Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sabirabad kəndlisinin sudan korluğu olmayacaq

08 Noyabr 2017
 

Dövlət başçısının tapşırığı ilə çəkilən “H” kanalı Muğan düzünə yeni həyat verir

 

Sabirabad ölkənin geniş imkanlara malik kənd təsərrüfatı rayonlarındandır. Buradakı potensialdan səmərəli istifadə etmək üçün həyata keçirilən məqsədyönlü tədbirlər təqdirəlayiqdir. Prezident İlham Əliyevin sədrliyi ilə Sabirabadda keçirilən ilk respublika müşavirəsi pambığa yeni münasibətin təməlini qoydu, bu strateji sahəni inkişaf etdirmək yolunda yaşıl işıq yandırıldı.

Aqrar sektorun inkişafı istiqamətində atılan ilk addımların nəticəsi özünü çox gözlətmədi. Dövlətin bu sahəyə artan dəstəyi kənd əməkçilərinin əl-qolunu açdı, onlarda pambığa marağı artırdı. Beləcə, bu sahədəki artım artıq faizlərlə deyil, dəfələrlə hesablanır.

Bu il rayonun təsərrüfatlarında 15.055 hektar sahədə pambıq əkilmiş, aqrotexniki tələblərə ciddi əməl olunmaqla tarlalarda bol məhsul yetişdirilmişdir. Hazırda məhsul yığımı davam edir. Noyabrın 1-nə olan məlumata görə, qəbul məntəqələrinə 14 min tondan çox pambıq təhvil verilmişdir. Becərmə dövründə irili-xırdalı problemlər, müəyyən çətinliklər yaranmasaydı, tədarük məntəqələrində sıralanan pambıq tayalarının sayı daha çox olardı.

Bu il Sabirabad pambıqçılarının ən böyük problemi isə su təminatı ilə bağlı oldu. Moranlı kənd sakini Vaqif Abbasov bu barədə belə dedi:

- Bu il 39 hektar sahədə pambıq əkmişik. Su sarıdan çox korluq çəkdik. Tarlaları bircə dəfə suvara bildik. Bu səbəbdən məhsuldarlıq xeyli aşağıdır. Yayın quraq keçməsi, Arazda suyun olmaması çox çətinliklər yaratdı. Amma ruhdan düşməmişik. Prezidentin tapşırığı ilə bizim ərazilərə yeni suvarma kanalı çəkilir. Bu, bizim kəndlər üçün böyük işdir. Torpaqlarımız çox münbitdir, sudan korluq çəkməsək, məhsulumuz aşıb-daşar.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında demişdir: “İnfrastruktur layihələri arasında meliorasiya məsələləri indi ön plandadır. Bu layihələrin icrası artıq öz səmərəsini verib. Bu il nəzərdə tutulub ki, 150 min hektar yeni sahəyə suyun verilməsi təmin edilsin və biz bu hədəfə çatmalıyıq. Çələn il isə ən azı bu günə qədər suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir ki, bu proses daha sürətlə getsin. Beləliklə, suvarılan torpaqların həcmi hər il artacaq. Bu da, təbii ki, özlüyündə kənd təsərrüfatının sürətli inkşafını təmin edəcək”.

Dövlət başçısının tapşırığına əsasən, rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli və digər kəndlərin suvarma təminatının yaxşılaşdırılması üçün mənbəyini Kür çayından götürən, uzunluğu 27 kilometr olan “H” kanalının çəkilməsinə başlanılmış və birinci mərhələdə 7,8 kilometr uzunluqda kanal istifadəyə verilmişdir. Kanalın qalan 19,2 kilometrlik hissəsinin çəkilişi ilə bağlı tədbirlər görülür.

Sabirabad Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov yeni  layihənin əhəmiyyətindən danışaraq dedi ki, Sarxanbəyli, Moranlı, Balahəşimxanlı və Əliləmbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün “H” kanalının yenidən qurulması bölgədə kənd təsərrüfatının inkişafına əsl dövlət dəstəyidir. Bu layihənin həyata keçirilməsində məqsəd 11498 hektar ərazinin su təminatını yaxşılaşdırmaqdır. Birinci mərhələdə Kür çayı üzərində 4 aqreqatlı tərpənməz nasos stansiyası quraşdırılmışdır. Nasos saniyədə 10 kubmetr  su vurmaq gücünə malikdir. Builki suvarma mövsümündə əkinlərə bir aqreqat vasitəsilə su verilmişdir. Kanalın 7,8 kilometrlik hissəsi dəmir-beton üzlüklə üzlənmişdir. Birinci mərhələdə görülmüş işlər hesabına 4 min hektar əkin sahəsinin su təminatı yaxşılaşmışdır. Layihənin ikinci mərhələsində nəzərdə tutulan təmir-tikinti işlərinə hazırlıq görülür.

Bəli, çox çəkməyəcək, sudan korluğa son qoyulacaq, bu yerlərin hər qarışından səmərəli istifadə olunacaq.

 

Lazım QULİYEV,

“Azərbaycan”