Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Onun ömür nəğmələri

07 Noyabr 2017
 

Sənətkarın böyüklüyü yaşadığı dövrün ruhunu duyub hiss edə bilməsindədir. Elə yaradıcı insanlar var ki, gələcəyi də əvvəlcədən görür, sabaha hesablanmış əsərlər yaradır və bu əsərlər onlara əbədi şöhrət qazandırır. Həmin sənət inciləri bütün zamanlar üçün öz dəyərini qoruyur. Böyük sənət adamlarına əbədi sevginin sirri məhz elə bundadır! 

Görkəmli Azərbaycan bəstəkarı, xalq artisti Tofiq Quliyevin əsərlərini dinlədikcə vaxtın, zamanın ruhu, insanın bu bəstələrə hopmuş ülvi hissləri gözlərimiz önündə əsrarəngiz bir mənzərə yaradır. Bu əsərlər dərhal insanın qəlbinə yol açır, varlığına hakim kəsilir, hər kəsə ali duyğular və nəcib hisslər aşılayır. Tez-tez soruşurlar: Tofiq Quliyev yaradıcılığına ecazkarlıq verən nədir? Parlaq milli kolorit, təbiilik, yüksək bədii zövq onun musiqisinin gözəl keyfiyyətləridir. Yaradıcı fikrə, axıcı, ahəngdar üsluba malik olmasıdır. Tofiq Quliyev musiqisində insan hisslərinin tərənnümü, vətənə, xalqa olan sonsuz məhəbbət bitib tükənmir, burada sevinc, təravət, şirinlik, bir də böyük insan qəlbinin çırpıntısı var! Onun əsərlərində Azərbaycan xalqının ruhu və qəlbi dilə gəlir. Yaradıcılığı milli məhdudluq nə olduğunu bilməyir.
Bu il Tofiq Quliyevin anadan olmasının 100 illiyi qeyd olunur. Prezident İlham Əliyev bu münasibətlə 2017-ci ilin 7 fevralında sərəncam imzalamışdır. Sərəncamda vurğulanır ki, Tofiq Quliyevin xalqımızın mədəni sərvətlər xəzinəsini zənginləşdirən və müxtəlif nəsillərə mənsub ifaçıların repertuarlarında bu gün də geniş yer tutan ayrı-ayrı janrlardakı rəngarəng əsərləri insanlara milli-mənəvi dəyərlərə bağlılıq və yüksək estetik-bədii zövq aşılayır.
Tofiq Quliyev caz və estrada musiqimizin yaradıcılarından idi. O, öz musiqi əsərləri ilə bu sahədə Azərbaycan xalqının milli mədəniyyət tarixinə yeni səhifələr yazmışdır. Bəstəkarın orijinal üsluba köklənmiş çoxsaylı simfonik əsərləri, operettaları, kantataları, prelüdləri, fortepiano üçün yazdığı variasiyaları, filmlərə və tamaşalara bəslədiyi musiqiləri, lirik mahnıları, eləcə də digər janrlara aid əsərləri hər zaman böyük sevgi ilə dinlənilir.
... 1917-ci il noyabrın 7-də Bakıda anadan olmuşdu. Valideynləri yüksək səviyyəli ziyalı insanlar idi. Atası Ələkbər Quliyev iqtisadçı-mühəndis, anası Yaxşıxanım Mahmudova isə ilk azərbaycanlı qadın hakimlərdən idi. Hacı Zeynalabdin Tağıyevin Qızlar Gimnaziyasında, Müqəddəs Nina məktəbində təhsil almışdı. 1937-ci ilə kimi hakim işləmişdi. Bəlkə Tofiq də onlardan birinin yolu ilə gedəcəkdi. Amma təbiətin bəxş elədiyi fitri istedad onu tamam başqa səmtə çəkirdi. Bu, Tofiq Quliyevə əbədi şöhrət qazandıran musiqi istedadı idi. Elə bu istedad da onu 1929-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbə gətirir. Sistemli musiqi təhsilinə 12 yaşında başlayır. Yaradıcılıq biçiminə onun ibtidai musiqi nəzəriyyəsi üzrə müəllimi, bəstəkar, Azərbaycan romansının banisi Asəf Zeynallının böyük təsiri olur. 14 yaşlı Tofiq müəlliminin tövsiyəsi ilə M.Sabirin “Məktəbli” şeirinə mahnı bəstələyir. Asəf Zeynallının məsləhəti Tofiq Quliyevi pillə-pillə sanki böyük yaradıcılıq zirvələrinə doğru aparır.
Özü isə sonralar həmin günləri belə xatırlayırdı: “Birinci mərtəbədə musiqi məktəbi idi, ikinci mərtəbədə isə konservatoriya. Qaynar təbiətli, yorulmaq bilməyən Asəf Zeynallı bizə dərs deyirdi. Sonra özü də qalxırdı yuxarı mərtəbəyə dərs öyrənməyə. Həm müəllim idi, həm tələbə. Asəf müəllimə sevgim olmasaydı, bəlkə mən indi bəstəkar deyildim. Niyyətim gələcəkdə bir pianoçu, ya dirijor olmaq idi. Asəf müəllim isə hansısa intuisiyasının gücü ilə məndə gələcəyin bəstəkarını görürdü. 1931-ci ildə böyük Sabirin “Uşaq və buz” şeirinə istəkli müəllimimin təklifi, arzusu ilə bəstələdiyim ilk nəğmə mənim sənət taleyimi müəyyən etdi”.

 

Estrada və caz musiqimizin banisi

 

Əlbəttə, onda hələ heç kəs deyə bilməzdi ki, illər keçəcək Tofiq Quliyev bənzərsiz mahnılar müəllifi kimi şöhrət tapacaq. Çünki o, musiqi dünyasına daxil olsa da, hələ öz qəti yolunu seçməmişdi. Ancaq onu bilirdi ki, ürəyi qaynar hisslər və duyğularla dolu idi, sinəsində minbir arzu və xəyal vardı. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunub, eyni zamanda iki fakültədə - professor İ.S.Aysberqin sinfində fortepiano, professor S.Y.Ştrasserin sinfində dirijorluq üzrə təhsil alırdı. Polifoniya, harmoniya, musiqi forması dərslərini R.M.Rudolfun sinfində keçirdi. Xalq musiqisinin əsaslarını, muğam sənətinin sirlərini isə Üzeyir bəydən öyrənirdi.
1934-1935-ci illərdə o, müğənni, məşhur Bülbülün rəhbərliyi ilə təşkil olunmuş Elmi-Tədqiqat musiqi kabinəsində xalq musiqisi nümunələrinin toplanması və notlaşdırılması sahəsində aparılan işlərdə fəallıq göstərməyə başlayır. Elə həmin vaxt tarzən Mirzə Mansurun ifasında “Rast”, “Segah-zabul”, “Dügah” muğamlarını nota köçürür. Bəstəkar Z.Baqnrovla birgə həmin muğamları fortepianoda işləyib hazırlayır. Bundan sonra 18 yaşlı Tofiq Quliyev M.Əzizbəyov adına Azərbaycan Dram Teatrının rəhbəri və dirijoru təyin edilir. Bir il sonra bir qrup istedadlı gənc Üzeyir Hacıbəylinin təşəbbüsü ilə P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsinə təhsilini davam etdirməyə göndərilir. Onların arasında Tofiq Quliyev də vardı. Qəbul imtahanı zamanı fortepianoda mahir ifa nümayiş etdirdiyindən H.Y.Neyqauz özü ona bir müddət dərs keçməyi qərara alır.
Bu, elə bir dövr idi ki, gənc Tofiqin istedadı aşıb-daşır, bu səbəbdən də müxtəlif səmtlərə şaxələnirdi. Caz musiqisinə böyük maraq göstərir, bu janrı mənimsəyir, improvizə etməyi, onun nəzəriyyəsini öyrənirdi. 1937-1939-cu illərdə T.Quliyev A.N.Tfasmanın Ümumittifaq Caz Orkestrində pianoçu kimi fəaliyyət göstərir və qısa müddətdə tanınır. Gənc musiqiçi A.Tfasmanın orkestrində mükəmməl təcrübə keçərək Bakıya qayıdır və maestro Niyazi ilə Azərbaycan Dövlət Estrada Orkestrini yaradır. Bu orkestr peşəkarlıq və caz ifa mədəniyyəti ilə digər kollektivlərdən xüsusilə fərqlənir. Orkestrin musiqiçilərindən Pərviz Rüstəmbəyov, Tofiq Əhmədov, İsmayıl Kələntərov və başqaları Tofiq Quliyevin caz məktəbinin yetirmələridir. Bəstəkar bu ərəfədə həm də Gənc Tamaşaçılar, Gəncə Dram, Azərbaycan Akademik Milli Dram, Rus Dram, Kukla teatrları ilə sıx yaradıcılıq əlaqələri quraraq müxtəlif illərdə onlarca tamaşaya musiqi yazır.
1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında görkəmli bəstəkarın rəhbərliyi ilə çıxış edən Dövlət Estrada Orkestri milli caz musiqisinin təməlini qoyur. Beləliklə, orkestrin rəhbəri Tofiq Quliyevin adı Azərbaycan musiqi tarixinə estrada və caz musiqisinin banisi kimi daxil olur. Sonrakı illərdə bəstəkar tanınmış caz ustadı Eddi Roznerlə yaradıcılıq əlaqələri saxlayır, onun orkestri üçün “Avara” hind kinofilminin, “Qara gözlər” romansının və uşaq mahnılarının mövzuları əsasında caz kompozisiyalarını işləyir.

 

Odlu-alovlu illər

 

O zaman faşizmə qarşı şiddətli müharibə gedirdi və Tofiq Quliyevin də həyatında yeni və çox çətin bir dövr başlamışdı. 1941-ci ildə o, rəhbərlik etdiyi orkestrin kollektivi ilə birlikdə 402-ci Azərbaycan diviziyasının tərkibinə daxil olur. Onlar qızğın döyüşlər gedən Krasnodar, Mozdok, Kerç şəhərlərində ön cəbhədə konsert proqramları ilə çıxış edirlər. Məhz bu konsertlərdə Azərbaycan xalq mahnıları ilə yanaşı, Tofiq Quliyevin özünün də vətənpərvərlik və qəhrəmanlıq məzmunlu əsərləri səslənir.
Odlu-alovlu 1943-cü ildə “Qırmızı ordu” ansamblı iki hissəyə bölünür. “Qırmızı flot” hissəsinin rəhbəri T.Quliyev olur.
O, müharibə dövrünün ağır şəraitində də yaradıcılığına ara vermir. Öz üzərində ciddi işləyir. “Səbuhi” filminə musiqini məhz 1941-ci ildə yazır. Yeri gəlmişkən qeyd edək ki, həmin dövrdən başlayaraq gələcəyin böyük bəstəkarı bütün yaradıcılığı boyu bu janra mütəmadi müraciət edir və çoxsaylı kinofilmlərin musiqisinin müəllifi kimi şöhrət tapır.
Müharibədən sonra əsasən 1946-1947-ci illərdə Tofiq Quliyevin yaradıcılığı daha bir yeni istiqamət alır. O, həmin illərdə yenicə məşhurluq qazanan Rəşid Behbudovla birgə, həm pianoçu, həm də təkrarsız mahnıların müəllifi kimi keçmiş sovet məkanının bir çox şəhərlərində milyonlarla tamaşaçı qarşısında çıxış edərək ümumxalq məhəbbəti qazanır. Növbəti illərdə isə Moskvada yarımçıq qalmış konservatoriya təhsilini davam etdirir. Burada professor Qinzburqdan dirijorluq, professor Qolubevdən isə kompozisiya dərsləri alır.
1951-ci ildə konservatoriya təhsilini bitirsə də, bir müddət Moskvada qalır, professor A.Qaukun rəhbərliyi altında dirijorluq üzrə aspirantura təhsili almağa başlayır, elmi işini müdafiə edir. Rusiyada yaşadığı illərdə Moskva Dövlət Filarmoniyasının orkestri ilə işləyir. Qlazunov, Mendelson, Çaykovski, Qara Qarayev kimi bəstəkarların əsərlərinə dirijorluq edir. Vətənə qayıdandan sonra fəaliyyətini daha geniş diapazonda davam etdirir.

 

Ruhumuza sığal çəkən nəğmələr

 

Tofiq Quliyevi hər zaman tanıdan, onu sevdirən, şöhrət gətirən ilk növbədə lirik mahnıları olmuşdur. Bu mahnıların hər biri özlüyündə bitkin əsərdir. Ona görə də insanların qəlbinə asanlıqla yol taparaq bir dinləyici nəslindən digərinə ötürülür.
Peşəkar musiqi çevrələrində Tofiq Quliyevi pianoçu, dirijor, müxtəlif janrlarda əsərlər, musiqili komediyalar, kantatalar, instrumental nümunələr, kino musiqisi yazan bəstəkar kimi tanıyırlar. Bununla belə, əgər xalq arasında bəstəkarın kimliyi barədə sorğu keçirilsə, sadə dinləyici, ilk növbədə, onun heç zaman təravətini itirməyən lirik mahnılarını yada salacaq. Bunlar bizim ömür nəğmələrimizdir. Ona görə ki, bu mahnıların hər biri fərdi üslubda yazılıb. Musiqilərdə böyük bəstəkarın bənzərsiz dəst-xətti özünü göstərir: zərif və nəfis melodiyaların zənginliyi, emosionallığı, xalq mahnısı və buna xas olan intonasiya, lad və struktur kompozisiya cəhətləri.
Bir çox Azərbaycan bəstəkarlarının əsərləri milli və Avropa təfəkkürü xüsusiyyətlərinin birləşməsindən yaranır. Tofiq Quliyev isə öz üslubunu yaradaraq bu iki amilin qarşılıqlı əlaqəsi problemində özünəməxsus üsul tapa bilir. Onun hər bir mahnısına ilhamlı yaradıcılıq ruhu hakimdir.
Tofiq Quliyevin mahnılarını Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Rauf Atakişiyev, Lütfiyar İmanov, Mirzə Babayev, Şövkət Ələkbərova... kimi ustad korifeylər ifa etmişlər. Böyük populyarlığa malik “Qaya” vokal instrumental ansamblının repertuarını da bəstəkarın bir çox mahnıları bəzəyirdi. Buna görə də o, deyirdi: “Çox xoşbəxt adamam. Çünki ifaçılarım dahi müğənnilər olub”.
Tofiq Quliyevi dövrünün ən sevilən müğənniləri ilə sıx yaradıcılıq telləri bağlayırdı. Onlar da belə mahir bəstəkarın mahnılarını ifa etmələrindən qürur duyurdular. Mügənni Mirzə Babayev deyirdi: “Bu musiqilərdə Azərbaycan torpağının şirəsi, qızmar günəşinin hərarəti var”.
Xalq artistləri Fidan və Xuraman Qasımova bacıları bəstəkar haqqında danışarkən xüsusi vurğulayırlar: “Tofiq Quliyev milli musiqimizdə unudulmaz bir səhifədir. Onun musiqisi daim yaşayacaq, mahnıları dillər əzbəri olacaq”.
Xalq artisti Vasif Adıgözəlov “Mən mədəniyyətimizdə Tofiq Quliyev kimi çox az adam tanıyıram ki, hərtərəfli inkişaf etmiş olsun - deyirdi. O, bəstəkarlar içərisində ən gözəl pianoçu idi. Həmişə məşq edən ifaçını xatırladırdı. Yəni təbiətən onun barmaqlarında texnika inkişaf etmişdi, bu şirinlik onun musiqisinə də hopmuşdu. Ona görə də Tofiq Quliyevin elə bir mahnısı yox idi ki, o, xalqın ürəyində olmasın, həmin melodiya sevilməsin”.
Tofiq Quliyev gözəl şeirə böyük dəyər verirdi. Könlünə yatmayan sözlərə musiqi bəstələməzdi...

 

“Şəhərlər gözəlisən, Bakı”

 

Tofiq Quliyev həmişə deyərdi: “Məni böyüdən də, oxudan da, insan edən də Bakı şəhəridir. Nə yazsam, orada Bakının ruhu var. Mən Bakı kimi gözəl şəhər tanımıram”. Bunlar gəlişigözəl sözlər deyildi. Bakıya Tofiq Quliyev qədər musiqi bəstələyən ikinci bir bəstəkar olmayıb. Hamısı da şedevrlərdir. Bakı haqqında mahnılar müəllifinin doğma şəhərinə sonsuz sevgisi vardı. Bunlar əvvəldən axıradək böyüklü-kiçikli bütün dinləyiciləri onillərdir ki, valeh edir. Bəstəkar Vasif Adıgözəlov deyir ki, Tofiq Quliyevin əsərləri əsl şəhər yaradıcılığı idi. Onun musiqisi çalınanda birinci növbədə gözlərimiz önündə Bakı canlanır. Yəni onun həyatı, ürəyi Bakıya bağlı idi. Onun melodiyaları hər dəfə insanlara həyatın şirin cəhətlərini göstərir, yeni gözəlliklərini canlandıraraq yaşamaq, yaşatmaq, yaxşı və nəcib işlər görmək həvəsini gücləndirir. “Bakı”, “Azərbaycana gəlsin”, “Biz mehriban ailəyik”, “Bəxtəvər oldum”, “Gözəldir vətənim”, “Xəzər neftçiləri”, “Zibeydə”, “Əziz dost” və s. musiqilərin ifasından sonra tamaşa zalında qopan gurultulu alqışlar həqiqi böyük sənətə məhəbbətin nümayişinə çevrilir.
Tofiqin lirikası, mətn seçməyi bəstəkarın təfəkkür tərzinin ən dəyərli bəhrələridir.
“Səbuhi”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı?”, “Dərviş Parisi partladır”, “Sevimli mahnı”, “Görüş”, “Ögey ana”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Belə ada da vardır” və bir çox digər filmlərin unudulmaz musiqilərinin müəllifi də məhz odur. Bu mahnılar da uzun illərdən bəri dillər əzbərinə çevrilmişdir.

 

Musiqi dilində danışan tarix

 

1974-cü ildə yazıçı və rejissor Həsən Seyidbəylinin çəkdiyi, VII Ümumittifaq kinofestivalının mükafatlandırdığı “Nəsimi” bədii filminin bəstəkarı məhz Tofiq Quliyev idi. O, həmin filmə görə Dövlət mükafatına layiq görülmüşdü. Xalq şairi Məmməd Araz filmin tamaşaçılarının fikrini belə ifadə edərək demişdir: “Tofiq bu filmə elə bir musiqi yozumu verib ki, gözünü yumub dinlədikdə belə, özünü döyüş meydanında hiss edir, həm notda, həm də ahəngdə Nəsimi sözünün qüdrətini, ruhunu duyursan”. Burada musiqi vasitəsilə obrazların xarakteri açılır, dövrün, zəmanənin ziddiyyətləri, mürəkkəblikləri öz əksini tapır.
Filmə bəstələdiyi musiqi Tofiq Quliyevin ümumən poeziyanı, o cümlədən böyük Nəsiminin yaradıcılığını, poetik ideyalarını nə qədər dərindən duyduğunu, dəyərləndirdiyini əks etdirirdi. Bu film T.Quliyevin tarixə dərindən bələdliyindən xəbər verirdi. Sovet dövlətinin sərt rejimində soykökümüzlə, tariximizlə bağlı olan bir filmdə musiqinin dili ilə tamaşaçıya böyük həqiqətləri çatdırmaq bəstəkardan əsl cəsarət tələb edirdi.
Bir sözlə, Tofiq Quliyev bədii və sənədli filmlərə yazdığı musiqi ilə Azərbaycan kino musiqisi tarixinə daxil olmuş, bu sahədə də yetkin, ölməz nümunələr yaratmışdır.
Tofiq Quliyev yaradıcılığını ulu öndər Heydər Əliyev həmişə yüksək qiymətləndirirdi. Ümummilli liderin “21 suala 21 cavabı” kimi tarixiləşən qısa müsahibəsində o, “Ən çox sevdiyiniz mahnı?” sualına “Xalq mahnıları və Tofiq Quliyevin mahnıları” cavabını vermişdi. Ulu öndər T.Quliyevə Azərbaycanın ən böyük bəstəkarlarından olduğunu söyləmiş, onun hələ sağlığında yüksək zirvəyə çatdığını vurğulamışdır. Ümummilli lider bəstəkarın yubileylərində şəxsən iştirak etmişdir, ona Azərbaycanın ilk və yüksək mükafatı olan “İstiqlal” ordenini təqdim etmişdi.
Tofiq Quliyev dövlətin ona həvalə etdiyi vəzifələrin də öhdəsindən layiqincə gəlirdi. 1958-ci ildən başlayaraq dörd il M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olmuşdu. 1961-ci ildən isə burada direktor vəzifəsində çalışmışdı. Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik etmişdir, ömrünün sonunadək idarə heyətinin sədri olmuşdur. Tofiq Quliyev fəal həyat mövqeyi olan insan idi. Bu, onun təşkilatçılıq bacarığında özünü daha çox göstərirdi.

 

Şəxsiyyət obrazı

 

Tofiq Quliyev dövrü mətbuatda musiqi sənəti ilə bağlı dərc olunmuş çoxsaylı məqalələrin də müəllifidir. Bu yazılar onun müdrik bir sənətkar kimi düşüncələrini və nəzəri baxışlarını, Azərbaycan incəsənətinin həlli vacib məsələlərini əks etdirirdi.
Bəstəkarın oğlu, tanınmış kinorejissor Eldar Quliyev deyir: “Ötən əsrdə milli musiqimizin inkişafında xidməti olanlardan biri də görkəmli bəstəkar, xalq artisti Tofiq Quliyevdir... Atam tez-tez ötən günləri xatırlayaraq söyləyirdi: “Orta məktəbdə çox yaxşı oxumuşam. Yaxşı dərs keçirdilər, eşitdiklərimiz yaddaşımıza həkk olunardı. Sonra musiqi məktəbində oxudum. Üzeyir bəyi, Qaranı, Niyazini, Fikrəti, Cövdəti məhz həmin dövrdə tanıyıb dostlaşdıq...” T.Quliyev 1930-cu illərdə yaradıcılıq yoluna bu bəstəkarlarla birgə başlamışdı. Həsən Seyidbəyli ilə ürək sirdaşı idi.
Bəstəkarın qızı Lalə xanımın sözləri də Tofiq Quliyevin şəxsiyyət obrazını tamamlayır: “Atam olduqca həssas, diqqətli, qayğıkeş bir insan idi. Yüksək mənəviyyatı, böyük sənətkar və vətəndaş təbiəti, sadə, mehriban, insani xüsusiyyətləri hamını valeh edirdi. Yaradıcılığına bələd olduqca yeni məna və həqiqətlərin şahidi olurdun. Qeyri-adi virtuoz pianoçu idi. Ən mürəkkəb əsərləri, improvizasiyaları sərbəst, qığılcım parlaqlığı ilə ifa edirdi”.
İstər sovet dövründə, istərsə də Azərbaycan müstəqillik qazandıqdan sonra böyük bəstəkarın xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. 1958-ci ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 1964-cü ildə görkəmli sənətkara Azərbaycanın xalq artisti fəxri adı verilib. Müxtəlif illərdə respublika Dövlət mükafatı, iki dəfə SSRİ-nin Qırmızı Əmək Bayrağı ordeni və “Şərəf nişanı” ordeni ilə təltif edilib.
1997-ci ildə Tofiq Quliyev “İstiqlal” ordeninə layiq görülüb.
2003-cü il noyabrın 7-də Prezident İlham Əliyev böyük bəstəkarın xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

 

Yeri görünən sənətkar

 

Evindəki iş otağını necə qoyubsa, elə də saxlanılır. Sanki bəstəkar otağa daxil olub piano arxasında işləməyə başlayacaq...
Bu gün xalqı üçün əziz və əvəzolunmaz Tofiq Quliyevin böyüklüyü, yaradıcılıq irsi vətəninin hər yerində görünür. Əsl sənətkarların, sənətdə ənənə yaradanların qisməti belə olur. Bu cür əbədiyaşarlıq qazanmaq üçün fitri istedad sahibi olmaq azdır. Gərək qəlbin də, biliyin də, peşəkarlıq və zəhmətsevərliyin də, ən başlıcası, vətənsevərliyin də ola.
Tofiq Quliyev fenomenində olduğu kimi...

İradə ƏLİYEVA,
“Azərbaycan”