Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakının musiqili payızı

01 Noyabr 2017
 

Paytaxt sakinləri bu dəfə dünyanın məşhur cazmenlərinin canlı ifalarını dinlədi

 

Musiqinin dili digər sənətlərdən  fərqlidir. Doğrudur, burada nostalji hislər də az deyil, lakin ümumilikdə götürdükdə, musiqi insana itirdiyi enerjini qaytaran, ruhunu belə müsbət ovqata kökləyən vasitədir. Məhz elə bu keyfiyyətlərinə görə, janrından asılı olmayaraq, hər bir xalqın musiqisi sevilir, dinlənilir və bəzən də “özününküləşdirilir”.

Azərbaycan xalq mahnıları və muğamları dünyanı fəth edir. Nəğmələrimiz müxtəlif xalqların dilində ifa olunur, UNESCO-nun qeyri-maddi irs siyahısına salınır.

Paytaxt Bakı, eləcə də  hərtərəfli inkişafı ilə diqqət çəkən respublikamızın regionları da mədəniyyət mərkəzlərinə çevrilib. Bir-birinin ardınca keçirilən teatr, musiqi festivalları artıq ənənə halını alıb.

Bakının builki payızı da musiqili, nəğməli keçir.  Oktyabrın 20-də paytaxtda başlayan ənənəvi Beynəlxalq Caz Festivalı bu qəbildən idi. Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A+A Events” şirkəti və “The Landmark Hotel Baku”nun təşkilatçılığı ilə açılış mərasimi “Elektra Events Hall”da keçirilən Beynəlxalq Caz Festivalı oktyabrın 28-dək davam etdi. Bu müddət ərzində caz musiqisi həvəskarları Fransa, ABŞ, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Meksika, Polşa, eləcə də Azərbaycanın tanınmış ifaçı və qruplarının çıxışlarını dinlədilər.

Festivalın proqramı olduqca zəngin idi. Buraya caz sənətinə dair ustad dərsləri, seminarlar və film nümayişləri də daxil edilmişdi. Tədbir çərçivəsində oktyabrın 20-də “Landmark”da iki rəsm sərgisi açıldı ki, burada şagirdlərin 60-dan çox yağlı boya, qarışıq texnika, akvarel və batika janrlarında çəkdikləri rəsmlər nümayiş olundu. Əsasən caz janrının görünən və görünməyən tərəflərinə, məşhur cazmenlərin portretlərinə həsr edilmiş sərgi tamaşaçılarda xoş təəssürat yaratdı.

Festivalın proqramı uşaq caz konsertləri, kino-caz günləri, caz sənətinə həsr olunan ustad dərsləri, seminarlar və film nümayişi ilə  yadda qaldı. Oktyabrın 21-də festival çərçivəsində Almaniyanın “Siminoloc” caz kvartetinin iştirakı ilə ustad dərsləri təşkil edildi. Oktyabrın 23-də isə “Landmark”da məşhur vokalçılardan olan Təranə Mahmudova və Elbəy Məmmədzadənin konserti keçirildi. Həmin caz axşamında Təranə Mahmudovanı pianoda Elbəy Məmmədzadə, bass-gitarada Levan Deisadze, zərb alətlərində Zaza Tsertsvadze müşayiət etdilər. Həmin gün “YARAT” Müasir İncəsənət Mərkəzində  də caz musiqisindən ibarət konsert  verildi. “Ukraynanın parlaq uşaqları” ictimai təşkilatı və Ukraynanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşən konsertdə milli koloritli mahnılarla yanaşı, məşhur caz hitləri də ifa olundu. Konsert çərçivəsində belaruslu Maşa Yermakova isə “Oops” mahnısını səsləndirdi.

Oktyabrın 23-də “Rotunda” caz klubunda əvvəlcə norveçli cazmen, saksafonçu Bendik Hofsethin kvarteti, sonra isə Polşadan Artur Dutkieviçin triosu konsert verdi. Konsert görkəmli caz ifaçısı, xalq artisti Rafiq Babayevin xatirəsinə həsr olunmuşdu. Tədbirdə “Azəri Jazz” musiqi qrupu da sənətsevərlərin görüşünə gəlmişdi.

Oktyabrın 28-dək davam edən festivalın əsas qonaqları arasında dünya şöhrətli fransız akkordeonçu Rişar Qalyano da var idi.

Festivalda “Kennedy Administreyşn” (ABŞ) qrupu, Bob Stenson (İsveç), Mixael Bortslava (Niderland), Omri Mor (İsrail), Ondera Forca (Türkiyə), Bendik Xofset (Norveç), Edmar Kastaneda (Kolumbiya), Pako Penteria (Meksika), Artur Dutkeviç (Polşa) və başqa tanınmış cazmenlər, habelə Azərbaycanın caz ifaçıları iştirak edirdilər.

Bakı Beynəlxalq Caz Festivalı ərəfəsində ənənəvi olaraq gənc ifaçılar arasında “I am Jazzman” adlı beynəlxalq müsabiqə də təşkil edildi. Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində “I am Jazzman” müsabiqəsinin qala konserti və qaliblərin mükafatlandırılma mərasimi keçirildi. Azərbaycan, Koreya, Özbəkistan, İtaliya, Rusiya və Ukraynadan olan gənc ifaçılar klassik və müasir caz musiqi nömrələrini təqdim etdilər.  Müsabiqədə caz nominasiyası üzrə I, II və III yerlərə müvafiq olaraq Le Seat Nair, Anastasiya Budakova, Cəmilə Nəsirzadə layiq görüldü. İnstrumental nominasiyada isə Maksim Medvedev və Nurlan Abdullayev I, Məhəmməd Məhəmmədli II, Yulya Perminova isə III yerləri tutdular.

2002-ci ildən başlayaraq Bakıda hər il müxtəlif təşkilatlar tərəfindən festivallar keçirilir, dünya caz musiqisinin təmsilçiləri azərbaycanlı ifaçılarla bir səhnəni bölüşürlər. 2009-cu ildən isə Bakı Beynəlxalq Caz Festivalı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilir.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”