Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Suyu istənilən içkiyə çevirən stəkan yaradılıb

07 Noyabr 2017
Sinqapur Milli Universitetinin tədqiqatçıları insanın dadbilmə reseptorlarını aldadaraq adi suyu onun kimyəvi tərkibində dəyişiklik etmədən müxtəlif içkilərə çevirən stəkan yaradıblar.

AZƏRTAC popmech.ru saytına istinadla xəbər verir ki, “Vocktail” (virtual cocktail) adlandırılan qurğu işıq diodlarının köməyi ilə içkinin rəngini dəyişir. Dadbilmə reseptorlarının yüngül elektrik stimulyasiyası bu və ya digər dadın hiss edilməsinə səbəb olur, xüsusi borucuq isə mayeyə ətirli qaz ötürür.

Daha əvvəl insanın dadbilmə reseptorlarını məharətlə aldadan rəqəmsal limonad yaradılıb. Yeni texnologiya onunla müqayisədə daha mürəkkəbdir. Alimlər mürəkkəb dad kombinasiyalarını yaratmağı öyrəniblər, həmçinin digər istifadəçilərlə sevimli resepti paylaşmağa və onların elektron kokteyl versiyalarını dadmağa imkan verən xüsusi proqram hazırlayıblar.

“Vocktail” sadəcə virtual simulyasiyanın yaradılması yolunda dönüş nöqtəsi deyil. Bu texnologiyanın köməyi ilə pəhriz saxlamaq daha da sadələşəcək. Belə ki, istifadəçilər artıq kalori almadan şirin limonadın dadı və qoxusuna malik adi su içə biləcəklər.