Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Linda Lanzillota: İtaliya Azərbaycan ilə əlaqələrin inkişafına böyük maraq göstərir

01 Noyabr 2017
Noyabrın 1-də Milli Məclisin sədri Oqtay Əsədov İtaliya Senatının sədr müavini Linda Lanzillotanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Oqtay Əsədov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Vurğulayıb ki, siyasi münasibətlərlə yanaşı, iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Bu günədək ölkələrimiz arasında 40-a yaxın sənəd imzalanıb.

Parlamentlərarası münasibətlərin əhəmiyyətindən danışan Milli Məclisin sədri hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib.

İtaliya Senatının sədr müavini Linda Lanzillota ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafına böyük maraq göstərdiyini xüsusi vurğulayıb. Əminliyini bildirib ki, onların bu səfəri iki ölkə arasındakı əlaqələrin inkişafına müsbət təsirini göstərəcək. Qonaq parlamentlər səviyyəsində əməkdaşlığın dərinləşməsindən də söz açıb. Deyib ki, bu cür qarşılıqlı səfərlər əlaqələrin inkişafına öz töhfəsini verəcək.

“Bakı gözəl və müasir şəhərdir. Buradakı müasir memarlıq üslubunda olan binalar bizi valeh etdi. Bütün bunlar Azərbaycanın inkişafının göstəricisidir. İtaliya Azərbaycan ilə iqtisadi, enerji sahələrində tərəfdaşdır. Təkcə bu sahələr deyil, həmçinin mədəni sahədə də əlaqələrimiz mövcuddur”, - deyə Linda Lanzillota vurğulayıb.