Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Piter Teys: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır

03 Noyabr 2017
Ölkəmizdə səfərdə olan amerikalı jurnalist, politoloq Piter Teys noyabrın 3-də Bakı Slavyan Universitetində (BSU) son mühazirəsini oxuyub.

AZƏRTAC xəbər verir ki, tələbələr qarşısında çıxış edən P.Teys mühazirəsində dünyada iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycanın sürətli iqtisadi yüksəlişini xalqın vətənpərvərlik ruhda olması və dövlətə inamı ilə əlaqələndirib.

Dağlıq Qarabağ münaqişəsindən söz açan amerikalı jurnalist problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb. Ermənistan rəhbərliyinin insanlığa zidd hərəkətlərindən danışan məruzəçi Azərbaycan xalqının ədalətsiz müharibəyə cəlb edildiyini və bu işğalçı siyasətin sonda ermənilər üçün ağır nəticələr verəcəyini diqqətə çatdırıb.

Jurnalistlik fəaliyyətində həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini bildirən P.Teys indiyədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 400-dən artıq məqalə yazdığını vurğulayıb. O deyib: “Müvafiq məsələ ilə bağlı bundan sonra da öz mövqeyimdə qalacağam. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva münaqişənin sülh yolu ilə həlli istiqamətində əllərindən gələni edirlər”.

Azərbaycanın çoxmillətli, multikultural ölkə olduğunu qeyd edən amerikalı jurnalist burada bütün xalqların nümayəndələrinin sülh şəraitində yaşadıqlarını, heç bir ayrı-seçkiliyə məruz qalmadıqlarını xüsusi vurğulayıb.

Məruzəçi deyib ki, Prezident İlham Əliyevin apardığı siyasət, Bakıda bir-birinin ardınca keçirilən “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, birinci Avropa Oyunları, İslamiada kimi mötəbər tədbirlər bu ölkənin dünya xalqları tərəfindən daha yaxından tanınmasına gətirib çıxardıb.

Sonda tələbələrin “Bir çox ölkələrin Dağlıq Qarabağ məsələsində bizim haqlı olduğumuzu bildikləri halda niyə Ermənistan tərəfini dəstəkləyirlər, onlara yardım edirlər?” sualını P.Teys bu cür cavablayıb: “Onlar bunu pul xətrinə, ermənilərin silah-sursat və hərbi texnika satışından əldə etdikləri vəsaitlərin hesabına edirlər”.