Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nazir: Əfqanıstan hökuməti Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərir

07 Noyabr 2017
Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başlaması və Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya yeni tranzit dəhlizinin açılmasına Əfqanıstan hökuməti çox böyük maraq göstərir.

Bu fikri ölkəmizdə səfərdə olan Əfqanıstanın maliyyə naziri Əklil Əhməd Hakimi AZƏRTAC-a müsahibəsində deyib.

Nazir Əklil Əhməd Hakimi qeyd edib ki, son zamanlar iki ölkənin dövlət başçılarının əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi istiqamətində apardığı danışıqların nəticəsidir ki, biz bu əlaqələri inkişaf etdirə bilirik.

“Bir sıra məsələləri müzakirə etmək üçün iqtisadiyyat naziri Şahin Mustafayevin dəvəti ilə Azərbaycana səfərə gəldim. Səfərimin məqsədi Əfqanıstan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində danışıqlar aparmaqdır. Ötən illər ərzində Azərbaycan müxtəlif sahələrdə - təhlükəsizlik, təlim və s. Əfqanıstanı dəstəkləyib. Əfqanıstan dövləti adından Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm. Səfər çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində hər iki ölkənin gələcəyinə mənfəət gətirən məsələləri müzakirə edəcəyik. Biz iqtisadiyyat naziri Şahin Mustafayevlə bir sıra sahələrdə danışıqlar apardıq və bundan sonra da davam etdirmək niyyətindəyik. Mən hər iki ölkə arasında gələcək əməkdaşlığa çox ümidvaram və bu əməkdaşlıq əlaqələrimizin inkişafına töhfə verəcək”, - deyə nazir bildirib.

Əfqanıstanın maliyyə naziri, həmçinin “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının bu ilin dekabrında Bakıda təşkilinə görə də Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.