Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Payızlıq taxıl əkini mütəşəkkil gedir

08 Noyabr 2017
 

Payızın soyuq nəfəsi artıq hiss edilir. Ağacların saralmış yarpaqları meh əsən kimi yerə tökülərək xəzəl olur. Kənd adamlarının payız fəslində də qayğıları, işi-gücü başından aşır.

Fermerlər, torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları yığıb qurtarmağa tələsirlər. Bu günlər kəndlinin ən ümdə qayğılarından biri gələn ilin taxılını optimal müddətdə, aqrotexniki tələblər səviyyəsində səpməkdən ibarətdir.

 

Cəlilabad

 

Cəlilabad iri taxılçılıq rayonudur. Buğda istehsalına burada həmişə böyük diqqət və qayğı olmuşdur. 1941-1945-ci illər müharibəsi dövründə təkcə cəlilabadlıları deyil, bütün cənub rayonlarının əhalisini aclıqdan buranın taxılı xilas etmişdir. Bu əvəzsiz nemətin yüzlərlə qabaqcıl istehsalçısı keçmiş SSRİ-nin ali mükafatlarına, bəziləri isə o zaman ən yüksək ad hesab edilən Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər.

Cəlilabadda bu gün də digər kənd təsərrüfatı məhsulları - üzüm, kartof, qarğıdalı, çiyələk, noxud və digər bitkilərlə yanaşı, taxılçılığa da böyük önəm verilir. Təkcə bu mövsüm 57 min 10 hektardan 160 min 483 ton taxıl biçilmiş, arpa, vələmir zəmilərindən də yaxşı məhsul əldə edilmişdir. Torpaq mülkiyyətçilərindən Lətif Ağayev, Bəylər Əzizov, Şahin və Fərzi Feyziyevlər, eləcə də bir çox başqaları hər hektardan 40-45 sentner buğda götürmüşlər.

Cəlilabadlılar taxılçılıq sahəsində zəngin təcrübəyə malikdirlər. Onlar yaxşı bilirlər ki, əkini vaxtında - yağışlar düşməzdən əvvəl aparmaq lazımdır. Çünki cənub bölgəsinə yağan yağışlar bəzən günlərlə davam edir. Digər tərəfdən, səpin vaxtında aparıldıqda payızın yağışı sahələrdə toxumun tam çıxışını təmin edir. Bunu nəzərə alaraq taxılçılar payızlıq əkini başa çatdırmaq üzrədirlər. Yalnız dağlıq ərazilərdə müəyyən qədər əkilməyən sahələr qalmışdır. Bütövlükdə rayon üzrə bu ilin payızında 53 min hektarda taxıl əkilməsi planlaşdırılmışdır. Bunun 45 min hektarı buğda, 5 min hektarı arpa, 3 min hektarı vələmir olacaq. Onu da qeyd edək ki, buğda əkinində azalma var. Buna səbəb keçən ildən etibarən noxudun yaxşı qiymətə satılmasıdır, yəni torpaq mülkiyyətçiləri taxıl əkinini müəyyən qədər azaltmaqla noxud sahələrini genişləndirir.

Səpin zamanı “Atilla”, “Mirbəşir” buğda, “Cəlilabad” arpa sortlarına daha çox üstünlük verilir.

 

Biləsuvar

 

Biləsuvarlıların da çörəyi torpaqdan çıxır. Sovet hakimiyyəti süquta uğrayanda, kolxoz və sovxozlar ləğv olunanda da biləsuvarlılar əkin-biçini atmadılar. Əksinə, başladılar bu işləri genişləndirərək istədikləri, daha sərfəli bitkiləri əkib-becərdilər.

Lakin pambıqçılığa diqqətin azalması heç də onların ürəyincə deyildi. Bilirdilər ki, pambıq yaxşı gəlir gətirməklə yanaşı, həm də digər bitkilər üçün əvəzsiz sələfdir, torpağı saflaşdırır, bitkiləri bir çox xəstəliklərdən qoruyur. Pambıqçılığın dirçəldilməsi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı dövlət proqramını biləsuvarlılar rəğbətlə qarşıladılar. Keçən il əkib-becərdikləri sahələrdən bol məhsul əldə etdilər. Bu il rayonda 11 min 356 hektarda pambıq əkilmişdir. Hazırda sahələrdən hər gün 500-600 ton pambıq yığılır. 

Bununla yanaşı, payızlıq taxıl əkini də mütəşəkkil keçir. Rayon üzrə 21 min hektara toxum səpilməsi planlaşdırılır ki, bunun da 10 min hektarı buğda, 11 min hektarı arpa olacaq. İndiyədək 9 min hektara arpa, 4 min hektardan çox sahəyə buğda əkilmişdir. Əkində əsasən “Cəlilabad-19”, “Qarabağ-22” buğda, “Murov-2”, “Taleh-28”, “Qobustan”, “Əzəmətli-95”, “Fatimə”, “Zirvə-85” arpa çeşidlərindən istifadə edilir.

Rayonda 7 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Arpa və buğda toxumunun 25 faizini onlar istehsal edirlər. Torpaq mülkiyyətçilərindən Rüstəm Əzizov bu il 56 hektardan 152 ton arpa və buğda, Yusif Zeynalov 135 hektardan 315 ton, Telman Əliyev 60 hektardan 92 ton, Valeh Seyfiyev 40 hektardan 160 ton buğda toxumu götürərək münasib qiymətə satmışlar. Toxumçuluqla məşğul olan digər fermerlərdən Etibar Əcəmov, Fərqanə Nəzərova, Mirsahib Zəkiyev də yaxşı nəticələr əldə etmişlər.

Əkin zamanı sahələrə amofos gübrəsi verilir. Toxumları göbələk xəstəliyindən qorumaq üçün isə Türkiyə istehsalı olan “Könül” və “Rubin” preparatlarından istifadə olunur.

 

Hacıqabul

 

Rayonun taxılçıları bu il 14 min 409 hektardan yüksək məhsul əldə etmişlər. Nümunəvi qulluq nəticəsində buğda əkilən 7 min 478 hektardan 24 min 136 ton, 6 min 931 hektar arpa sahəsindən 20 min 725 ton məhsul götürülmüşdür. Buğdanın orta məhsuldarlığı 32,3, arpanınkı 29,9 sentner olmuşdur.

Hacıqabullular taxıl əkini sahələrini keçən ilə nisbətən bu il 2 dəfədən çox artıraraq 37 min hektara çatdırmağı qərara almışlar. İndiyə kimi 23 min hektardan artıq sahədə əkin aparılmışdır. Keçən illə müqayisədə səpin işləri daha sürərlə gedir. Əkində əsasən birinci reproduksiyadan olan “Qızılgül”, “Murov-2”, “Qobustan”, “Azəri” buğda, “Cəlilabad-19”, “Qarabağ-22” arpa toxumu növlərindən istifadə olunur.

 

Seyran CAVADOV,

“Azərbaycan”