqlayaraq buna son qoyulmasını bir daha tələb etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 20 ildən çox kağız üzərində qalmasını, bugünkü status-kvonun qəbuledilməz olmasını vurğuladı.
İlham Əliyev İran və Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələrin həcminin artdığını da bəyan etdi: “Keçənilki Zirvə görüşündən sonra İran şirkətləri Azərbaycanda avtomobil və dərman preparatları zavodlarının tikintisinə iri həcmdə sərmayələr qoymuşdur. Rusiya şirkəti isə daha bir dərman preparatları zavodunun tikintisinə böyük sərmayə yatırır. Azərbaycan da öz növbəsində hər iki ölkəyə sərmayə qoyuluşunu artırır. Bu sərmayə layihələri qarşılıqlı dostluğun və inamın təzahürüdür. Üç ölkə arasında əlaqələrin uğurlu inkişafının nəticəsi olaraq biznes dairələri də daha inamla sərmayə qoymağa başlamışlar. Ümid edirəm ki, bugünkü Zirvə görüşü də ölkələrimizin biznes dairələrinin daha da ruhlandırılmasına və qarşılıqlı sərmayə qoyuluşunun artırılmasına xidmət edəcək”.
İran həm Bakı, həm də Tehran görüşlərini yüksək dəyərləndirməklə üç ölkə arasında, o cümlədən Asiya ilə Avropa arasında tranzit məsələsini önə çıxardı. Qeyd olundu ki, Bəndər-Abbas limanı Helsinkiyə Azərbaycan, Rusiya, Şərqi və Şimali Avropadan keçməklə Avropa ilə Asiyanı birləşdirməlidir. Xəzər sahili ölkələr bu dənizin sülh imkanlarından faydalanmalıdır. İran həmçinin Avrasiya İttifaqı ilə əlaqələri genişləndirməkdə maraqlıdır. Azərbaycan və Rusiya ilə ikitərəfli və üçtərəfli ticari mübadilələr, milli valyutalardan istifadə imkanları da İran üçün önəmli məsələdir.
Azərbaycanın Rusiya ilə İran arasında yerləşən nadir imkanları bizə Şimalla Cənub arasında sülh və əməkdaşlıq körpüsü kimi çıxış etməyə, iqtisadi əlaqələri daha da inkişaf etdirməyə imkan verir. Üç ölkə arasında ticarət dövriyyəsi ildən-ilə artır. Azərbaycan öz dəmir yolunun İran sərhədinə qədər qalan hissəni inşa edib, Astaraçay üzərində tikilən körpüdən bu ilin mart ayında birinci qatarı yola salıb. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan hissəsi istismara hazırdır, İran və Azərbaycan arasında Astara-Rəşt dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı razılaşmalar əldə edilib. Faktiki olaraq Azərbaycan Rusiya ilə İran arasında bağlılıq yaradan, iqtisadi əlaqələrin inkişafına təkan verən körpüdür.
Rusiya da üçtərəfli formatın müzakirə etdiyi mühüm məsələlərin hər üç xalqa fayda gətirəcəyinə əmindir. Şimal-Cənub dəhlizi artıq sınaq rejimində işləyir. Ötən il Hindistandan İran vasitəsilə Rusiyaya və digər ölkələrə yüklər göndərilib. Rusiya belə hesab edir ki, hər üç dövlət iri karbohidrogen istehsalçıları kimi rəqabət aparmalı deyil, əksinə səylərin əlaqələndirilməsini önə çəkməli, daxili logistikanı inkişaf etdirməlidirlər. Rusiya üçün hər iki ölkə ilə digər sektorlarda - humanitar, təhsil, səhiyyə sahələrində əlaqələrin inkişaf etdirilməsi zəruridir.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”