Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Texniki Universitetində Milli qəhrəmanların xatirə muzeyi yaradılıb

01 Noyabr 2017
Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) gənclərin milli vətənpərvər ruhda tərbiyələndirilməsi məqsədilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə AzTU-nun həyətində şəhid məzunların xatirə kompleksi önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.

Sonra universitetin məzunu olmuş şəhid və Milli qəhrəmanların xatirə muzeyinin açılışı olub.

Açılış mərasimində AzTU-nun prorektoru İlham Pirməmmədov bildirib ki, bu universitetin məzunları arasında on Milli Qəhrəman var. Onların fəaliyyəti, döyüş yolu, qəhrəmanlıqları hər zaman tələbələr üçün örnəkdir. Prorektor deyib ki, xatirə muzeyində AzTU-nun məzunu olmuş Milli qəhrəmanlarla yanaşı, universitetin 1990-cı ilin əvvəllərində Vətənin bütövlüyü, suverenliyi uğrunda canını fəda edən şəhid məzunları, o cümlədən ötən ilin aprelində Azərbaycan xalqına şanlı zəfər bəxş edən igidlərin xatirə lövhələri, onlar haqqında məlumatlar var.

Digər çıxış edənlər muzeyin önəminə diqqət çəkərək vurğulayıblar ki, universitetdə xatirə muzeyinin yaradılması tələbələrdə vətənpərvərlik hissini daha da gücləndirəcək.

Sonra iştirakçılar 1997-ci ildə əsir düşməmək üçün özlərini partlatmış yeddi nəfər xüsusi təyinatlı kəşfiyyatçımıza həsr olunmuş “Səkkiz oğul istərəm...” filminin təqdimat mərasiminə toplaşıblar.

Azərbaycanın ilk hərbi diktoru Şəmistan Əlizamanlının aparıcılığı ilə keçirilən təqdimat mərasimində bildirilib ki, 1997-ci il aprelin 7-də səkkiz nəfərdən ibarət xüsusi təyinatlı kəşfiyyat qrupu xüsusi tapşırıqla düşmənin arxasına göndərilib. Kəşfiyyat qrupu düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəliləyərək tapşırığı yerinə yetirib. Bu çox vacib əməliyyat olub. Lakin qrup geri qayıdarkən təsadüfən düşmən tərəfindən aşkarlanıb. Kəşfiyyatçılarımız mühasirə şəraitində müxtəlif manevrlər edərək üç gün döyüşüblər. Həmin döyüşlər gedən zaman xüsusi qurğularla düşmənin radio danışıqlarından nə baş verdiyini müəyyənləşdirmək mümkün olub. Alınan məlumatlardan bəlli olub ki, mühasirə həlqəsi daralan kəşfiyyatçılarımız ermənilərə çox ciddi zərbələr endiriblər. Düşmən həm canlı qüvvə, həm də texnika sarıdan itkilər verib. Mühasirə tam daraldıqda isə ermənilər onları təslim olmağa çağırıblar. Amma kəşfiyyatçılarımız onların bu təklifini rədd edib sonadək döyüşüblər və qumbara ilə özlərini partladaraq şəhid olublar. Onlardan yalnız biri, çavuş Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb.

Kəşfiyyatçılarımız haqqında qısa məlumat verildikdən sonra Rey Kərimoğlunun ssenarisi əsasında rejissor Nicat Kərimovun lentə aldığı “Səkkiz oğul istərəm...” filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra qəhrəmancasına canını fəda etmiş kəşfiyyatçıların ailə üzvlərinə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən təsis edilmiş medallar verilib.

Şəhid kəşfiyyatçı, leytenant Vüqar Yarəhmədovun adını daşıyan oğlu, AzTU-nun tələbəsi Vüqar Yarəhmədov çıxış edərək atası ilə fəxr etdiyini söyləyib, şəhidlərin, o cümlədən atasının adının uca tutulduğu üçün ölkə Prezidentinə minnətdarlığını bildirib.

AzTU-nun prorektoru İsa Xəlilov qeyd edib ki, universitetdə hərbi vətənpərvərlik ideyası hər zaman önə çəkilib. Filmin qəhrəmanları olan kəşfiyyatçılarımızın şücaəti hətta düşməni də heyran qoyub. Ermənistan hərbi ideoloqları kəşfiyyatçılarımızın bu igidliyini öz əsgərlərinə nümunə göstərmək üçün hərbi qaydada, ehtiramla dəfn ediblər. Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, ehtiyatda olan polkovnik Şair Ramaldanov, xüsusi təyinatlıların komandiri, polkovnik Xətai Baxışov və başqaları bu əməliyyatın önəmindən danışıb, kəşfiyyatçılarımızın nəşinin, həmçinin sağ qalan çavuş Aqil Əhmədovun düşməndən alınması ilə bağlı məlumat veriblər. Bildirilib ki, yalnız altı aydan sonra – oktyabrın 14-də ulu öndər Heydər Əliyevin səyi nəticəsində onların cəsədləri düşməndən alınıb və iki gün sonra Bakıda, II Şəhidlər xiyabanında dəfn edilib.

Sonda Ş.Əlizamanlı vətənpərvərlik mövzusunda mahnılar ifa edib.