Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

YUNESKO-nun rəsmi fəaliyyətə başlamasından 71 il ötür

04 Noyabr 2017
Noyabrın 4-ü BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı - YUNESKO-nun rəsmi fəaliyyətə başladığı gündür.

AZƏRTAC xəbər verir ki, YUNESKO 1946-cı ildə 20 üzv dövlətlə rəsmi olaraq fəaliyyətə başlayıb. Qurumun fəaliyyəti təhsil, elm, mədəniyyət və kommunikasiya vasitəsilə insanların şüurunda sülhü müdafiə etmək ideyasını möhkəmləndirməyə yönəlib. Hazırda 200-ə yaxın dövlət, o cümlədən Azərbaycan YUNESKO-nun üzvüdür. İndiyədək təşkilatla elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişafı üçün mühüm sənədlər imzalanıb, tədbirlər həyata keçirilib.

Ulu öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı Sərəncamla YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb. 2005-ci ildə Prezident İlham Əliyev Milli Komissiya ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycan-YUNESKO əlaqələrinin inkişafında və möhkəmləndirilməsində Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri var. Təsadüfi deyil ki, 2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülüb.

Məhz Mehriban Əliyevanın ciddi səyləri nəticəsində muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bundan başqa, İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi istifadəyə verilib. Azərbaycanda Beynəlxalq Muğam festivalları keçirilib. 2009-cu ildə birinci Beynəlxalq Muğam festivalının keçirilməsi münasibətilə YUNESKO-nun o vaxtkı baş direktoru Koişiro Matsuura Azərbaycana səfər edib. Səfər çərçivəsində K.Matsuura Bakıda Müasir İncəsənət Muzeyinin açılış mərasimində və Novruz bayramı şənliklərində iştirak edib.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin YUNESKO çərçivəsində qeyd edilməsi də bu qurum ilə əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisi sayıla bilər. Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, “Leyli və Məcnun” operasının ilk tamaşasının, görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə bu sıradan olan digər tədbirlər YUNESKO çərçivəsində böyük təntənə ilə qeyd edilib.

Azərbaycanın gənc istedadları - Dövlət Gənclər Simfonik Orkestri və Uşaq xoru - “Azərbaycanın xoşməramlı mələkləri” də dəfələrlə YUNESKO-nun iqamətgahında çıxış ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan bütün bu tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini, möhtəşəmliyini nümayiş etdirməklə yanaşı, ölkəmiz haqqında həqiqətlərin yayılması baxımından da böyük önəm kəsb edir.

YUNESKO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün Bakıda da bir sıra beynəlxalq tədbirlər keçirilib.

2010-cu ilin iyulunda YUNESKO-nun baş direktoru İrina Bokova Azərbaycanda səfərdə olub, Qəbələdə İkinci Beynəlxalq Musiqi Festivalında iştirak edib, bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılması, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərinə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya “Qızıl Motsart” medalı təqdim edib.

Azərbaycan-YUNESKO əlaqələri ildən-ilə daha da genişlənir. 2011-ci ilin oktyabrında YUNESKO-nun Parisdəki mənzil-qərargahında təşkilatın 36-cı sessiyası keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiya çərçivəsində “YUNESKO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?” mövzusunda Liderlər Forumunda çıxış edib. 36-cı sessiyada Azərbaycan YUNESKO Baş Konfransının vitse-prezidenti seçilib. Bu, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yüksək fəaliyyəti sayəsində ölkəmiz ilə qurum arasında əlaqələrin bariz göstəricisidir.

2012-ci ilin oktyabrında isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Parisdə xoşməramlı səfirlərin dünyada təhsilin vəziyyətini öyrənmək üçün həyata keçirilən qlobal monitorinqin hesabatına həsr olunan illik toplantısında iştirak edib. Təsadüfi deyil ki, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də təhsilin inkişafıdır.

YUNESKO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə gerçəkləşən mədəni tədbirlər, Azərbaycanın inkişafı, tarixi, mədəniyyəti ilə bağlı təqdimatlar, ölkəmizin mədəni abidələri, təbiəti, səfalı yerləri, xalçaçılıq sənəti, mətbəxi barədə bir-birindən maraqlı nəşrlər, kataloqlar da ölkəmizin tanıdılması baxımından böyük önəm daşıyır. Azərbaycanın tanınmış incəsənət ustalarının, eləcə də gənc istedadların YUNESKO-nun iqamətgahında möhtəşəm çıxışları isə Azərbaycan mədəniyyətinin zənginliyini, möhtəşəmliyini bir daha nümayiş etdirir.