Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa İttifaqı ADA Universiteti ilə yeni üçillik layihəyə başlayır

01 Noyabr 2017
Noyabrın 1-də Avropa İttifaqı Azərbaycan universitetlərində tədris və tədqiqat potensialını artırmaq məqsədilə ADA Universiteti ilə yeni üçillik layihəyə başlayır.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə icra edilən bu layihə ADA Universitetini və onun Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzini texniki yardım vasitəsilə dəstəkləyəcək. İki milyon 200 min avro büdcəyə malik layihə “GOPA Worldwide Consultants” şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra edilir. Konsorsiuma Alman Akademik Mübadilə Xidməti, Maastrixt İdarəçilik Məktəbi və Bolonya Universiteti daxildir.

Layihənin məqsədi təşkilati infrastrukturun yaradılması, tədris, tədqiqat, təbliğat fəaliyyətləri istiqamətlərində universitetin potensialının gücləndirilməsidir.

Layihənin açılışı ilə bağlı keçirilən tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə jurnalistlərə bildirib ki, layihənin həyata keçirilməsində məqsəd tədqiqatçıların və tələbələrin Avropa İttifaqı ilə bağlı biliklərini artırmaq, onlar üçün peşəkar təlimlər keçirmək, Avropa institutlarının, universitetlərinin təcrübəsini Azərbaycana gətirməkdir. Layihə çərçivəsində 30 ay müddətində professorlar, tədqiqatçılar üçün müxtəlif treninqlər keçiriləcək. Eyni zamanda, əldə edilən tədqiqat layihələri Avropa institutlarında və universitetlərində tədqiq olunacaq.