Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyevdən zəngin milli-mənəvi dəyərlərin və mütərəqqi tarixi ənənələrin qorunmasına böyük töhfə

07 Noyabr 2017
 

Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu bu sahəyə sistemli dövlət qayğısının bariz nümunəsidir

 

Cəmiyyətdəki dəyərlərin və yaşayış tərzinin sintezindən ibarət olan mədəniyyət fərdlərin öyrənib bölüşdüyü münasibətlər və davranış kimi tanınır. Dəyər isə bir şeyin yaxşı və diqqətəlayiq olduğuna inamdır. Mədəniyyətin mühüm hissəsini təşkil edən dəyərlər fərdlərin və qrupların davranışlarına istiqamət verən əsas prinsiplərdir.
Bu baxımdan hər bir cəmiyyətin özünəməxsus milli-mənəvi dəyərləri onun mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Bu dəyərlər cəmiyyəti meydana gətirən fərdlərdə milli həmrəylik, birlik ruhunu oyatdığı və toplumu üzləşdiyi yad təsirlərdən, təhlükələrdən qoruduğu üçün onu mühafizə və təbliğ etmək labüddür.

 

Mənəvi dəyərlər qloballaşmanın hədəfində

 

Mənəvi dəyərlərin qorunması və təbliği vətənpərvərlik hisslərinin möhkəmlənməsi ilə birbaşa əlaqəlidir. Belə ki, bəşər övladı tarixboyu yaşadığı coğrafi ərazini qorumağı, orada kök salmağı və oradan hərtərəfli faydalanmağı özünə vəzifə bilmişdir. Öz mövcudluğunu təmin edə bilmək, fəaliyyət göstərmək üçün müəyyən yerə bağlı qalmaqla yanaşı, həm də vətən adını verdiyi həmin yeri qorumaq onun üçün qaçılmaz olmuşdur.
Yaşadığı torpaqları vətənləşdirən bəşər övladı müəyyən dəyərlərə yiyələnmiş və zaman keçdikcə bu dəyərlərlə yoğrulub millətə çevrilmişdir. Milli-mənəvi dəyərlər adını verdiyimiz həmin dəyərlər millətin özünəməxsusluğunu, başqa sözlə desək, onun milli kimliyini ortaya qoyur. Məhz vətənpərvərlik hissi sayəsində fərd bu dəyərlərə sahib çıxır, həm onları, həm də aid olduğu vətəni, təmsil etdiyi milləti qorumaq üçün canından belə keçməyə hazır olur.
Müasir dövrdə dünyanın sürətlə qloballaşması fərdlərin və cəmiyyətlərin həyatına böyük təsir göstərir. Belə ki, qloballaşma prosesinə qarşılıqlı əlaqələr nəticəsində meydana gələn beynəlmiləlləşmə, ticarət mübadiləsinin genişlənməsi, Qərbə məxsus dəyərlərin və texnologiyanın bütün dünyada aktuallıq qazanması və s. aid edilir. Fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, dialoqa nail olunması, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı bir tərəfdən müsbət dəyişikliklərə səbəb olsa da, digər tərəfdən milli-mənəvi dəyərlər sistemini təhlükə altına atır.
Mədəniyyətlərin mübadiləsi ilə müşahidə olunan qloballaşma milli identiklik və milli özünəməxsusluğu aradan qaldırır. Həyatın bütün sahələrini öz təsir dairəsinə alan qlobal proseslər milli-mənəvi dəyərlərin aşınaraq vahid dünya ictimai sisteminin yaranmasına, “köhnə” dəyərlərin məhv edilərək onların yerində böyük boşluqların əmələ gəlməsinə səbəb olur. Odur ki, mənəvi dəyərlərin, əxlaq normalarının ictimai şüurda möhkəmlənməsi, eyni zamanda milli-mədəni sərvətin qorunub saxlanılması və yaşadılması dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

 

Qloballaşmanın təhlükəsini necə azaltmalı

 

Əslində, qloballaşmanın gətirdiyi sosial dəyişikliklər ümumbəşəri və qaçılmazdır. Amerikalı tarixçi Henri Stüart Hyüsün təbirincə desək, dəyişiklik tarixin mahiyyətindədir. Heç bir mədəniyyət qarşılıqlı təsirlənmələrdən sığortalanmamışdır. Sadəcə həmişə tərəflərdən biri daha çox təsir göstərən, digəri isə daha çox təsirə məruz qalan rolunu oynayır. Bu qarşılıqlı təsirlənmələr fonunda cəmiyyət onun üzvlərinin davranış və münasibətlərinə istiqamət verən müəyyən dəyərlər və normalar əsasında mövcudluğunu qoruyur.
Zaman keçdikcə dəyişikliklərə məruz qalan bu dəyər və normaların təsiri azalır, onlar ya yeni dövrə uyğunlaşır, ya da tamamilə yeniləri ilə əvəz olunur. Ancaq bu əvəzlənməyə, dəyişikliklərə nəzarət olunmaması, laqeyd yanaşılması bir çox problemlərin ortaya çıxmasına, radikal meyillərin yaranmasına, xüsusilə gənclərin qeyri-ənənəvi cərəyanların təsir dairəsinə düşməsinə, milli-mənəvi dəyərlərin deqradasiyasına gətirib çıxara bilər.
Qloballaşmanın yad təsirlərindən istifadə edən qüvvələr, xüsusilə müasir texnologiyaların köməyilə yad ideya və ideologiyaları yaymağa cəhd göstərirlər. Radikal meyilli ideologiyaların intişar tapması bunun bariz nümunəsidir. Həmin radikal ideologiyalar məhz kollektiv milli kimliyin nüvəsini təşkil edən loyallıq hissinin aradan qaldırılmasına yönəlmişdir. Loyallıq hissini itirmiş fərd kollektivə yadlaşır və özünü onun bir parçası olaraq hiss etmir. Hətta bəzən ona qarşı düşmənə çevrilir ki, bu, olduqca təhlükəli tendensiyadır.
Bütün bunların qarşısını almaq məqsədilə dövlətlər elmin, təhsilin inkişafı və özünün sahib olduğu mənəvi dəyərləri qorumaq istiqamətində mühüm addımlar atmalıdır. Bu istiqamətdə iş görən dövlətlər üçün qloballaşma təhlükəli və qorxulu tendensiya olmayıb, əksinə, onların inkişafına rəvac verəcəkdir. İlk növbədə ona görə ki, ölkələr bir-birilərinin elmi-texnoloji sahədəki nailiyyətlərindən istifadə edə bilirlər. Digər tərəfdən, qarşılıqlı ünsiyyətdə milli mədəniyyətlər həm özləri zənginləşir, həm də başqa millətlərin mədəniyyətlərini, mənəvi dəyərlərini zənginləşdirirlər.

 

Milli-mənəvi irs Azərbaycan xalqını bütövləşdirən və zənginləşdirən dəyərdir

 

Bu baxımdan Azərbaycan xalqı özünün milli-mənəvi irsinə - onu bütövləşdirən və zənginləşdirən komponentlərə - dil, din, adət-ənənə, eyni zamanda birgəyaşayış mühiti və tolerantlıq kimi xüsusiyyətlərə söykənərək bəşəriyyətin mürəkkəb və ziddiyyətli ictimai-siyasi sınaqlarından məharətlə çıxa bilmiş, dünya xalqları arasında öz varlığını, dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarmışdır. Tarixi hadisələrin gedişatı göstərdi ki, minilliklər ərzində formalaşmış milli-mənəvi sərvətimiz milli mənlik şüurumuzu oyadaraq müstəqil dövlətçiliyimizin bərpasına səbəb olan əsas amildir.
Mənəvi aləmimizi zənginləşdirən, birliyimizi təmin edən, tariximizi və mədəni irsimizi ucaldan milli dəyərlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Vətən sevgisi, ailə birliyi, dini dəyərlər, adət-ənənələrimiz, yardımsevərlik kimi milli mental keyfiyyətlərimizi özündə təcəssüm etdirən mənəvi dəyərlərimiz, bütün dövrlərdə olduğu kimi, bu gün də gündəlik həyatımızda, bir növ, əxlaqi meyar rolunu oynayır. Bu dəyərləri yaşatmaq, gələcək nəsillərə ötürmək xalqın keçmişini, onun varlığını qorumaq deməkdir.
Hər bir ailənin möhkəm əsaslar üzərində dayanmasında, onun üzvlərinin sağlam mənəvi keyfiyyətlərə malik olmasında ailə başçıları mühüm rol oynadığı kimi, hər bir xalqın da maddi-mənəvi dəyərlərinin qorunaraq sonrakı nəsillərə çatdırılmasında cəmiyyətin bütün üzvləri ilə yanaşı, dövlət başçıları da əhəmiyyətli rol oynayır. Bu baxımdan Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasına təsir göstərmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək kimi tarixi vəzifəni məhz ulu öndər Heydər Əliyev öz üzərinə götürmüş və bu missiyanı böyük uğurla həyata keçirməyə nail olmuşdur.
Azərbaycana rəhbərlik etdiyi illərdə ulu öndər xalqımızın milli-mənəvi dəyərlərini sevərək öz varlığında yaşatmış, əməllərində bu dəyərləri müqəddəs, toxunulmaz bir xəzinə kimi qorumuş, onun əbədiyaşarlığını təmin etmişdir. Dahi şəxsiyyət hələ Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə sovet ideoloji-siyasi maneələrini dəf edərək Azərbaycan xalqının milli özünüdərkini, milli heysiyyətini gücləndirmək, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün mühüm tədbirlər həyata keçirmişdir.

 

Heydər Əliyev nümunəsi

 

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu işləri ilə bərabər, milli-tarixi yaddaşın bərpasına da xüsusi önəm vermiş, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirmişdir. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə dərindən bağlı olan ümummilli lider bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durmuşdur.
“Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir” deyən ulu öndər Heydər Əliyevin həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, vaxtilə qadağalara məruz qalan xalqımızın özünəməxsus adət-ənənələri, milli və dini bayramları xalqa qaytarılmışdır.
Azərbaycan xalqının yenidən öz milli-mənəvi dəyərlərinə qayıdışı prosesində İslam dini xüsusi yer tutmuşdur. Ona görə də ulu öndər İslam dininin mədəniyyətimizin formalaşmasındakı, milli-mənəvi dəyərlərimizin nəsildən-nəslə ötürülməsindəki rolundan danışarkən xalqımızın mənəviyyatına, dünyagörüşünə böyük təsir göstərdiyini, adət-ənənələrimizin bir çox hallarda İslam dini vasitəsilə günümüzədək yaşadığını, ölkədə vətəndaş həmrəyliyinin, birliyinin yaranmasında böyük əhəmiyyət daşıdığını bildirmişdir.
Ulu öndərin həyata keçirdiyi uğurlu din siyasəti nəticəsində ölkədə etiqad azadlığının həyata keçirilməsi üçün tam şərait yaradılmış, dini dəyərlərə, ibadət yerlərinə və din xadimlərinə xüsusi qayğı göstərilməyə başlanılmış, dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlıq güclənmişdir. Bütün bunların əsasında Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus modeli formalaşmışdır.

 

Dövlət-din münasibətlərinin uğurla və sağlam məcrada tənzimlənməsi

 

Ulu öndərin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur. Yaradıldığı gündən komitə din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, habelə dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görür.
Eyni zamanda, dövlət komitəsi, qanunvericiliyə uyğun olaraq, dini icmaların fəaliyyətinin təşkilində, dini maarifləndirmə işinin həyata keçirilməsində, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və milli-mənəvi irsimizin təbliğində Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət göstərir. Bunun bariz nümunəsi ötən il “Multikulturalizm ili” və bu il “İslam həmrəyliyi ili” çərçivəsində həyata keçirilən tədbirlərdir.
Belə ki, Prezidentin tapşırığına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi ili” çərçivəsində Bakıda, Finlandiyada, İranda, Türkiyə və Özbəkistanda beynəlxalq konfranslar keçirilmişdir. Növbəti konfranslarımız ilin sonunadək İspaniya və Rusiyada keçiriləcəkdir. Bununla yanaşı, Naxçıvanda və Bakıda ilin yekunlarına həsr olunmuş beynəlxalq konfrans təşkil olunacaqdır.
Milli-mənəvi dəyərlərimizin qorunması və beynəlxalq miqyasda təbliği istiqamətində Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyətimiz bundan sonra da davam edəcəkdir.

 

İlham Əliyev dini etiqad azadlığının, multimədəni harmoniyanın əsas təminatçısı və himayədarıdır

 

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur. “Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik” deyən Prezident İlham Əliyevin dövlət-din sahəsində həyata keçirdiyi siyasət əslində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır.
Dövlət başçısı tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul model kimi qəbul olunur və bəyənilir.
Cənab Prezidentin rəhbərliyi ilə böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycan hökumətinin vətəndaşların etiqad azadlığı haqqını təmin etmək sahəsində həyata keçirdiyi tədbir və qəbul etdiyi qərarlar öz müsbət bəhrələrini verməkdədir. Hazırda Azərbaycan Respublikasında dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər.
Eyni zamanda, dövlət başçımız ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın əsas təminatçısı və himayədarıdır. Ümumiyyətlə, müstəqilliyimizin ilk illərindən başlayaraq dövlət-din münasibətləri sahəsində irəli sürülən ideyaların bugünün reallıqları kontekstində oynadığı müsbət rol daha aydın görünür.

 

Etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normasıdır

 

Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normasına çevrilmişdir. Ölkədə dövlət-din münasibətləri qanunlara, ən əsası, ölkə Konstitusiyasına, həmçinin beynəlxalq hüquq prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə əsaslanır. Dövlətimiz dünyada dini azadlıqların qorunması ilə bağlı bütün səyləri dəstəkləyir.
Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Bununla belə, ölkənin hüquq sistemi ekstremizm təhlükəsinin real olduğu şəraitdə dini təşkilatlara kənardan təsiri məhdudlaşdırır, potensial təhlükəli radikal ideyaların təbliğ edilməsinə imkan vermir. Azərbaycan hökuməti vətəndaşların əqidə seçiminə hörmətlə yanaşmaqla bərabər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaqdır.
Son illər tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir. İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003-cü ildən indiyədək ölkədə dövlətin dəstəyi ilə 250-dək məscid tikilmiş və ya bərpa edilmişdir. Bunların arasında Azərbaycan xalqı üçün böyük dəyər kəsb edən və Cənubi Qafqazın ən böyük məscidi olan Heydər Məscidi, Bibiheybət, Təzəpir, Əjdərbəy, Gəncə “İmamzadə” dini kompleksi də var.
İyirmi iki il sonra - 2016-cı ilin aprel ayının 2-də Azərbaycan Ordusunun ermənilərin təxribatına layiqli cavab verməsi nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlının bərpası ilə bağlı Prezident İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli sərəncamına əsasən kənddə Şuşadakı Gövhər Ağa məscidinin bənzəri olan məscidin inşası dövlət başçısının milli-mənəvi dəyərlərimizə diqqətinin və verdiyi önəmin bariz göstəricilərindəndir.

 

Heydər Əliyev Fondunun fədakar missiyası

 

Xalqımızın milli-mənəvi irsinin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısına və etibarlı müdafiəçisinə çevrilmişdir. Azərbaycanın birinci xanımının milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliğ olunması üçün həyata keçirdiyi layihələr onun əsl vətəndaşlıq mövqeyinin, yüksək mənəvi keyfiyyətlərə malik olmasının bariz nümunələridir.
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələrdən olan “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində istər ölkə daxilində, istərsə də ölkə xaricində bir çox dini, tarixi abidələrin yenidən qurulması və bərpası Azərbaycanın birinci xanımının milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi dini ənənələrimizə mühüm töhfəsidir.
Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbəsi yüksək səviyyədə bərpa edilmişdir. Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı və Heydər Cümə məscidi, Binə qəsəbəsində Möhsün Səlim və İmam Rza məscidləri, Buzovna qəsəbəsi Cümə məscidi, Şamaxı Cümə məscidi əsaslı surətdə təmir olunmuşdur. Qəbələ şəhərində Heydər Əliyev Fondunun sifarişi ilə yeni məscid tikilmişdir.
Eyni zamanda, cəmiyyətimizin tolerantlıq ənənəsini fəal təbliğ edən fond digər dinlərə mənsub abidələrin də qorunmasına və bərpasına böyük diqqət yetirmişdir. Belə ki, fondun dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində təmir-bərpa işləri aparılmışdır.
Fərəhləndirici haldır ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər respublikanın hüdudlarını aşmışdır. Belə ki, fondun Fransanın Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Strasburq və bu ölkənin digər regionlarındakı kilsələrin təmirində, eləcə də Romadakı katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında yaxından iştirakı, Həştərxanda Müqəddəs Knyaz Vladimirin şərəfinə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların, konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.

 

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması tarixi zərurətdən irəli gələn təşəbbüsdür

 

Dövlət səviyyəsində görülən işlərin davamı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında imzaladığı fərmanla milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə verdiyi yüksək qiyməti və dəstəyi bir daha nümayiş etdirmişdir. Prezidentin bu addımı eyni zamanda zəngin mənəvi irsimizin, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin dünya miqyasında tanıdılmasına növbəti töhfəsidir.
Nəzərə alınmalıdır ki, Azərbaycanda dini proseslər camaat sisteminə dayanmır, dini dünyagörüşü “köçürmə” mahiyyəti kəsb edir. Belə ki, bəzi qüvvələr digər müsəlman dövlətlərinin özünəməxsus dövlət-din modelinin ölkəmizə inteqrasiyasına çalışırlar. Bu amil özlüyündə vətəndaşlarımızın milli-mənəvi dəyərlərdən uzaq düşməsinə xidmət göstərir. Bu baxımdan belə bir fondun yaradılması böyük əhəmiyyət kəsb edir. Onun nizamnaməsindən də aydın olur ki, fond xalqımızın tarix boyu formalaşdırdığı mənəvi irsini, onun əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, milli kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək düşüncəsini özündə ehtiva edir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi dini mənsubiyyətindən asılı olmayaraq ölkədə fəaliyyət göstərən konfessiyalara dəstəyi, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət qayğısını daha da gücləndirəcəkdir. Belə ki, fond mənəvi-dini dəyərləri araşdıracaq, dini qurumların və vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarda), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının hazırlanmasına dəstək verəcəkdir. Din sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verəcək, dini təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına, məscidlərin və digər dini abidələrin tikintisinə, bərpasına yardım göstərəcəkdir. Eləcə də dini radikalizmdən, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, təhsilalanların sosial müdafiəsinin gücləndirilməsinə, istedadlı şəxslərin təhsilini davam etdirməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına kömək edəcəkdir.
Həmçinin fond vətəndaşlarla birbaşa münasibətdə olaraq onların maddi-sosial problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirəcək. Belə ki, aztəminatlı ailələrə dəfn xərclərinin ödənilməsinə, Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin ailələrinə, habelə müharibə əlillərinə, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə, valideynlərini itirdiyinə və ya valideyn himayəsindən məhrum olduğuna görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış xərclərinin ödənilməsi üçün maddi yardım göstərmək də fondun vəzifələrinə daxildir.

 

Qeyri-maddi mədəni irsin nikbin gələcəyinə etibarlı əsas

 

Əhalinin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətidir. Hökumət əhalinin, xüsusən aztəminatlı ailələrin maddi-sosial şəraitinin yaxşılaşdırılması istiqamətində sosial proqramları davamlı həyata keçirmək üçün bütün imkanlardan istifadə edir. Bu sahədə aparılan işlər, görülən tədbirlər Prezident İlham Əliyevin ölkənin hər bir vətəndaşına xüsusi diqqət və qayğı ilə yanaşmasının sübutudur.
Xüsusən yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının aktuallıq qazandığı günümüzdə Mənəvi Dəyərlərin Təbliği Fondunun bu sahədə genişmiqyaslı fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Çünki danılmaz faktdır ki, milli-mənəvi dəyərlərimizə varislik prizmasından yanaşma həm dövlətçilik, həm də mənəvi irsimiz baxımından zəruridir. Gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında təhsilin xüsusi yeri vardır ki, fond təhsillə bağlı qarşısına geniş məqsədlər qoymuşdur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 26 oktyabr 2017-ci ildə “Milli-mənəvi dəyərlərin təbliği: dünən, bu gün, sabah” mövzusunda təşkil etdiyi konfrans da Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bir daha təsdiqlədi. Tədbirdə iştirak edən deputatlar, ziyalılar, elm və din xadimləri, QHT nümayəndələri, ölkədə fəaliyyət göstərən müxtəlif konfessiya rəhbərləri Prezidentin bu təşəbbüsünü və addımını təqdirəlayiq hesab etdilər. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanın tarixi zərurətdən irəli gəldiyi bir daha qeyd olundu.

Beləliklə, milli-mənəvi dəyərlərimizin qorunmasına dövlət qayğısının gündən-günə artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlərin sistemli aparılması məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır.

Mübariz QURBANLI,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini