Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Qarabağ” “Atletiko”nu Madriddə də məyus etdi

02 Noyabr 2017
 

Oktyabrın 31-də UEFA Çempionlar Liqasında dördüncü turun oyunları keçirilmişdir. Liqanın “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası Madriddə “Atletiko”nun qonağı olmuşdur.

Gözlənildiyi kimi, mübarizə sürətli və qarşılıqlı hücumlarla başlamışdır. “Qarabağ” ilk təhlükəli vəziyyəti matçın 11-ci dəqiqəsində yaradıb. Hesabı isə 40-cı dəqiqədə açıb. Künc zərbəsindən ötürülən topa başla dəqiq zərbə endirən Miçel komandasını hesabda irəli çıxarıb - 1:0.

Oyunun ilk hissəsi bu hesabla da başa çatıb.

Ev sahibləri ikinci hissəyə sürətli hücumlarla başlayıblar. İkinci hissənin ən təhlükəli qol vəziyyəti 49-cu dəqiqədə qeydə alınıb. Korreanın zərbəsindən sonra İ.Şehiçin geri qaytardığı topa Qameyro zərbə vursa da, top qapıdan aralı keçib. Hesabı bərabərləşdirmək üçün təzyiqi artıran “Atletiko” futbolçuları 56-cı dəqiqədə istəklərinə çatıblar. Tomas Parte qüvvətli zərbə ilə topu doqquzluğa göndərərək hesabı bərabərləşdirib - 1:1.

Təəssüf ki, görüşün 58-ci dəqiqəsində Pedro Enrike qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını meydanda azlıqda qoyub. Bundan sonra “Atletiko” təzyiqləri daha da artırıb. Matçın 88-ci dəqiqəsində hakim növbəti qırmızı vərəqəni madridlilərin heyətində Saviçə göstərib.

Oyunun son dəqiqələrində “Atletiko” futbolçularının ardıcıl hücumları qarşısında inamla müdafiə olunan “Qarabağ” komandası epizodlarda qapısını toxunulmaz saxlamağı bacarıb. Bununla da ağdamlılar UEFA Çempionlar Liqasında ilk səfər xalını aktivinə yazdıra biliblər. Beləliklə, səfərdə 1:1 hesablı sərfəli nəticəyə nail olan Ağdam təmsilçisi Bakıda olduğu kimi, səfərdə də “Atletiko” komandasından 1 xal almağı bacarıb.

Bu qrupun digər oyununda “Roma” öz meydanında “Çelsi”nin qapısından üç cavabsız top keçirib.

Dörd turdan sonra “C” qrupunda 8 xalla “Roma” komandası liderlik edir. “Çelsi” 7 xalla ikinci, “Atletiko” isə 3 xalla üçüncüdür. “Qarabağ” komandasının iki xalı var.

Ağdam təmsilçisi qrup mərhələsinin beşinci turunda - noyabrın 22-də Bakıda “Çelsi”ni qəbul edəcək. “Qarabağ” dekabrın 5-də keçiriləcək sonuncu görüşdə “Roma”nın qonağı olacaq.

Oyundan sonra keçirilən mətbuat konfransında “Atletiko”nun baş məşqçisi Dieqo Simeone demişdir: “Biz oyuna yaxşı başladıq. Lakin hücumlarda dəqiq oynaya bilmədik və ilk hissədə qol buraxdıq. Bundan sonra daha gərgin oynamağa başladıq. İkinci hissədə çox yaxşı oynadıq, hücumda çoxsaylı təhlükəli vəziyyətlər yaratdıq. Lakin “Qarabağ”ın qapıçısı və ümumiyyətlə, komanda əla oyun göstərərək çox yaxşı müdafiə olundu. Biz həmişə eyni səviyyədə oynayırıq. Ola bilər ki, əvvəlki illərdə bu  cür oyunlarda qalib gəlirdik. Oyunda qalib gələndə hamı sənin gücündən, uğurundan danışır. Qol vura bilməyəndə isə fikirlər fərqli olur”.

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov: “Çox çətin oyun oldu. Futbolçularımla fəxr edirəm. Biz çox güclü qrupda mübarizə aparırıq. Bu cür oyunlar futbolçularımın təcrübə qazanması üçün çox önəmlidir. Belə oyunlara ehtiyacımız var. Futbolçular hətta məğlub olsalar da, oyundan həzz almalıdırlar. Belə oyunlarla potensialımızı inkişaf etdirmək istəyirik”.

İspaniyalı jurnalistin UEFA-nın gələn ildən qüvvəyə minəcək qərarı ilə “Qarabağ” kimi komandaların Çempionlar Liqasının qrup mərhələsinə gedən yolunun daha çətin olacağı ilə bağlı sualına cavab verən Q.Qurbanov deyib: “Əlbəttə, biz bu turniri gördükdən sonra burada hər il iştirak etmək istərdik. Bunu etmək daha çətin olsa da, potensialımızı artırmağa çalışmalıyıq. UEFA-nın qaydaları nəyi tələb edirsə, ona uyğun hərəkət edəcəyik”.

 

“Azərbaycan”