Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sərhədləri aşan səslər

28 Oktyabr 2017
 

“Musiqinin dili yoxdur”, - deyirlər. Əslində, bu fikri bir qədər təhrif edərək söyləyiblər. Musiqinin bir dili var və onu anlamaq üçün nə millətin, nə irqin, nə dilin, nə də dinin heç bir fərqi yoxdur. Qəlblərə yol tapmağa, duyğularla həmsöhbət olmağa yalnız musiqinin qüdrəti yetir. Ona görə də o, heç bir səddə sığmır. Bircə səhnəni xatırlayaq: Avropa ölkələrində Azərbaycanın xalq artisti Alim Qasımovun konsertidir. Dinləyicilərin əksəriyyətinin bilmədiyi bir dildə - Azərbaycan dilində muğam oxuyur. Heç geyindiyi milli paltar, əlindəki qaval da Avropa tamaşaçısı üçün doğma deyil. Amma ifa olunan musiqidəki, səsdəki hiss, həyəcan o qədər munisdir ki, hər kəs onu öz qəlbinin “dili” ilə anlaya bilir.

Bu səhnə həm də Azərbaycan xalqının zəngin mədəniyyətə malik olduğunun təzahürüdür. Bəllidir ki, sivilizasiyanın ən qədim mərkəzlərində yaşaması xalqların mədəniyyətində, incəsənətində dərin izlər buraxır. Azərbaycan musiqi sənəti də ona görə bu qədər zəngin və heyranedicidir, mövzu və janr baxımından çeşidli və rəngarəngdir. Ancaq bir həqiqət də var ki, dünya xalqları bir-birindən təcrid olaraq yaşaya bilməz və mədəniyyətlərarası əlaqə bəşər həyatının ayrılmaz hissəsidir. Azərbaycanın istedadlı musiqiçiləri də doğma xalqın musiqi xəzinəsindən bəhrələnərək, dünya musiqisini öyrənərək yeni əsərlər yazırlar.
Vətəni İtaliya olan klassik opera sonralar bütün Avropada məşhurlaşdı. XX əsrin əvvəllərində müxtəlif sahələrdə çalışan, pedaqoq, jurnalist, redaktor kimi böyük işlər görən Üzeyir Hacıbəyli bir yeniliyə imza atdı. O, “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, Yaxın Şərqdə ilk opera yazan bəstəkar kimi tarixə düşdü. 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında təqdim edilən “Leyli və Məcnun” operasının premyerası böyük səs-səda yaratdı. Dövrün mətbuat orqanları öz səhifələrində tamaşa haqqında xəbərlərə, tərif dolu məqalələrə geniş yer verdilər.
XX əsrin ikinci onilliyi Azərbaycan musiqi sənətində başqa bir yeniliklə də yaddaqalan oldu. 1911-ci ildə Şövkət Məmmədova vokal dərsi almaq üçün İtaliyaya yollandı. Milan Konservatoriyasına daxil olan yeniyetmə qızın təhsil xərcini Hacı Zeynalabdin Tağıyev öhdəsinə götürdü. Təəssüf ki, sonra bu yardım dayandırıldı. Ancaq Şövkət Məmmədova bir qədər gec də olsa arzusuna çata bildi.
On beş respublikanı bir ittifaqda birləşdirərək böyük ərazilərə sahib olan sovet hökuməti sosializmin tam qələbəsini təmin etmək üçün qapılarını kapitalist ölkələrinin üzünə möhkəm bağlamışdı. Qaydalar çox sərt şəkildə qoyulsa da, bir sıra sahələrdə müəyyən güzəştlərə getmək qaçılmaz idi. Bunlardan biri də musiqi sənəti idi. 1920-ci illərin sonunda, sovet hakimiyyətinin quruculuğu illərində ilk Azərbaycan vokalçıları Bülbül və Şövkət Məmmədova təcrübə keçmək üçün birlikdə İtaliyanın “La Skala” Opera Teatrına göndərildilər. Onlar klassik vokal-opera məktəbi ilə məşhur olan İtaliyada qabaqcıl pedaqoqlardan dərs alaraq vətənə qayıtdılar. Bülbüllə Şövkət Məmmədovadan sonra sovet hökuməti uzun illər Azərbaycandan İtaliyaya musiqi təhsili almağa kimsəni yollamadı. Sevindirici hal bu oldu ki, SSRİ-nin xalq artistləri Şövkət Məmmədova və Bülbül Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərərək bir çoxunun vokal müəllimi oldular.
Azərbaycandan İtaliyaya, “La Skala” teatrında təcrübə keçməyə getmək bir də 1964-cü ildə gənc vokalçı Müslüm Maqomayevə qismət oldu. Yenə doqquz illik fasilə yarandı. 1975-ci ildə Azərbaycan Opera və Balet Teatrının solisti, tanınmış opera müğənnisi Lütfiyar İmanov “La Skala” teatrında təcrübə keçdi.
Öz sənətinin bilicisi olmaq üçün yalnız fitri istedadla kifayətlənmək olmaz. Öyrənmək, həm də seçdiyin sənəti incəliklərinə qədər mənimsəmək, ustadlardan dərs almaq vacibdir. Qeyd etdiyimiz kimi sovet hökuməti xarici ölkələrdə təhsil almaq imkanlarını məhdudlaşdırmışdı. Daha dəqiqi, yalnız dövlətin razılığı və göndərişi ilə SSRİ-nin hüdudlarından kənara çıxmaq mümkün idi. Bunun müqabilində Azərbaycandan asanlıqla Sovet İttifaqının paytaxt şəhərinə - Moskvaya və Leninqrada (indiki Sankt-Peterburq) gedib konservatoriya təhsili almaq olardı. Bir də həmin illərdə artıq Üzeyir Hacıbəylinin böyük zəhmət çəkərək qurduğu, ən yaxşı pedaqoqları dəvət etdiyi Azərbaycan Dövlət Konservatoriyası var idi. Üzeyir bəydən dərs almış, onun qayğısını görmüş böyük Azərbaycan bəstəkarları - Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Cahangir Cahangirov və başqaları musiqi xəzinəmizi öz bənzərsiz əsərləri ilə zənginləşdirirdilər. Təbii ki, bu məsələnin bir tərəfidir. Musiqi əsərlərinin təqdimatı onun necə yazılmasından az əhəmiyyətli deyil. Elə Maestro Niyazi fenomeninin yaranmasında da bu amilin böyük rolu var. Bu ağır xasiyyətli, ötkəm adam haqqında danışanlar etiraf etməyi unutmurlar: o, dahi dirijor idi.
Dirijorun həyat yoldaşı Həcər xanım xatırlayırdı: “Üzeyir bəyin övladı olmadığından o, bütün məhəbbətini Niyaziyə yönəltmişdi. Onun istedadına inanaraq sənət yolunu düzgün istiqamətləndirmişdi. Ancaq hər ikisinin ətrafında olan bəzi insanlar onların münasibətlərini gərginləşdirməyə cəhd ediblər. Xoşbəxtlikdən bu, o qədər də uzun çəkməyib. Məsələn, Niyazi “Arşın mal alan”ı işləyərək əsərdə müxtəlif dəyişikliklər etmişdi ki, ekranda gözəl səslənsin. Amma bəzi naxələf adamlar Üzeyir bəyin yanına gedərək ona deyiblər ki, Üzeyir bəy, bu, biabırçılıqdır. O, hətta özündə cəsarət tapıb “Arşın mal alan”ı da təhrif etməkdən çəkinmir. Beləliklə, onların arasına inciklik toxumu səpirdilər. Niyazi bunu çox ağır yaşayırdı. Hərdən də uşaq kimi kövrələrək məndən soruşurdu: “Axı onlar niyə anlamaq istəmirlər ki, mən nə etdiyimi bilirəm?” Niyazi “Arşın mal alan”ın ictimai baxışına getmək istəmirdi. Deyirdi ki, Həcər, əgər musiqi barədə bəd danışsalar, özümü saxlaya bilməyəcəyəm. Onu güclə yola gətirdim.
Film başa çatandan sonra Üzeyir bəy Niyazini bağrına basdı. Sevincindən danışa bilmirdi. Təkcə bu sözləri dedi: “Ay səni, qoçaq oğlan. Çox sağ ol, hər şey yerində idi”. Niyaziyə elə bil dünyanı bağışladılar”.
Maestro yalnız bir məsələdə güzəştə gedə bilərdi. Əsəri bəyəndisə, hətta bəstəkarı ilə həmin vaxt münasibəti kəskin olsa belə, ona böyük məmnuniyyətlə dirijorluq edəcəkdi. Və heç kimə sirr deyildi ki, Maestro Niyazi səsləndirdiyi əsəri göylərə qaldıra bilir. Hətta münasibətlərinin sərinləşdiyi vaxtlarda da onun dirijorluğu ilə bəstəkarlar Qara Qarayevin, Fikrət Əmirovun ölməz bəstələri sənət möcüzəsinə çevrildi.
Sovet İttifaqından xarici ölkələrə qastrol səfərlərinə göndərilən musiqiçilər, müğənnilər çox böyük diqqətlə seçilirdi. Moskvanın icazə verdiyi qədər müttəfiq respublikalardan, o cümlədən sovet Azərbaycanından sənətçilər dünya səhnələrində çıxış edirdilər. O illərdə Müslüm Maqomayev, Zeynəb Xanlarova, İslam Rzayev, Rəşid Behbudov, kaman ustası Habil Əliyev və başqa sənətkarlar yalnız Sovet İttifaqının ərazilərində deyil, xarici ölkələrdə də məşhurlaşmışdılar. Hətta həmin illərdə belə bir deyim də var idi ki, Azərbaycanı dünyada neftinə və Rəşid Behbudovuna görə tanıyırlar.
İndi də o böyük sənətkarların - Maestro Niyazi, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Zeynəb Xanlarova, Rəşid Behbudov və digərlərinin lent yazılarını dinləyəndə bir daha əmin olursan ki, zəngin musiqi mədəniyyətinə malik olmaq məsələnin bir hissəsidir. Digər əsas məsələ onu necə tanıtmaqdır və onlar bunu mükəmməl şəkildə bacarırdılar.
1990-cı illərdə Azərbaycan öz tarixi qələbəsini çaldı, yenidən müstəqilliyinə qovuşdu. Amma ölkə böyük sınaqlarla qarşılaşdı. İqtisadi çətinliklərin məngənəsinə düşdü. Həmin vaxtlar Azərbaycanı tərk edən sənət adamları az olmadı.
Bu gün azad Azərbaycanın musiqi sənətini təbliğ etmək yolunda heç bir maneə yoxdur. İstənilən ölkədə musiqi təhsili almaq və bəstəkarlarımızın əsərlərini dünyada tanıtmaq üçün imkanlar var. Azərbaycan musiqiçiləri, xanəndələri, müğənniləri tez-tez xarici ölkələrdə konsert proqramları ilə iştirak edirlər. Onların hər çıxışı musiqi sənətimizin təbliği yolunda atılmış növbəti addımdır. Ona görə də bu sənətçilərin uğurları Azərbaycan musiqi sənətinin nailiyyətidir.
Bu ilin aprelində hər bir musiqisevərimizi qürurlandıran hadisə Hollandiyada baş verdi. Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, xalq artisti Firəngiz Əlizadənin “Nasimi Passion” əsəri böyük bir layihə çərçivəsində təqdim olundu. Belə ki, son illər Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan, “Amsterdam Royal Concertgebouw” tərəfindən müxtəlif dinlərə - pravoslav, katolik, iudaizm və buddizmə məxsus “Passions” - “İlahilər” layihəsi həyata keçirilir. İslam dininə aid olan ilahilərin bəstələnməsi azərbaycanlı bəstəkara həvalə edildi. Firəngiz Əlizadə “Nasimi Passion” adlı möhtəşəm bir əsər yaratdı. Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olundu.
Avropa ölkələrində, kütləvi informasiya vasitələrində böyük rezonans doğuran bu iri-həcmli musiqi əsərinin premyerası “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə keçirildi. Bəstəkar “Nasimi Passion”da şair İmadəddin Nəsiminin əsərlərinin yazıldığı dildə - Azərbaycan dilində səsləndirilməsinə də nail oldu. Və Almaniya Dövlət Teatrının solisti Əvəz Abdullayev şairin söz və könül dünyasını, sufi zikrlərindəki ab-havanı tamaşa salonuna gətirə bildi.
Qeyd edək ki, hazırda Almaniyada yaşayan, Manheym Milli Opera Teatrının solisti, Azərbaycanın xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Konservatoriyasının məzunudur, illərlə Azərbaycan Opera və Balet Teatrında çalışıb, aparıcı bariton partiyalarını ifa edib. İndi də arabir Bakıda çıxış edir, Azərbaycan bəstəkarlarının Avropada səslənən əksər vokal əsərlərinin ilk ifaçısıdır.
Bu gün dünya musiqisinin inkişafında Azərbaycanın da öz töhfələri var. Təqdirəlayiqdir ki, öz köklərinə sıx bağlı, xalqımızın və ümumilikdə dünya musiqi xəzinəsini dərindən öyrənməyə can atan gənc musiqiçilərimiz yetişir. Azərbaycan musiqisinin bundan sonrakı inkişafında, təbliğində və təqdimatında bu gənclərin də imzaları olacaq.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”