Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan “Çin malı” uğrunda mübarizədə qalib gəldi

05 Noyabr 2017
 

“Şimal-Cənub” dəhlizi isə BTQ-yə yeni imkanlar qazandıracaq

 

Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra region və dünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında həlledici rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Cənub qaz dəhlizi”, TANAP və TAP kimi layihələrin təşəbbüskarı, onun həyata keçirilməsində əsas söz sahibi ölkəmiz olmuşdur.
Oktyabrın 30-da isə dünyanın 100 iri layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı ilə Azərbaycan növbəti beynəlxalq əhəmiyyətli layihənin reallaşmasını həyata keçirdi. BTQ iqtisadi layihədir, yəni əsas məqsəd Şərqdən, xüsusən Çindən Avropaya yük və sərnişin daşımaqdır. Lakin bu layihənin həm də mühüm siyasi əhəmiyyəti var.
Dünyada tranzit ölkələrin siyasi məsələlərdə böyük dividendlər qazanması məlum həqiqətdir. Bu baxımdan dünyada və regionumuzda baş verən siyasi hadisələr fonunda layihəyə diqqət yetirdikdə onun əhəmiyyəti aydın görünür. Deməli, BTQ Bakı-Tbilisi-Ceyhandan sonra müstəqilliyimizin nailiyyəti olan ikinci böyük layihədir.
Ölkəmiz bu layihəni reallaşdırmaq istəyərkən qarşılaşdığı problemləri yada salaq. Hətta Azərbaycanda müəyyən layihələrin reallaşmasına xüsusi maraq göstərən ABŞ da bu layihənin reallaşmasını dəstəkləmədi. Üstəlik, Amerikada müəyyən qüvvələr bunun reallaşmaması üçün əllərindən gələni etdilər. Mətbuatda yayılan məlumatlara görə, bunun arxasında erməni lobbisi və onların dəstəklədiyi siyasi qüvvələr dururdu. Bu, işin bir tərəfi idi. Lakin problem onda idi ki, dünyanın transmilli nəqliyyat şirkətləri də BTQ-nin əleyhinə çalışırdılar. Çünki BTQ-nin çəkilməsi onları gəlirlərinin müəyyən hissəsindən məhrum edəcəkdi.
Prezident İlham Əliyev həmişə olduğu kimi, bu məsələdə də qətiyyət göstərdi. ABŞ və Avropa bankları bu layihənin maliyyələşdirilməsindən imtina etdikləri üçün Azərbaycan Gürcüstan ərazisində görüləcək işlərin maliyyələşdirilməsini öz üzərinə götürdü. Çünki layihənin reallaşması Azərbaycan üçün siyasi və iqtisadi dividendlər demək idi. Beləliklə, yeni layihənin reallaşmasında qarşıya çıxan ən böyük maneə dəf edildi. Prezident İlham Əliyev BTQ-nin açılış mərasimində bu barədə demişdir: “Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk”.
Hazırda Asiyadan Avropaya yüklərin çox hissəsi dəniz yolu - Süveyş kanalı vasitəsilə daşınır. Əvvəllər bu marşrutla daşınan yüklərin nəqliyyat xərcləri baha başa gəldiyi üçün istehsalçı və alıcılara sərf etmir, narazılığa səbəb olurdu. Lakin bir-biri ilə ciddi rəqabət aparan gəmiçilik şirkətləri bu vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər həyata keçirdilər. Onlar daşınan malların maya dəyərini aşağı salmaq üçün iritonnajlı, daha sürətli gəmilərdən istifadə etməyə başladılar. Nəticədə yükdaşımaların maya dəyəri 3 dəfə aşağı düşdü. Hazırda 21 min kilometr məsafəni 30-35 sutkaya qət etməklə bir konteyneri sifarişçilərə 850 dollara çatdırmaq mümkündür.
Rusiya isə bu istiqamətdə daşınan yüklərin bir hissəsinin öz ərazisindən keçməsini istəyir. Bu məqsədlə Çin və digər Asiya ölkələrinə Transsibir marşrutundan istifadəni təklif edərək onun daha sərfəli marşrut olduğunu sübut etməyə çalışır. Yeri gəlmişkən qeyd edək ki, şimal qonşumuzun təklif etdiyi marşrut dəniz yolu ilə Süveyş kanalından keçən marşrutdan 10 min kilometr qısadır. Amma hazırda Asiyadan Avropaya daşınan yüklərin cəmi 1 faizi Rusiya ərazisindən tranzit olunur. Rusiya isə bu rəqəmi 10-15 faizə çatdırmaq niyyətindədir. Məqsəd ənənəvi marşrutla daşınan 250 milyard dollarlıq yükün bir hissəsinin öz ərazisindən tranzitinə nail olmaqdır. Əgər bu istək baş tutarsa, daşımalardan Rusiya ildə milyardlarla dollar qazana bilər.
Lakin şimal qonşumuz bununla da kifayətlənmək fikrində deyil. O, Çinlə danışıqlar apararaq ikinci Transsibir dəmir yolunun çəkilməsinə də nail olmaq istəyir. Ən maraqlısı budur ki, Rusiya Çinə ənənəvi Süveyş kanalı marşrutu əvəzinə yüklərin Şimal Buzlu okeanla daşınmasını da təklif edir. Bu marşrut isə ilboyu işləmir. Bu səbəbdən Rusiya Çinə birgə elmi tədqiqatlar aparmaqla həmin marşrutdan ilboyu istifadə etməyin mümkün olduğunu sübut etməyə çalışır. Şimal Buzlu okean marşrutunun Süveyş kanalı marşrutundan üstün cəhəti odur ki, malları bu yolla Çindən Avropaya ənənəvi marşrutdan 10 gün tez çatdırmaq mümkündür. Bu, ticarətdə xüsusi önəm daşıyan haldır. Onu da bildirək ki, Misir də gözləmə mövqeyini tutmayıb. Hiss edəndə ki, Süveyş kanalının yükləri tez keçirmək imkanı getdikcə məhdudlaşır, ikinci kanalın tikintisinə start verib.
İndi BTQ-nin əhəmiyyətini qeyd etmək üçün onun texniki imkanlarına diqqət yetirək. Hazırda Çindən İngiltərə, Fransa, Almaniya kimi ölkələrə yükdaşıma müddəti təxminən 45-62 gündür. BTQ isə həmin yükləri 12-15 gün arasında Avropaya çatdırmaq imkanına malikdir. Bundan başqa, dəmir yolu ilə yüklərin daşınmasının maya dəyəri də aşağıdır. Qeyd edilən faktor, sözsüz ki, BTQ-yə yaxın bir müddətdə ciddi marağın artmasını təmin edəcək.
Noyabrın 1-də Tehranda Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini artıran növbəti hadisənin şahidi olduq. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin, İran Prezidenti Həsən Ruhaninin və Rusiya Prezidenti Vladimir Putinin qatıldığı üçtərəfli Zirvə görüşündə region üçün əhəmiyyətli olan müxtəlif məsələlərlə yanaşı, “Şimal-Cənub nəqliyyat dəhlizi”nin istifadəyə verilməsi də müzakirə edildi. Bu - yeni transmilli layihənin istifadəyə verilməsi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini daha da artıracaq. Yəni Şimaldan və Cənubdan gələn yüklər BTQ dəhlizi vasitəsilə Asiya və Avropa ölkələrinə daşına bilər. Bu isə BTQ-nin əhatə dairəsinin daha da genişlənməsi və yük dövriyyəsinin artması deməkdir.
Ümumiyyətlə, hər bir dövlətin iqtisadi inkişafının və ümumi təhlükəsizliyinin fundamental şərtlərindən biri nəqliyyat dəhlizlərinin mövcudluğu və əsas nəqliyyat növlərinin bir neçəsinin vacib istiqamətlər üzrə hərəkətinin təmin olunmasıdır. Əks halda, hər hansı ciddi iqtisadi inkişafdan, ümumi təhlükəsizliyin təmin edilməsindən söhbət gedə bilməz. Bu baxımdan indi ölkəmiz quru, hava, su, dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə dünyaya çıxışa malikdir ki, bu da beynəlxalq iqtisadi əlaqələrin qurulmasına, eləcə də idxal-ixrac əməliyyatlarının həyata keçirilməsinə geniş imkanlar yaradır.

Rüstəm KAMAL,
“Azərbaycan”