Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UNEC-də maarifləndirici tədbir: “Bakı-Tbilisi-Qars Azərbaycan iqtisadiyyatının yeni lokomotivi kimi”

03 Noyabr 2017
Noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə "İqtisadi maarifləndirmə" proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Heydər Əliyev Mərkəzi”ndə “Bakı-Tbilisi-Qars Azərbaycan iqtisadiyyatının yeni lokomotivi kimi" mövzusunda maarifləndirici tədbir keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun ölkənin enerji siyasətinin mahiyyətinin əhaliyə ətraflı çatdırılması istiqamətində gördüyü işlərdən danışıb.

Sonra Milli Məclisin deputatı Tahir Mirkişili “Bakı-Tbilisi-Qars - Azərbaycan iqtisadiyyatının yeni lokomotivi kimi” mövzusunda məruzə ilə çıxış edib.

T.Mirkişili beynəlxalq yükdaşımaların marşrutu barədə ətraflı məlumat verib, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən bir milyard dollardan çox gəlir əldə edəcəyini bildirib.

Azərbaycanın iştirakçısı olduğu digər beynəlxalq layihənin bu yaxınlarda işə düşəcəyini diqqətə çatdıran T.Mirkişili Şimal-Cənub beynəlxalq dəmir yolunun Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyası nəticəsində ölkənin əlavə böyük iqtisadi fayda götürəcəyini vurğulayıb.

Məruzə ilə bağlı suallar ətrafında müzakirələr aparılıb.