Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gələn ilin dövlət büdcəsi ölkəmizdə sosial-iqtisadi inkişafın davamlılığını təmin edəcək

07 Noyabr 2017
Noyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət,  İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirildi. İclasda  respublikamızın 2018-ci il dövlət büdcəsi haqqında məsələyə baxıldı.

 

Dövlətin prioritetləri dəyişməzdir

 

İclası aparan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə hər bir ölkədə dövlət büdcəsi layihəsinin müzakirəsinin maraqla qarşılandığını dedi. Onun sözlərinə görə, qlobal risklər şəraitində ölkəmizin gələn ilin dövlət büdcəcinin layihəsi mükəmməl və şəffaf hazırlanıb. Müzakirə zamanı səslənəcək təkliflər isə imkanlar daxilində nəzərə alınacaq.

Maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsinin layihəsi ilə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, növbəti ilin büdcə layihəsi dünya və Azərbaycan iqtisadiyyatında gözlənilən meyillərin təhlili əsasında hazırlanıb.  Büdcə layihəsinin tərtibi zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2018-2021-ci illər üzrə makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən 2018-ci ildə ÜDM-in 1,5 faizlik, qeyri-neft ÜDM-in isə 2,9 faizlik artım sürəti əsas kimi qəbul edilib. Dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün 1 barel xam neftin satış qiyməti 45 ABŞ dolları səviyyəsində götürülüb.

Prezident İlham Əliyev qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafını, bu sahənin ÜDM-də və  büdcə gəlirlərində xüsusi çəkisinin artırılmasını, kiçik və orta sahibkarlıq fəaliyyəti üzrə stimullaşdırıcı vergi islahatlarının davamlılığını, azad rəqabət mühitinin inkişaf etdirilməsini, investisiya qoyuluşunun təşviqinin genişləndirilməsini 2018-ci ildə hökumətin prioritet vəzifələri kimi müəyyənləşdirib. 2018-ci ilin  dövlət büdcəsi hazırlanarkən bu vəzifələrin icrası ilə əlaqədar maliyyə təminatının yaradılmasına, ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsinə, kənd təsərrüfatı istehsalının stimullaşdırılmasına, elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman sektorlarının maddi-texniki təminatının daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin artırılmasına, habelə beynəlxalq öhdəliklərimizin, ilk növbədə, beynəlxalq təşkilatlara üzvlük haqlarının maliyyələşdirilməsinə üstünlük verilib.

 

Gəlirlər 20 faiz artır

 

2018-ci il ücün dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3 milyard 361 milyon manat və yaxud 20 faiz, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 2 milyard 621,2 milyon manat və yaxud 15 faiz çoxdur.

Neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 55,1 faiz və ya 11 milyard 96 milyon manat nəzərdə tutulur. Neft sektoru üzrə büdcə gəlirlərinin 83,1 faizini və ya 9 milyard 216 milyon manatını Dövlət Neft Fondundan transfertlər, 16,9 faizini və ya 1 milyard 880 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək. Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda ADRNŞ üzrə büdcə ödənişləri 1 milyard 380 milyon manat və Azərbaycan Beynəlxalq Əməkdaşlıq Şirkəti mənfəət vergisi 500 milyon manat nəzərdə tutulur.

Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 44,9 faiz və ya 9 milyard 31 milyon manat nəzərdə tutulur. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 205 milyon manat və ya 2,3 faiz çoxdur. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 66,7 faizini və ya 6 milyard 27 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 26,9 faizini və ya 2 milyard 430 milyon manatını Dövlət Gömrük Komitəsindən daxilolmalar, 6,4 faizini və ya 574 milyon manatını digər gəlirlər təşkil edəcək.

 

Xərclər bütün sahələri əhatə edir

 

2018-ci ilin dövlət büdcəsinin xərcləri 20 milyard 905,7 milyon manat proqnozlaşdırılır. Bu, 2017-ci illə müqayisədə 2 milyard 964,7 milyon manat və ya 16,5 faiz, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3154,4 milyon manat və ya 17,8 faiz çox deməkdir. Gələn il üçün dövlət büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisi 30,1 faiz təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 3,8 faiz çoxdur.

Əvvəldə qeyd edildiyi kimi, 2018-ci ilin dövlət büdcəsinin xərclərinin tərtibi zamanı ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən kənd təsərrüfatının stimullaşdırılması, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrinin həyata keçirilməsi, ölkədə məşğulluğun səviyyəsinin yüksəldilməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, beynəlxalq təşkilatlara üzvlük haqları və dövlət borcuna xidmətlə bağlı məsələlərin maliyyə təminatı diqqətdə saxlanılıb.

2018-ci il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 51,5 faizi həcmində və ya 10 milyard 769,5 milyon manat (əvvəlki ilə nisbətən 137,4 milyon manat və ya 1,3 faiz az), əsaslı xərclərə ümumi xərclərin 37,7 faizi həcmində və ya 7 milyard 873,4 milyon manat (əvvəlki ilə nisbətən 2481,1 milyon manat və ya 46 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 10,8 faizi həcmində və ya 2 milyard 262,8 milyon manat (əvvəlki ilə nisbətən 621 milyon manat və ya 37,8 faiz çox) vəsait yönəldiləcək. 2018-ci ildə dövlət büdcəsi xərclərinin 8 milyard 512,8 milyon manatı və ya 40,7 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Bu  da 2017-ci illə müqayisədə 3 milyard 264,1 milyon manat və ya 62,2 faiz çoxdur.

2018 -ci ildə də dövlət büdcəsinin sosialyönümlüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi əsas prioritet istiqamət olaraq saxlanılacaq. Belə ki, 2018-ci il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 33,5 faiz olmaqla, 7 milyard 4,8 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 147,9 milyon manat və ya 2,2 faiz çoxdur.

Gələn il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5 milyard 371,7 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2017-ci ilə nisbətən 80,8 milyon manat və ya 1,5 faiz çoxdur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,7 faiz təşkil edəcək.

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2018-ci il dövlət büdcəsi xərclərinin 19,5 faizi həcmində və ya 4068,3 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2017-ci illə müqayisədə 202,4 milyon manat və ya 5,2 faiz çoxdur.

2018-ci ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 650,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilə nisbətən 3,7 milyon manat və ya 0,6 faiz çoxdur.

Azərbaycan Respublikasının 2018-ci il icmal büdcəsinin gəlirləri 23 milyard 223,2 milyon manat və ya əvvəlki ilə nisbətən 246 milyon manat (1,1 faiz) çox, xərcləri 26 milyard 674,1 milyon manat nəzərdə tutulur. İcmal büdcənin tərkib hissəsi olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılır. Bu da əvvəlki ilə nisbətən 178,8 milyon manat və ya 5,3 faiz artıqdır.

 

Növbəti illərin proqnozları nikbindir İqtisad

 

iyyat nazirinin müavini Sevinc Həsənova 2018-ci il və növbəti 3 il üçün iqtisadi inkişaf proqnozları barədə məlumat verdi. Qeyd etdi ki, bu dövrlər üçün iqtisadi inkişaf konsepsiyasında strateji məqsədlər fiskal dayanıqlığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi ilə makroiqtisadi sabitliyin təmin olunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və diversifikasiyasının sürətləndirilməsi, insan kapitalının inkişafı və əhalinin həssas qruplarının təminatının daha da yaxşılaşdırılmasıdır. İqtisadi meyillər nəzərə alınmaqla növbəti illərdə inflyasiyanın birrəqəmli olması və iqtisadi artımın sürətlənəcəyi proqnozlaşdırılır. Belə ki, qeyri-neft sektorunda 2018-ci ildə 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım gözlənilir. Qeyri-neft sektorunun artırıcı tədbirləri nəzərə alınmaqla 2018-ci ildə ÜDM-in 1,5, növbəti illərdə isə orta hesabla 3,5 faiz artacağı proqnozlaşdırılır.

2018-2021-ci illərdə qeyri-neft sənayesi üzrə orta hesabla 7,3 faizlik artım proqnozlaşdırılır. Aqrar sahədə isə 2018-ci ildə 6,2 faiz, növbəti 3 ildə orta hesabla 6 faiz artım gözlənilir. Turizm sektorunun gələn il 6,6 faiz, növbəti 3 ildə isə orta hesabla 6 faizdən çox artacağı proqnozlaşdırılır. İKT sektorunda növbəti illərdə dinamik inkişaf gözlənilir: gələn il 5,1 faiz, növbəti illərdə 6 faizdən yuxarı artım olacaq.

Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun büdcə layihəsi ilə bağlı rəyini diqqətə çatdırdı. Qeyd etdi ki, dövlət büdcəsi layihəsi müəyyən edilmiş zaman çərçivəsində və qanunvericiliklə təsbit olunmuş tələblərə uyğun hazırlanıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirdi ki, neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar gəlirlərin azalması şəraitində belə, Dövlət Neft Fondunun dövlət və icmal büdcəyə ayırmaları tam və vaxtında icra olunur. Bu da makro və fiskal sabitliyin, dayanıqlılığın təmin olunmasına öz töhfəsini verir.

Sonra müzakirələr başladı. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov büdcə layihəsinin strukturu və Milli Məclisin büdcəsi ilə bağlı təkliflərini bildirdi.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov gələn il üçün kənd təsərrüfatı ilə bağlı olan sahələrə ayrılan xərclərin artırılmasını müsbət qiymətləndirdi.

Deputatlardan Vahid Əhmədov, Aydın Hüseynov, Zahid Oruc, Əli Məsimli də büdcə layihəsi ilə bağlı təkliflərini bildirdilər. Maliyyə naziri deputatların fikirlərinə aydınlıq gətirdikdən sonra gələn ilin büdcə layihəsi ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olundu.

 

Rəşad CƏFƏRLİ,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”