Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tikililərin park yerləri niyə boş qalır?

05 Noyabr 2017
 

Yollardakı sıxlığın bir səbəbi yaşayış binalarının, həmçinin kommersiya obyektlərinin layihə ilə nəzərdə tutulmuş avtomobil parklama  yerlərinin  istifadəyə verilməməsidir.

Binalar tikilir, mənzillər satılır, lakin illər ötsə də, bu park yerlərində inşaat işləri tamamlanmır, ya da  xidmət haqqının yüksək olması səbəbindən  sahə boş qalır. Tikinti şirkətləri layihənin bütünlüklə sona çatdırılmasına maraq göstərmirlər. Binaların altındakı  parklama sahələri təhlükəsizlik və havalandırma sistemləri ilə təchiz olunmalıdır. Bu da müəyyən məbləğdə xərc tələb edir. Sonradan  sahibkarların gözünə az görünən  gəlir gətirdiyindən  onlar bu işə  ciddi  maraq göstərmirlər. Beləcə, bir çox hallarda binaların  altındakı  park  yerləri  istifadəyə  yararsız  qalır. Sakinlər də avtomobillərini kiçik, onsuz da dar olan məhdud  sahəli həyətlərdə, yaxınlıqdakı  küçə  və yollarda saxlamaq məcburiyyətində qalırlar.

Təəssüf  ki, bəzi  tikililərin, ümumiyyətlə, layihə üzrə avtomobil park yeri olmur. Qazanc hərisliyi o qədər güc gəlir ki, bəzi sahibkarlar  və onlara bu şəraiti yaradanlar  kiçik bir yerdə bir neçə mərtəbəsi yerin altında, 5-6 mərtəbəsi də yuxarıda obyekt inşa edirlər. Məsələn, belə tikilidə  klinika açanda nəzərə almırlar ki, bir “ovuc” ərazisi olan yerə  sabah onlarca, bəzi hallarda yüzlərlə avtomobil yığılacaq. Onlar da haradasa  dayanmalı, durmalıdır.  Harada gəldi saxlayanda da  yollarda hərəkət məhdudlaşır, təhlükə artır və beləcə, birinin qazanmaq  eşqi  ictimai  problemlər  törədir.  Əslində, tikinti normativlərinə, memarlıq qaydalarına görə, belə hallar  yolverilməzdir. Amma reallıq bu tələblərə riayət edildiyini söyləməyə əsas vermir. Bu səbəbdən də  əksər  yeni tikililərin, küçələr boyu sıralanan obyektlərin, metrostansiyaların  birbaşa üstündə, ətrafında salınan ticarət “şəhərcik”lərinin həndəvərindən keçmək olmur.  Belə yerlərdə yaşayanların halını, gününü-güzəranını təsəvvür etmək də çətin deyil.

Maraqlıdır, illərdir haqqında danışılan, amma üzünü hələ də görə bilmədiyimiz  Bakının Baş Planında bu tikililər, memarlıq “inci”ləri də yer alıb, yaxud,  alacaq?  Unutmaq olmaz ki, biz bu gün təkcə öz dövrümüzün deyil, gələcək qarşısında da məsuluq. İnkişaf perspektivi nəzərə alınmasa,  bu gün şəhərsalmada yol verdiyimiz nöqsanlar  gələcək nəsillər üçün həlli müşkül problemə çevriləcəkdir. 

 

Elxan ELDAROĞLU,

Bakı  şəhər sakini