Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Milli Məclisinin və Rusiya Federal Məclisinin əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın 14-cü iclası keçirilib

02 Noyabr 2017
Noyabrın 2-də Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın 14-cü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Milli Məclis sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri Valeh Ələsgərov ölkələrimizin və qanunverici orqanların əməkdaşlığının getdikcə daha da möhkəmləndiyini deyib.

Rusiya tərəfindən ikitərəfli komissiyanın həmsədri, Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Azərbaycanın yüksək mükafatı - “Dostluq ordeni” ilə təltif olunmasına görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkür edib. Bildirib ki, belə bir yüksək mükafatı Prezident İlham Əliyevdən qəbul etmək böyük şərəfdir. O, bu yüksək mükafatın iki ölkə arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyini deyib. Bildirib ki, Rusiyanın qanunverici orqanları da əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə azərbaycanlı həmkarlarını təltif edib. Rusiya Dövlət Dumasının Xatirə Medalı Milli Məclis sədrinin müavini Valeh Ələsgərova, Rusiya Federasiyası Federasiya Şurasının fəxri fərmanları isə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova və regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərova təqdim olunub.
Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik, tibb elmləri doktoru, professor Əhliman Əmiraslanova isə Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar Elm Xadimi fəxri adı ilə təltif olunması barədə vəsiqə və döş nişanı təqdim edilib.

İclasda Parlamentlərarası İttifaqın 2017-ci il oktyabrın 14-17-də Sankt-Peterburqda keçirilmiş 137-ci Assambleyasının iclasının əsas yekunları və konfessiyalararası dialoqun inkişaf etdirilməsi sahəsində Rusiya və Azərbaycanın qarşılıqlı fəaliyyəti, elm, texnologiya və intellektual mülkiyyətin inkişafı sahəsində Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığının vəziyyəti və genişlənmə perspektivləri, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi, Rusiya və Azərbaycanın regionlar səviyyəsində qarşılıqlı əlaqəsinin inkişafı barədə məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Çıxış edən parlamentlərarası komissiyanın üzvləri müzakirə olunan məsələlərə münasibətlərini bildiriblər. İclasda parlamentlərarası komissiyanın növbəti 15-ci iclasına dair təşkilati məsələlərə də baxılıb.
Bununla da Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın 14-cü iclası başa çatıb.