Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib

31 Oktyabr 2017
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.

Azərbaycan Prezidenti İlham ƏLİYEV iclasda çıxış edərək dedi:

-Hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli qonaqlar.

Mən sizin hamınızı ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Cənab Prezident, biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu gün biz təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Bir daha görürük ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Əlaqələrimizin inkişafı ilə bağlı bizim fikirlərimiz üst-üstə düşür.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bugünkü toplantısı da əminəm ki, çox uğurlu nəticə verəcək. Gündəlikdə bir çox məsələlər var - siyasi əlaqələr, beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz, iqtisadi sahədə əməkdaşlıq, hərbi, hərbi-texniki əməkdaşlıq, təbii ki, enerji, nəqliyyat məsələləri. Yəni, gündəlik kifayət qədər genişdir və bütün istiqamətlər üzrə çox yaxşı nəticələr var. Bizim qəbul etdiyimiz qərarlar icra edilir və hökumətlərarası birgə komissiya da çox uğurla fəaliyyət göstərir.

Əminəm ki, bu gün geniş tərkibdə müzakirə ediləcək məsələlər də yaxşı nəticələrə gətirib çıxaracaq. Bir daha xoş gəlmisiniz.

 

x x x

 

Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN çıxış edərək dedi:

- Hörmətli Prezident, dəyərli heyət üzvləri. Əvvəlcə, gəldiyimiz andan bəri göstərdiyiniz qonaqpərvərliyə görə həm adımdan, həm də nümayəndə heyətim adından çox təşəkkür edirəm.

Dünən və bu gün keçirdiyimiz görüşlərlə birlikdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın, dostluğun necə yüksək səviyyəyə çatdırıldığını xüsusilə sevinc içərisində müşahidə edirik.

Xüsusilə indi Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, atdığımız addımın nəticəsini görmək bizi çox qürurlandırır. Dünən 15 dəqiqəlik dəmir yolu səyahətimizi vətəndaşlarımız, xalqlarımız gördülər. İnşallah, onların tezliklə təkcə Qarsdan Bakıya deyil, Pekinə, Londona getdikləri günləri də hamımız birlikdə görəcəyik və dualarını eşidəcəyik. Bu münasibətlə dəyərli qardaşım Sizə, həmçinin memarından mühəndisinə, podratçısına qədər bütün firmalara, əməyi olan bütün nazir yoldaşlarımıza çox təşəkkür edirəm.

Bu münasibətlə bu gün keçirdiyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının da xeyirli olmasını diləyirəm. Sağ olun.