Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı-Tbilisi-Qars İlham Əliyevin şah əsərlərindəndir

31 Oktyabr 2017
Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən iclasda 38 məsələ müzakirəyə çıxarılmışdı.

İlk olaraq iclasda “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə  Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər,Ltd., Ekson Azərbaycan Limited, İnpeksSausvestKaspian Si, Ltd., İtoçuOylEksploreyşn (Azərbaycan) İnk., ONGC VideşLimited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin  qəbul və təsdiq  edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarıldı.

Sənədlə bağlı məlumat verən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri  Valeh Ələsgərov bildirdi ki, yenilənmiş saziş bu il sentyabrın 14-də Bakıda imzalanıb. 1995-2017-ci illər ərzində Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin icrası prosesində layihə üzrə ümumi xərclərin həcmi 43,5 milyard dollar təşkil edib. Bunlardan da əsaslı xərclər, yəni kapital qoyuluşları 35 milyard dollara yaxın olub. Layihənin icra olunduğu müddətdə Azərbaycanın payına düşən gəlirlər 130 milyard dollara yaxın mənfəət nefti şəklində çatıb. Podratçı tərəflər 15 milyard dollara yaxın mənfəət vergisi ödəyib.

Müzakirələr zamanı çıxış edən deputatlar Vahid Əhmədov, Əli Məsimli, Aydın Mirzəzadə, Tahir Kərimli, Sahibə Qafarova və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov sənədin Azərbaycan dövlətinin və xalqının maraqlarına cavab verdiyini vurğuladılar.

Qeyd olundu ki, Azərbaycan Prezidentinin siyasi iradəsi sayəsində oktyabrın 31-də istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı da tarixi nailiyyətdir. Parlamentin müzakirəsinə verilmiş yeni neft-qaz sazişi də geosiyasi, regional, iqtisadi baxımdan ölkəmizin qüdrətini daha da möhkəmləndirəcəkdir. Azərbaycan Prezidentinin strateji təşəbbüsünün bəhrəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 10 il müddətində çəkilməsi heç də təsadüfi xarakter daşımır. Maneələrə baxmayaraq Prezident İlham Əliyevin siyasi iradəsi hər şeyə qalib gəldi.

Deputatların fikrincə, BTQ-nin siyasi və beynəlxalq əhəmiyyəti iqtisadi əhəmiyyətindən daha böyükdür. Dəmir yolu xəttinin açılış mərasimində Orta Asiya ölkələrinin iştirakı isə onu göstərdi ki, BTQ tarixi əhəmiyyətə malik bir layihədir və bu, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşıb. Bir sözlə, BTQ Azərbaycan Prezidentinin şah əsərlərindəndir.

Çıxışlardan sonra vitse-spiker Valeh Ələsgərov gündəliyin ilk məsələsi ilə bağlı deputatları maraqlandıran suallara aydınlıq gətirdi və sazişlə bağlı sənəd səsə qoyularaq qəbul edildi.

İclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma və Metrologiya üzrə Əmirlik Orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında” Anlaşma Memorandumu, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Bermud Adaları Hökuməti arasında uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi. Deputatlar hər iki sənədin təsdiqini məqsədəuyğun saydılar.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov diqqətə çatdırdı ki, gündəlikdəki bir sıra sənədlər “Elm haqqında” qanuna uyğunlaşdırma məqsədi ilə əlaqədar müzakirəyə çıxarılıb. Bunlar Əmək Məcəlləsi, “Diplomatik xidmət haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Geodeziya və kartoqrafiya haqqında”,  “Heyvanlar aləmi haqqında”, “Müdafiə haqqında”, “Muzeylər haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Rəsmi statistika haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Sərhəd qoşunları haqqında”, “Təhsil haqqında”,  “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Yaşayış minimumu haqqında”, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”,  Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihələri idi.

Həmin qanun layihələri barədə parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verdi.  Bildirdi ki, adıçəkilən sənədlərə texniki düzəlişlər ediləcək. Bununla bağlı qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

Gündəlikdəki növbəti iki qanun layihəsini parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov təqdim etdi. Bildirdi ki, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda edilən dəyişikliklər yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin dəqiqləşdirilməsi, yaşıllıqların uçotu, kadastrı və monitorinqi sahəsində idarəetmənin təkmilləşdirilməsi, yaşıllıqların salınması və bərpası üçün əkin materialları və digər vasitələrlə təminat məsələlərinin həlli məqsədini daşıyır. Deputatlar layihəyə müsbət münasibət bildirdilər.

Digər qanun layihəsi isə “Çayçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi idi. Komitə sədri Eldar İbrahimov bildirdi ki, “Çayçılıq haqqında” qanunun 10-cu maddəsində aparılan dəyişiklik qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır. Layihəyə əsasən, bu sənəd “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna və  “Toxumçuluq  haqqında” qanunda  dəyişiklik edilməsinə dair 2017-ci il 14 aprel tarixli qanuna uyğunlaşdırılacaq. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

İclasda həmçinin Mülki Məcəllədə, “Avtomobil nəqliyyatı haqqında” və  “Nəqliyyat haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələr də təsdiqləndi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik edilməsi barədə məlumat verərək bildirdi ki, bu, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması ilə bağlıdır.

Komitə sədri dedi ki, qanuna yeni maddə də əlavə edilib. Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması bu sahədə müsbət dəyişikliyə səbəb olub. Elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir. Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi Səhiyyə Nazirliyi tərəfindən, qidaların keyfiyyətinə nəzarət isə 2018-ci ildə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılacaq.

Müzakirələr zamanı çıxış edən deputatlar Tahir Kərimli, Qənirə Paşayeva, Vahid Əhmədov bu qanunu yüksək dəyərləndirdilər. Layihə səsə qoyuldu və qəbul edildi.

Deputatlar müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında”, İnzibati Xətalar Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə də müsbət rəy bildirdilər.

İclasın gündəliyində olan son 3 məsələ - Mülki Prosessual və İnzibati Prosessual məcəllələrində, həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri Ali Məhkəmə sədrinin qanunvericilik təşəbbüsü ilə parlamentə bir zərfdə daxil olub.

Sənədlərlə bağlı məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə təklif olunan dəyişikliklər bir sıra məqsədlərə xidmət edir. Yeni müddəalara əsasən,  məhkəmə icraatında nümayəndəlik institutu təkmilləşdiriləcək, icraatda iştirak edən şəxslərin prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq imkanı təmin ediləcək. Bununla da nümayəndəliyi özünə bir növ “peşə” edən qeyri-peşəkar  şəxslərin onlara etibar edilmiş səlahiyyətlərdən sui-istifadə etməsinə imkan verilməyəcək.

Müzakirələrdə iştirak edən deputatlar Zahid Oruc, Fazil Mustafa, Elşən Musayev, Musa Quliyev, Çingiz Qənizadə sənədin bəzi çətinliklər yarada biləcəyini söylədilər. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirdi ki,  dəyişiklik vəkillik institutunun imkanlarını genişləndirəcək. İclasda iştirak edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova da dəyişikliyə münasibətini bildirərək qeyd etdi ki, yenilik Azərbaycanda vəkillik institutunun inkişafına öz töhfəsini verəcək.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edildi və bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV(foto),

“Azərbaycan”