Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şahin Mustafayev: Əfqanıstana gedən avtonəqliyyat vasitələrinin sayı 5 dəfə artıb

07 Noyabr 2017
Əfqanıstana gedən avtonəqliyyat vasitələrinin sayı bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə artıb.

Bunu Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakimi ilə görüşdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev AZƏRTAC-a müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Əfqanıstan İslam Respublikası ilə Azərbaycan Respublikasının siyası əlaqələri çox yüksək səviyyədədir. Bu əlaqələr daim inkişaf edir. “Biz ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində müzakirələr apardıq. Azərbaycan bu əlaqələrin inkişafında maraqlıdır. Biz hesab edirik ki, bir sıra istiqamətlər üzrə cəlbedici layihələr və cəlbedici istiqamətlər mövcuddur. İlk növbədə, ticarət əlaqələrimizin inkişafı istiqamətində müzakirələr apardıq. Azərbaycan şirkətləri bu əlaqələrin inkişafına böyük maraq göstərirlər. İyirmi beş Azərbaycan şirkəti bu görüşlərdə iştirak edib. Sahibkarlar ilk növbədə, qida məhsullarının Əfqanıstan bazarına ixracında maraq göstərirlər. Eyni zamanda, Azərbaycanın sənaye şirkətləri Əfqanıstanda fəaliyyət göstərmək istəyir”, - deyə nazir bildirib.

Şahin Mustafayevin sözlərinə görə Azərbaycan şirkətləri Əfqanıstanda sərmayə yatırmağa da böyük maraq göstərirlər: “Əfqanıstan hökumətinin sifarişi ilə yolların tikintisində, dəmir yollarının tikintisində Azərbaycan şirkətləri iştirak edə bilərlər. Həmçinin sənaye məhsullarının istehsalında Əfqanıstanda iştirak etmək imkanları müzakirə olunub. Sement zavodunun tikintisi layihəsi haqqında müəyyən müzakirələr aparılıb. Bununla yanaşı, tekstil istehsalının yaradılmasına böyük maraq var. Hesab edirəm ki, bir sıra belə istiqamətlər cəlbedicidir, bizim şirkətlərə maraq göstərirlər və Azərbaycan hökuməti bu istiqamətləri dəstəkləyir, şirkətləri təşviq edir və Əfqanıstan hökuməti ilə lazımi müzakirələr aparır”.

Azərbaycanla Əfqanıstan arasında tranzit daşımaları məsələsinə toxunun nazir Şahin Mustafayev bildirib ki, Əfqanıstan hökuməti Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərir. “Hazırda Əfqanıstana daşınan yüklərin böyük hissəsi Azərbaycanın infrastrukturundan istifadə edilməklə ölkəmizin ərazisində keçir. Əfqanıstana gedən hərbi yüklərin də təxminən 40 faizi Azərbaycan ərazisindən keçir. Xüsusilə son zamanlar avtonəqliyyat vasitəsilə daşımaların həcmi artıb. Bu yüklər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Türkmənbaşı Limanına, sonra isə quru yolla daşınıb. Əfqanıstana gedən avtonəqliyyat vasitələrinin sayı bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra Əfqanıstan tərəfi bu infrastruktur vasitəsilə Avropaya çıxmaq istiqamətində çox böyük maraq göstərir və biz lazımi şərait yaradacağıq ki, Bakı-Tbilisi-Qars dəmir yolundan Əfqanıstan da istifadə etsin. Eyni zamanda, Avropadan Əfqanıstana yüklərin daşınması baxımından da təbii ki, bu yol çox cəlbedicidir”, - deyə nazir bildirib.