Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Avropa İttifaqının regiondakı ən böyük ticarət və investisiya tərəfdaşıdır

07 Noyabr 2017
Azərbaycan Avropa İttifaqının regiondakı ən böyük ticarət və investisiya tərəfdaşıdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildiriblər ki, bunu qurumun icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyəti ilə görüşündə deyib. İcraçı direktor qeyd edib ki, Azərbaycan Avropa İttifaqının regiondakı ən böyük ticarət və investisiya tərəfdaşıdır: "Eyni zamanda, Bakı-Tbilisi-Qars və Astara-Astara dəmiryolu xətləri, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avropa İttifaqı üçün əhəmiyyətli olan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafına töhfə verəcək".

Vüsal Qasımlı Azərbaycanda aparılan islahatların biznes mühitini yaxşılaşdırdığını qeyd edərək, ölkəmizin "Doing Business 2018" hesabatında 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlməsini və bununla da Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri olmasını vurğulayıb.

Müzakirələr zamanı hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Estoniyanın Avropa İttifaqı Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reynhold Avropa İttifaqı rəhbərliyi və görüşdə iştirak edən səfirlər adından bildirib ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çox müsbət şəkildə inkişaf edir. Azərbaycanda iqtisadi islahatlar və rəqəmsallaşma sahəsində əldə edilən nailiyyətlər xüsusi önəm daşıyır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas vurğulayıb ki, müxtəlif ölkələrdən olan səfirlərin səfəri müddətində əməkdaşlıq üçün yeni imkanlar yarana bilər.

Görüşün sonunda Strateji Yol xəritələri, "Azexport", Rəqəmsal Ticarət Qovşağı və "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi barədə suallar cavablandırılıb.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.