Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İordaniya mətbuatı Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə yazıb

07 Noyabr 2017
Böyük tarixi və strateji əhəmiyyətli layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimi İordaniya mətbuatında da geniş işıqlandırılıb.

İordaniyanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Krallığın “Əmman əl-Urduniyyə” saytında və “Əş-Şahid” qəzetində bu dəmiryolu layihəsi barədə məqalələr dərc edilib.

Məqalələrdə 2017-ci il oktyabrın 30-da keçirilmiş mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayevin, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin iştirak etdiyi vurğulanır. Qeyd olunur ki, təxminən 850 kilometr uzunluğu olan dəmir yolunun 504 kilometri Azərbaycan, 259 kilometri Gürcüstan, 76 kilometri Türkiyə ərazisindən keçir və bu yol vasitəsilə ilkin mərhələdə 5 milyon ton yük və bir milyon sərnişin, sonrakı mərhələdə 17 milyon ton yük və üç milyon sərnişin və daha sonralar isə daha böyük həcmdə yük və sərnişin daşınması nəzərdə tutulur.

Həmçinin məqalələrdə Prezident İlham Əliyevin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimindəki çıxışından sitatlar gətirilib. Dövlətimizin başçısının bu xəttin Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrildiyi və bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasında ticarət dövriyyəsi ilə yanaşı, qarşılıqlı sərmayə qoyuluşunun da artacağı, bu yoldan istifadə edən bütün ölkələr arasında əməkdaşlığın dərinləşəcəyi, habelə Bakı-Tbilisi-Qars dəmir yolunun sabitliyə və təhlükəsizliyə xidmət göstərəcəyi barədə fikirləri xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəsi zamanı turizmin inkişafının da geniş vüsət alacağına, turistlərin sayının artacağına, ölkələrimizin geosiyasi əhəmiyyətinin yüksələcəyinə, biznesin inkişafı və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə imkanlar yaranacağına əminliyini ifadə edib.