Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əsas hədəf ölkədə turizmi inkişaf etdirməkdir

31 Oktyabr 2017
Mingəçevir Turizm Kollecində “Azərbaycanda sağlamlıq-rekreasiya turizminin inkişaf istiqamətləri və mövcud imkanlar” mövzusunda regional konfrans keçirildi.

Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Turizm və Menecment Universiteti, Qəbələ və Mingəçevir Turizm İnformasiya Mərkəzləri, Mingəçevir, Qəbələ və Naftalanın turizm, sanatoriya-kurort komplekslərinin nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycanda turizmin inkişaf yolundan danışaraq artıq yeni bir mərhələyə qədəm qoyulduğunu vurğuladı. O, ölkədə, xüsusilə Mingəçevirin də daxil olduğu coğrafiyada mövcud sağlamlıq rekreasiya turizmini daha da müasirləşdirmək, yeni infrastrukturlar yaratmaqla sağlamlıq turizmini inkişaf etdirməyin mümkün və zəruri olduğunu bildirdi. Ə.Əyyubov qeyd etdi ki, “Azərbaycanda turizm və rekreasiya zonaları haqqında Nümunəvi Əsasnamə”,”2009-2018-ci illər ərzində Azərbaycanda kurortların inkişafı üzrə Dövlət Proqramı”, “Turizmin inkişafına dair Strateji Yol Xəritəsi” və digər hüquqi sənədlər Azərbaycan turizminin inkişafına dövlət səviyyəsində qayğıdan xəbər verir. O dedi: “Biz bu sahədə ciddi yeniliklərin tətbiq olunduğuna şahidik. Naftalan kurort istirahət komplekslərinin yenidən qurulması, müasir tələblərə cavab verən infrastrukturların yaradılmsı, bölgədə yerləşən qədim mədəniyyət abidələrinin bərpası və həyata keçirilmiş başqa tədbirlər buna sübutdur. Yaşadığımız coğrafiyada ta qədimdən insanların sağlamlığına müsbət təsiri ilə yadda qalan xeyli müalicəvi su mənbələri, tarixi mədəniyyət nümunələri və digər təbiət resursları mövcuddur. Həmin sahələrin perspektivləri barədə daha dərin araşdırma və təhlillər apararaq , yeni səmərəli addımlar atılmalıdır. Xüsusilə də sağlamlıq rekreasiya turizmi əsas inkişaf hədəfinə çevrilməlidir”.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Elm-Təhsil və Gənclərlə iş şöbəsinin əməkdaşı Cavid Əliyev, Mingəçevir şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev, Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov və Qəbələ Turizm İnformasiya Mərkəzinin direktoru Anar Məhərrəmov və başqaları çıxış edərək müzakirə olunan mövzuların əhəmiyyətini qeyd etdilər. Bildirdilər ki, Mingəçevir şəhəri də sağlamlıq-rekreasiya turizminin inkişaf etdirilməsi baxımından yüksək potensiala və real imkanlara malik bir coğrafiyada yerləşir.
Konfransda “Azərbaycanın rekreasiya-turizm ehtiyatları”, “Turizm ehtiyatlarının sosial-iqtisadi mahiyyəti”, “Azərbaycanın sanatoriya, kurort müəssisələri”, “Azərbaycanın Milli Parkları və onlardan turizm məqsədilə istifadə imkanları”, ”Rekreasiya-turizm rayonlaşdırılması” və digər mövzularda edilən məruzələr maraqla qarşılandı.
Sonda tələbə özfəaliyyət qrupu tərəfindən ədəbi-bədii kompozisiya nümayiş olundu. Konfrans iştirakçıları Azərbaycanın turizm özəlliklərindən bəhs edən sərgiyə və video-çarxa baxış keçirdilər.

 

Lazım QULİYEV,
“Azərbaycan”