Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında

03 Noyabr 2017
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2018-ci ilin may ayında Azərbaycanın görkəmli kimyaçı alimi, əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Fətulla oğlu Nağıyevin anadan olmasının 110 illiyi tamam olur.

Murtuza Nağıyev zəngin fəaliyyəti sayəsində Azərbaycan elminə dəyərli töhfələr vermiş və kimya üzrə yeni istiqamətin yaradıcısı kimi yüksək nailiyyətlər qazanmış alimlərdəndir. O, kimya texnologiyası ilə əlaqədar komplekslərin riyazi modelləşdirilməsinin bünövrəsində dayanan nəzəriyyənin əsas prinsiplərini işləyib hazırlamış, kimyəvi proseslərin tədqiqində klassik ənənələrdən fərqlənən yeni yanaşma üsulu müəyyən etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycanda kimya elminin, neft kimyası və texnologiyasının inkişaf etdirilməsi, həmçinin yüksək ixtisaslı kimyaçı kadrların hazırlanması sahəsində mühüm xidmətlərini nəzərə alaraq akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Murtuza Nağıyevin 110 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 noyabr 2017-ci il