Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məni yaşadan oğlumun xatirəsinin əziz tutulmasıdır

05 Noyabr 2017
 

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan və Azərbaycanın ən ali mükafatına - Milli Qəhrəman adına layiq görülənlər arasında mənim oğlum Eltun İsgəndərov da var. Fəxr edirəm ki, böyüdüb boya-başa çatdırdığım övladım Vətənini canından əziz tutaraq onun yolunda şəhid olub.

Atayam. Vətənin, millətin  şəhid övladısa mənimdir. Şəhidlik nə qədər uca və müqəddəs zirvə olsa da, övlad itkisi valideynləri üçün  sağalmaz yaradır. Amma məni yaşadan, təskinlik verən, gələcəyə nikbin baxmağa vadar edən oğlumun xatirəsinin əziz tutulması, ona göstərilən dövlət münasibəti, el məhəbbətidir. Şəhid olduğu gündən indiyədək Eltun unudulmayıb  və vaxtilə təhsil aldığı Samux rayonunun Əhmədbəyli kənd orta məktəbində onun doğum günləri hər il təntənə ilə qeyd edilib.

Builki anım gününə də xeyli insan yığışmışdı. Oğlumun məzarını ziyarət edən  və üstünə tər qərənfillər düzənlər arasında uşaqları, gəncləri görəndə  ürəyim fərəhlə döyündü.  Onların hər birini öz balam bildim. Tədbir daha sonra oğlumun  təhsil aldığı Əhmədbəyli kənd orta məktəbində davam etdirildi. Mərasimdə onun qısa, lakin şərəfli  ömür yolundan,  xidməti şücaətindən danışıldı.  Çıxış edənlər dövlətimizin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi qayğıdan da bəhs etdilər. Bəli, ölkə Prezidenti İlham Əliyev torpaqlarımızın müdafiəsi uğrunda canından keçən Vətən oğullarını və onların ailə üzvlərini daim diqqət mərkəzində saxlayır. Onların həyat və məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi önəm verir. 

Oğlum  2009-cu ildə həqiqi hərbi xidmətdə olarkən Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşdə əsgər yoldaşlarının həyatını öz canı bahasına xilas edərək  şəhid olub.

Mən bir şəhid atası kimi torpaqlarımızın toxunulmazlığı uğrunda canlarından keçən mərd oğullarımızın xatirəsini əziz tutan hər kəsə, o cümlədən ölkə rəhbərinə ailəmiz adından minnətdarlığımı bildirirəm.

 

Xaləddin İSGƏNDƏROV,

şəhid atası