Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Elm” guşəsi yaradılıb

06 Noyabr 2017
Noyabrın 6-da Heydər Əliyev adına Müasir Təhsil Kompleksində (MTK) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə yaradılmış “Elm” guşəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar kompleksdə keçirilən tədbirdə Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bölmənin fəaliyyətini əks etdirən “Elm” guşəsinin yaradılmasının elm və təhsilin inteqrasiyasına xidmət etdiyini vurğulayıb. Bildirilib ki, AMEA-da elmlə təhsilin inteqrasiyası sahəsində mühüm addımlar atılır, elmi müəssisələrdə baza kafedraları yaradılır və artıq akademiyada magistraturaya qəbul həyata keçirilir.

Akademik qeyd edib ki, orta məktəblərdə “Elm” guşəsinin təşkilinin əsas məqsədi təhsil müəssisələri ilə bölmələrin institutları arasında əlaqələrin yaradılması, hələ məktəb yaşlarında şagirdlərdə elmə, müxtəlif sahələrə maraq və həvəsin artırılması, istedadlı və perspektivli gənclərin buraya cəlb edilmələri və elmin populyarlaşdırılmasıdır. Vurğulanıb ki, bu cür layihələr gənc nəslin müxtəlif sahələr üzrə bilik və bacarıqlarının zənginləşməsinə, onların biologiya elminə həvəslərinin artırılmasına kömək edəcək.

MTK-nın icraçı direktoru Məmmədəli Kəsəmənli orta məktəblərdə “Elm” guşələrinin yaradılmasını yüksək dəyərləndirib, bu cür tədbirlərin istedadlı gənclərin üzə çıxarılmasında əhəmiyyətini qeyd edib.

Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov bu layihənin digər təhsil müəssisələrində də həyata keçirildiyini söyləyib, “Elm” guşələrinin Bakının və regionların bir çox məktəblərində də təşkil olunacağını diqqətə çatıdırıb. Bildirilib ki, bu cür layihələr istedadlı yeniyetmə və gənclərin üzə çıxarılmasında, dəstəklənməsində böyük əhəmiyyət daşıyır.

Tədbirdə akademiklər Validə Əlizadə, İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan institutların direktorları rəhbərlik etdikləri elmi müəssisələrin yaranma tarixi, fəaliyyət istiqamətləri və əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər.

Bölməyə daxil olan institutların gənc alimləri və şagirdlər maraqlı təqdimatlarla çıxış ediblər.

Sonra tədbir iştirakçıları bölmənin institutlarının fəaliyyəti barədə əyani vəsaitlərin yer aldığı “Elm” guşəsi ilə tanış olublar.