Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Növbəti tarix Yunanıstanda yazıldı

07 Noyabr 2017
 

Şahmatçılarımız 3-cü dəfə Avropa çempionu oldular

 

Ötən gün Azərbaycanın idman tarixinə daha bir möhtəşəm qələbə yazıldı. Kişilərdən ibarət şahmat yığmamız Yunanıstanda təşkil edilən Avropa çempionatında qızıl medal qazandı.

Sayca 3-cü dəfə Avropa çempionu olan zəka sahiblərimiz həm ölkə, həm də qitənin şahmat tarixində yeni qızıl səhifə açdılar. Belə ki, son 10 ildə kişi şahmat komandamız  6 qitə çempionatında iştirak edib və bu turnirlərin 5-ində medal qazanıb. Bu müddət ərzində milli komandamız 3-cü dəfə qitə çempionu olub. İndiyədək Avropanın heç bir ölkəsi son 8 ildə belə bir nəticə göstərə bilməyib.

Xatırladaq ki, şahmatçılarımız ilk çempion titulunu 2009-cu ildə Serbiyada keçirilən Avropa çempionatında qazanmışdı. Komandamızın heyətində yer alan Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov rəqiblərini üstələyərək qızıl medallara sahib çıxdılar. Bu qələbə komanda idmanı növlərində Azərbaycanın ilk ciddi uğuru kimi tarixə düşdü. Komandamız 2-ci çempionluq sevincini isə 2013-cü ildə Polşada  yaşamışdı. Varşava şəhərində təşkil edilən turnirdə qrossmeysterlərimiz uğurla çıxış edərək 2-ci dəfə çempion olmuşdular.

Növbəti tarix isə Yunanıstanın Krit adasında yazıldı. Turnirin 9-cu turunda komandamız Ukrayna yığması ilə görüşüb. Oyun 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Yuri Kuzubov görüşləri heç-heçə yekunlaşıb. Bununla da, şahmatçılarımız turniri 14 xalla başa vurublar.

Sonuncu turda Almaniya yığmasını 3:1 hesabı ilə məğlub edən Rusiya komandası da xallarını 14-ə çatdırıb. Əlavə əmsallara görə yekunda Azərbaycan yığması turnir cədvəlində ilk yeri tutaraq Avropa çempionu adını qazanıb. Rusiya ikinci, Ukrayna komandası üçüncü yeri tutub.

Beləliklə, şahmatçılarımız 3-cü dəfə Avropa çempionu olmaqla həm də Azərbaycanın intellektual potensialını növbəti dəfə  nümayiş etdiriblər.

Qitənin ən güclüsü adını qazanan millimizdə ən yaxşı nəticəni Rauf Məmmədov göstərib. O, keçirdiyi 9 görüşdə 8 xal toplamaqla, turnirin ən uğurlu “zəka sahibi” seçilib və 4-cü lövhədə qızıl medala yiyələnib. Birinci lövhədə 8 matç keçirib 5 xal yığan Şəhriyar Məmmədyarovla ikinci lövhədə 5,5 xala malik Teymur Rəcəbov isə gümüş medal qazanıblar.

Mükafatlanıdırma mərasimindən sonra komandamızın heyətində ən yaxşı nəticə göstərən Rauf Məmmədov mətbuata verdiyi açıqlamasında bildirib ki, ötən il Bakıda keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında istənilən səviyyədə çıxış edə bilmədikdən sonra bu çempionluq çox önəmlidir: “Əlbəttə, sevinirik. Bu dəfə qızıl medal qazanmaqla yenidən göstərdik ki, Azərbaycan çox güclü şahmat ölkəsidir. Etiraf edim ki, daha çox Ermənistan üzərində qələbəyə sevindik. Məhz o qələbədən sonra çempionluq yolumuz açıldı. Hamımız çalışdıq ki, üçüncü dəfə qitə çempionu olaq. 8-ci turda Rusiyaya tam üstünlüklə qalib gəldik və o görüşün nəticəsi çempionluğa bərabər oldu. Həmin görüşə gün ərzində hazırlaşmaq və necə oynamaq çox önəmli idi.  Onu da əlavə edim ki, 3-4 görüşüm 6 saatadək davam etdi. Şəxsi turnirlərdə oynamaq bir az rahatdır. Lakin yığmada çıxış etdikdə sonadək oynamaq lazımdır. Bu turnirdə mənə kapitanımız Eltac Səfərli və 2013-cü ildə ikinci dəfə Avropa çempionluğu qazandığımız vaxt kapitanımız olmuş Aleksandr Xalifman kömək edirdi. Eltac həm komandamızın ürəyi, həm beyni, həm də ilham mənbəyi idi”. 

Komandamızın üzvü Şəhriyar Məmmədyarov isə qeyd edib ki, şahmat üzrə Avropa çempionatı Olimpiadadan daha da çətindir: “Bütün iddialı rəqiblərlə qarşılaşmalarda əzmkarlıq nümayiş etdirərək qalib gəldik. Qısa zaman ərzində üçüncü dəfə baş mükafata yiyələndik. Bu, inanılmaz nəticədir. İlk oyunda İtaliyaya uduzandan, üçüncü partiyada ispanlarla heç-heçə edəndən sonra hamı elə bilirdi ki, Azərbaycan mübarizədən kənarlaşacaq. Amma ardıcıl 5 qələbədən sonra nəyə qadir olduğumuzu bir daha nümayiş etdirdik”.

 

E.CƏFƏROV,

“Azərbaycan”