Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Heyva- sarı rəngli ətirli meyvə...

03 Noyabr 2017
Qədim Yunanıstanda heyva Paris tərəfindən sevgi ilahəsi Afroditaya bağışlanmış qızıl alma kimi tanınır. Qədimdən sevgi rəmzi kimi tanınan heyvanın 10-dan artıq sortu var. Meyvənin təbii arealı İran və Orta Asiyanı əhatə edir.

AZƏRTAC xəbər verir ki, heyva sidoniya adı ilə eramızdan 700 il əvvəl yayılıb. Meyvənin ən yaxşı sortları Krit adasında yerləşən Sidon şəhərində becərildiyinə görə onu belə adlandırıblar.

Xoş ətrinə görə yaxşı yetişmiş heyvanı dolabın başına qoyar və ya hündür yerdən asarlar ki, qoxusu evə yayılsın. Tənək yarpağı olmayanda dolmanı heyvanın təzə çıxan uc yarpaqlarına bükür, hətta bəzən xoş iyinin xörəyə hopması üçün dolmanın üzərinə bir neçə heyva yarpağı qoyurlar.

Onun şəfası barədə hələ qədim insanlar da məlumatlı idilər. Məsələn, qədim dövrlərdə romalılar ətirləri heyva tumu ilə zənginləşdirərdilər. İndi isə ən bahalı kremlərin xam maddəsini heyva tumu və digər inqrediyentlər təşkil edir. Ona görə də heyva tumu gözəllik sektorunda daha çox gənclik eliksiri kimi tanınır.

Heyva antioksidant xüsusiyyəti sayəsində yara və ləkələri yox edir, o cümlədən sızanaqlar üçün də təbii dərman funksiyasını yerinə yetirir. Sarı rəngli heyva pektinlə zəngin olduğuna görə zərərli peşə sahələrində çalışanlara onunla qidalanmaq tövsiyə edilir. Heyvanın toxumlarından alınan selik iltihab əleyhinə və bəlğəmgətirici kimi səmərəli təsir göstərir. Həmin seliklə yanıq və seboreyaları müalicə edirlər. Heyvanın şirəsi antiseptik, qankəsici, büzücü və sidikqovucu təsir göstərir, ürək-damar və tənəffüs sistemi xəstəliklərində, xüsusilə bronxial astmada məsləhət görülür. Bişmiş meyvələri qusma əleyhinə müsbət təsir edir.

Təzə heyva şirəsi qanazlığı əleyhinə, bişirilmiş heyva meyvəsi isə qaraciyər xəstəliklərinin müalicəsində və qusma əleyhinə vasitə kimi səmərəli vasitədir. Yarpağının sulu dəmləməsi bronxial astma tutmalarını zəiflədir və tamamilə dayandırır.

Onun yetişdiyi ağacın qabığından ətirli və dadlı çay dəmləmək olur. Heyva tumunun dəmləməsi sinəni yumşaldır, öskürək və xırıltını təmizləyir.