Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Peykimiz kosmosda uçur, hələ avtomobil də satırıq

05 Noyabr 2017
 

Neftçala Sənaye Məhəlləsi Prezident İlham Əliyevin yeni iqtisadi inkişaf strategiyasının bəhrəsidir

 

Azərbaycanın cənub-şərq hissəsi, Xəzərin sahilində səthi düzənlik, yarımsəhra çöl və şoran torpaqların geniş yayıldığı ərazi... Təbii sərvətləri neft, qaz, yod, duz tərkibli sular, tikinti əhəmiyyətli kərpic istehsalı üçün xammal və balıqdır.
Bura sənayenin inkişafı baxımından çox əlverişli məkandır. Elə 1940-cı ildə burada salınan Neftçala inzibati rayonu da sırf sənaye məntəqəsi kimi təşkil olunmuşdu. İllər keçdi və rayon Azərbaycanın qeyri-neft sənayesinin inkişafına mühüm töhfələr verməyə başladı.

 

Şoran torpaq və bataqlıqlar üzərində salınan kompleks

 

Üç il öncə - 2014-cü il may ayının 28-i, Respublika Günündə Neftçalaya səfər edən Prezident İlham Əliyev xüsusi göstəriş verdi: “...İctimaiyyət və rayon rəhbərliyi yer müəyyən etsin. Həmin ərazidə dövlət hesabına infrastruktur layihələri icra olunacaq. Bütün kommunikasiyalar çəkiləcək və sahibkarlara şərait yaradılacaq ki, onlar orada öz sənaye müəssisələrini qursunlar. Dövlət də öz tərəfindən maliyyə dəstəyini göstərəcək”.
Dövlət başçısının göstərişindən sonra ərazi müəyyənləşdirildi və 2015-ci il fevral ayının 2-də məhz Neftçala rayonunda Azərbaycanın ilk sənaye məhəlləsinin yaradılması haqqında sərəncam imzalandı. Sənaye məhəlləsinin inşası üçün 10 hektar torpaq sahəsi ayrıldı. Lakin ərazi şoran və bataqlıq olduğu üçün burada tikinti işləri aparmaq çətinlik yaradırdı. Torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün bir müddət drenaj, bərkidilmə-qurudulma işləri aparıldı və bundan sonra sürətli tikinti-quruculuq işlərinə başlanıldı. Tez bir zamanda burada böyük sənaye kompeksi yaradıldı və 2017-ci il sentyabr ayının 24-də Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın ilki olan Neftçala Sənaye Məhəlləsinin açılış mərasimi keçirildi.

 

Azərbaycanın ilk sənaye məhəlləsi

 

Azərbaycanda sənaye məhəllələrinin yaradılması dövlət başçısının “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli fərmanı ilə müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal, xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Elə Neftçala Sənaye Məhəlləsi də bu məqsədlə yaradıldı.
Azərbaycanın ilk sənaye məhəlləsində sahibkarlar üçün yaradılan şəraitlə və oradakı istehsal prosesi ilə yaxından tanış olmaq üçün Neftçalaya üz tutduq.
Abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı Neftçala şəhərinin girəcəyində inşa olunan sənaye məhəlləsi şəhərin ümumi mənzərəsinə xüsusi rəng qatır. Bir zamanlar bataqlıqlar içərisində olan bu ərazidə tikilən böyük sənaye kompleksi göz oxşayır. Məhəlləyə gedən yollar asfaltlanıb, yolların kənarına müxtəlif ağaclar əkilib və işıqlandırma sistemi ilə təchiz olunub.

 

9 müəssisə, 45,3 milyon manatlıq investisiya

 

Sənaye məhəlləsindəyik. Burada yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati texniki və köməkçi binalar mövcuddur. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye məhəlləsinin direktoru Nəriman Xəlilov deyir ki, rezidentlər tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Bununla belə, iş adamlarının sənaye məhəlləsinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcək. Sənaye məhəlləsində 500-ə yaxın daimi iş yeri açılıb. Neftçala Sənaye Məhəlləsinin idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətidir.
Ümumiyyətlə, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələrinin üstünlüyü ondan ibarətdir ki, ilk növbədə sahibkar öz müəssisəsi üçün infrastrukturun yaradılmasına pul xərcləmir. Yalnız icarə haqqı ödəyir. Sənaye məhəllələrinin ərazisində xarici və daxili infrastruktur (elektrik enerjisi və isitmə, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektləri, inzibati obyektlər və s.) yaradılır. Sənaye məhəllələri dövlətin sənaye potensialının inkişaf zəncirində növbəti və möhkəm halqaya çevrilməklə ölkənin ixrac strukturunun qeyri-neft sektoru lehinə dəyişdirilməsinə ciddi şəkildə kömək edir.

 

İllik istehsal gücü 10 min avtomobildir

 

Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir bir zamanlar “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz” deyəndə haqlı idi. Ancaq bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan dövləti kosmosa peyk buraxır, xalqı isə nəinki avtomobildə gəzir, hətta bunu düzəldib ixrac da edir.
Neftçala Sənaye Məhəlləsindəki “Azərmaş” ASC - “İran Khodro” birgə avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. Qeyd edək ki, artıq bu model avtomobillərdən 4 min ədəd satılıb. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Ümumi investisiya dəyəri 24 milyon manat olan müəssisəyə verilən İnvestisiya Təşviqi Sənədi hesabına təqribən 2 milyon manata qənaət edilib. Müəssisədə 300 nəfər işlə təmin ediləcək.

 

Suvarılmaya asan dəstək - dairəvi suvarma sistemləri

 

Burada balıq, toyuq və mal-qara yemi istehsalını həyata keçirən “KƏHF” Məhdud Məsuliyyətli Cəmiyyəti də fəaliyyət göstərir. İllik istehsal gücü 25 min ton olan müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Həmin müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, sahibkara 1,2 milyon manat vəsaitə qənaət etmək imkanı yaradır. Müəssisədə 30 nəfərə yaxın şəxs işlə təmin edilib.
Sənaye məhəlləsinin digər bir rezidenti “Gilan PİVOT” MMC-dir. Müəssisədə müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri istehsal olunacaq. Bu yeni texnologiya əkin sahələrinin suvarılma sisteminin daha da asanlaşdırılmasına xidmət edəcək. Ümumi investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 60-80 suvarma sistemidir. Müəssisə bu ay fəaliyyətə başlayacaq.

 

Kənd təsərrüfatı təyinatlı taralar, polietilen suvarma boruları istehsal ediləcək

 

Məhəllədə plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsal edən “Metak” MMC-nin illik istehsal gücü 2 milyon taradır. Müəssisəyə 1,35 milyon manat investisiya qoyulub və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 600 min manat güzəştli kredit verilib. Həmçinin İnvestisiya Təşviqi Sənədi də təqdim edilib ki, bu, müəssisənin təqribən 35 min manata qənaət etməsinə imkan verir. Müəssisənin məhsulları daxili bazarda, xüsusilə kənd təsərrüfatında qablaşdırmaya olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynayacaq.
Məhəllədəki “Toğrul-2008” MMC isə polietilen suvarma boruları istehsal edir. 100 min manat investisiya hesabına yaradılan müəssisənin illik istehsal gücü 360 tondur. Müəssisənin həm Neftçalada, həm də ətrafdakı yaxın rayonlarda tullantı polietilen məhsullarının qəbulu məntəqələri mövcuddur. Bu məntəqələrdə toplanan plastik tullantılar müəssisəyə gətirilərək yenidən xammala çevrilir və həmin xammaldan polietilen suvarma boruları hazırlanır. Hazır məhsul ətraf rayonlarda fermerlərin bu sahədə ehtiyaclarının ödənilməsinə yönəldilir.

 

Modul tipli məktəb binaları

 

Modul tipli məktəb binalarının quraşdırılması ilə məşğul olan “Providence Limited” MMC də Neftçala Sənaye Məhəlləsinin rezidentlərindəndir. 80 min manat investisiya yönəldilən müəssisədə hazırda 15 nəfər çalışır. Qeyd edək ki, modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü ondadır ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq səyyar məktəb quraşdırılır.

 

Konservləşdirilmiş və soyudulmuş təzə balıq

 

Neftçala Sənaye Məhəlləsinin daha bir iştirakçısı “Azproduct” MMC-dir. Müasir texnologiyaların tətbiq edildiyi müəssisə balıq emalı və konservləşdirilməsi sahəsində fəaliyyət göstərir. İstehsal sahəsində ildə 7 milyon şərti banka konserv və 500 ton soyudulmuş təzə balıq istehsalı nəzərdə tutulur. 1,7 milyon manat investisiya qoyulan müəssisəyə əlavə dövlət dəstəyi olaraq İnvestisiya Təşviqi Sənədi təqdim edilib. Bu, müəssisənin təqribən 290 min manata qənaət etməsinə imkan verib. İstehsal sahəsində 40 nəfər işlə təmin edilib.
Müəssisə ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında balıq konservlərinin satışına dair 2,2 milyon manat dəyərində müqavilə imzalanıb.

 

Kağız stəkanların içərisində hazır çay və kofe

 

“Sun Rise Production” MMC-nin sənaye məhəlləsində yaratdığı müəssisədə isə kağız stəkanlar və hazır içkilər istehsal olunur. Yəni kağız stəkanların içərisinə çay və kofe yerləşdirilir. Bu stəkanlara sadəcə qaynar su tökməklə içkini hazır vəziyyətə gətirmək olur.
Xammalı Türkiyədən alan müəssisənin istehsal sahəsinin yaradılmasına 619 min manat investisiya yönəldilib. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu da təqribən 84 min manata qənaət etməyə imkan yaradır. Artıq müəssisə ayda 200 min ədəd kağız stəkan sifarişi alıb.
Burada fəaliyyət göstərən digər müəssisə isə “Petroqeoqaz” MMC-dir. Müəssisədə əsasən kənd təsərrüfatı avadanlığı və metal konstruksiyalar istehsal edilir.
Sənaye məhəlləsində kiçik sahibkarlar üçün yaradılan emalatxanada isə müxtəlif məmulatlar hazırlanır. Burada kiçik sahibkarlar üçün hər cür şərait yaradılıb.

 

Ofis, sərgi-satış mərkəzi, sığorta, poçt, tibb məntəqəsi və kitabxana

 

İstehsal korpusları ilə tanış olduqdan sonra sənaye məhəlləsinin direktoru Nəriman Xəlilov bizi inzibati bina ilə də tanış etdi. Bina toplantı və təlimlərin keçirilməsi üçün iclas otağından, müasir ofis sahələrindən, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Burada sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, kitabxana, “Startup”lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların fəaliyyətinə dəstək üçün Neftçala Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub.
Bir sözlə, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından Neftçala Sənaye Məhəlləsinin yaradılması böyük əhəmiyyət kəsb edir.

 

Modern sənayeləşmənin real nəticəsi

 

Sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu məsələyə toxunan Prezident İlham Əliyev bildirmişdir ki, Neftçala rayonunun inkişafında bu sənaye məhəlləsinin böyük rolu olacaq. Onun fəaliyyəti həm rayonun, həm də ölkə iqtisadiyyatına böyük təkan verəcək. Sənaye məhəlləsinin yaradılması, əslində, bu istiqamətdə görülmüş işlərin yeni mərhələsinin başlanmasıdır. Çünki artıq dövlət başçısının müvafiq sərəncamları ilə Masallı və Hacıqabul rayonlarında da sənaye məhəllələri yaradılır.
Prezident İlham Əliyevin “Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun prioritet hədəf kimi reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də məhz sənayeləşmə və qeyri-neft sənayesinin inkişafıdır. Uğurla həyata keçirilən islahatların nəticəsi olaraq son illər Azərbaycanda yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, ölkədə rəqabətədavamlı məhsulların istehsalını artırmaq məqsədilə sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilir. Azərbaycanın rəqabətədavamlı, keyfiyyətli qeyri-neft məhsullarının istehsalı və ixracı üçün böyük potensialı var. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar bu potensialı daha da genişləndirir.
Bir sözlə, Azərbaycan Prezidentinin vaxtilə verdiyi qərarlar artıq həyatda öz əksini tapır və ölkəmizdə modern sənayeləşmə istiqamətində aparılan siyasət uğurlu nəticələr verir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”