Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanla Avropa İttifaqı baytarlıq sahəsində heyvanların identifikasiyası ilə bağlı əməkdaşlığı genişləndirəcək

03 Noyabr 2017
Azərbaycanla Avropa İttifaqı arasında baytarlıq sahəsində heyvanların identifikasiyası ilə bağlı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, müzakirələr kənd təsərrüfatı naziri Heydər Əsədovla Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskasın görüşündə aparılıb. Qeyd olunub ki, hazırda respublikada baytarlıq laboratoriyaları yenidən qurulub, ən müasir avadanlıqlarla təchiz edilib və onların Aİ tərəfindən beynəlxalq səviyyədə akkreditasiyasına dəstək verilməsinin zəruriliyi nəzərə çatdırılıb. Həmçinin heyvanların qeydiyyatını aparmaqla milli sistemin yaradılmasının vacibliyi qeyd edilib. Bunun da öz növbəsində ərzaq təhlükəsizliyinin təmin olunmasına layiqli töhfə verəcəyi xüsusi vurğulanıb.

Görüşdə “Azərbaycan Respublikasında Kənd Təsərrüfatı Məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş əsas hədəflərə nail olmaq üçün həyata keçirilən tədbirlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Nazir Strateji Yol Xəritəsində nəzərdə tutulan hədəflərə nail olmaq üçün Aİ və mötəbər qurumun ekspertləri ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Səfir Kestutis Jankauskas Aİ ilə ölkəmiz arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə, həmçinin Avropa İttifaqının maliyyələşdirdiyi “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinin əhəmiyyətindən danışılıb, layihəsinin başa çatmasına baxmayaraq, əsas prioritetlər üzrə əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun hesab edilib.