Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Göygöldə 9 ayda 40,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub

08 Noyabr 2017
 

Ölkənin aqrar sektorunda qazanılan nailiyyətlərdə Göygöl rayonunun da payı var. Göygöllülər təbiətin törətdiyi çətinliklərə baxmayaraq, cari ildə də yüksək göstəricilərə nail olmuş, bir çox sahələr üzrə keçənilki göstəriciləri üstələmişlər.

Rayon icra hakimiyyətinin başçısı Arif Seyidov deyir ki, dövlət başçısının avqust ayında Göygölə səfəri və rayon sakinləri ilə keçirdiyi görüşdə verdiyi tapşırıq və tövsiyələr işimizə stimul vermişdir. “Dövlət başçısının rayonumuzda görülən işlərə yüksək qiymət verməsi, rayonun gələcək inkişafının istiqamətlərini bir daha bəyan etməsi insanların gələcəyə inamını və qurub-yaratmaq əzmini daha da artırmış, onları yeni qələbələrə ruhlandırmışdır. Bunu ilin ötən ayları ərzində qazanılan uğurlar da sübut edir. Belə ki, cari ilin 9 ayında rayon üzrə 40,6 milyon manatlıqdan çox kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövründəkindən 1,7 milyon manat çoxdur. Rayonda ət istehsalı 21,2, süd istehsalı 137,9 ton, yumurta istehsalı 3,6 min ədəd artmışdır.

Cari ildə 189 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 70 faiz güzəştlə 408,4 ton mineral gübrə satılmış, 1359 nəfər istehsalçıya buğda əkininə, yanacaq və motor yağlarının dəyərinin 5 faizi ödənilməklə 629,6 manat məbləğində yardım verilmişdir.

Son illər Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən tədbirlər neft gəlirlərindən asılılığı müəyyən qədər azaltmışdır. Xüsusilə ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının bu azalmada payı daha çoxdur.  Bu baxımdan rayonda iqtisadi cəhətdən səmərəli olan şəkər çuğundurunun istehsalına maraq xeyli artmış, nəticədə yüksək göstəricilərə nail olunmuşdur. Hələlik 2300 ton şəkər çuğunduru istehsal olunub. Yığım davam edir.

Məlum məsələdir ki, kənd təsərrüfatı məhsullarının yetişdirilməsində suvarmanın böyük əhəmiyyəti var. Odur ki, rayonda əkin sahələrinin suvarma suyu ilə təmin edilməsində mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, 132 subartezian quyusunda cari, 11 quyuda əsaslı təmir işləri aparılmışdır. Ölkə rəhbərinin sərəncamına əsasən, Quşqara kəndində 3, Qırıqlı kəndində 2, Bəhrəmbağ qəsəbəsinin, Yeni Qızılca və Balçılı kəndlərinin hərəsində 1  subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.

Rayonda əhalinin məşğulluğunun təmin olunması istiqamətində də bir sıra məqsədyönlü işlər həyata keçirilmişdir. Bu sahədə müsbət nəticələrin əldə olunması üçün sahibkarlığın inkişafına diqqət xeyli artırılmışdır. 16 sahibkara 187 min manat güzəştli kredit verilmişdir ki, bunun da nəticəsində yaradılmış yeni istehsal sahələrində 234 iş yeri açılmışdır.

Yol infrastrukturunda başlanan yenidənqurma işləri də davam edir. Cari ildə avtomobil yollarına 12080 kvadratmetr asfalt örtük salınmış, Göygöl-Topalhəsənli, Aşıqlı-Toğanalı və Yeni Zod-Sarısu kənd avtomobil yollarında abadlıq işləri görülmüşdür.

 

S.ƏLİYEV,

“Azərbaycan”