Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sap və rənglərin harmoniyası

28 Oktyabr 2017
 

...Rənglərin harmoniyasını yaradan fırça ilə ilahi qüdrətdən təb alan şairlərin qələmini eyniləşdirənlər səhv etməyiblər. Xalqın ruhunun daşıyıcıları kimi sevilən sənətkar istər şair, yazıçı, istərsə də bədii sənət nümunələrini yaradan digərləri olsun, qəlbinin səsini insanlara çatdırırlar. Kətan üzərində əksini tapan təbiət mənzərələrinin isə hər biri sanki yazılmamış, oxunmamış həyat hekayələridir.

Azərbaycan xalqına məxsus bir sıra sənət növləri var ki, onlar əsrlərlə yol gəlir. Elə sənətlər də olub ki, onların yalnız adı qalıb. Bunun səbəblərindən biri vaxtilə həmin sənətin yaşadılmasına qayğı göstərilməməsi, yaxud sənətkarların özlərinin davamçılarını yetişdirməmələridir. Lakin elə sənət növü də olub ki, dövrünü başa vuraraq sıradan çıxıb.
Xalq tətbiqi sənət incilərindən biri də tikməçilikdir. Tikmələr ağbirçək nənələrin yadigarları kimi gəlin köçən qızlara zaman-zaman verilən cehizin əntiq əşyalarından biri olub. Milli-mənəvi sərvətlərimizdən sayılan belə sənət növlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması dövlətin, həmçinin Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədlərdən biridir.
20 ildən artıqdır ki, tikmə ustası kimi tanınan, əl işləri evlərin və muzeylərin bəzəyinə çevrilən sənətkarlar az deyil. Belələrindən biri də Mehriban Əliyeva - Xəlilzadədir. Özünün də etiraf etdiyi kimi, uşaqlıq illərindən bugünədək iynə əlindən yerə düşmür. Daha doğrusu, iynə fırçası, saplar isə boyasıdır.
Tikmə ustasının əsərlərinə kənardan diqqət yetirdikdə elə bilirsən ki, fırça ilə çəkilmiş miniatürlərdir, amma onlar, əslində, əlvan saplardan yaradılmış sənət əsərləri - tikmələrdir.
Tikməçi-rəssam bu sənətə nə vaxtdan məhəbbət göstərdiyini belə xatırlayır: “Tikməni o zamanlar yalnız balış, mütəkkə üzü, pərdələr, süfrələr şəklində işləyirdilər. Anam isə ilk dəfə bunu çərçivələrə alıb və miniatür işləmələrə başlayıb...”
Ustanın təkcə əsərlərində deyil, əllərində də iynənin izlərini görmək olur: “Sapla işləməyi sevirəm. Amma muncuqla da işlərim var. Sap daha keyfiyyətlidir. Muncuq gözə xoş gəlir, təsviri almaq asandır, parlaqlığına görə də cəlb edir, amma sapla nəsə yaratmaq və diqqəti çəkmək çətindir. Əsasən ipək saplardan istifadə etməyə çalışıram. Pambıq saplar da olur, digər qarışıqları da. Atlas parça üzərində “xovlu” tikmə işləyirəm, yun parça üzərində isə “təkəlduz” tikməni”.
Bu izahdan öyrənmək olur ki, xovlu tikmə tərs üzdən işlənir. Tərs üzdən çəkilir və tikilir. Təkəlduz isə düz üzdən hazırlanır, sağanaq deyilən alətdə - bir-birinə keçirilən taxta dairələrdə işlənir, qarmağa bənzər iynə ilə tikilir. Xovlu tikmənin iynəsi də fərqlidir, sapı da.
Hələ orta məktəbin 8-ci sinfində oxuyarkən tikmələr tikə-tikə qədim sənətə öz “ilkləri”ni də gətirdiyini deyir tikməçi-rəssam: “Məsələn, əlinizi parçanın üzərində gəzdirsəniz, “mərtəbə”ləri hiss edəcəksiniz. Bu, “relyefli tikmə” adlanır. Həmin əsərlər ilk dəfə olaraq qrafikanın tikmədə tətbiqidir. Heç bir ölkənin tikməsində belə bir şey yoxdur. Deməli, xalqımız öz sənətini yaradanda onun “sirlərini” də işləyir ki, bədnamlar oğurlayanda təsdiq edə bilək ki, bu, bizim milli sərvətimizdir”.
Hələ emalatxanası olmayan usta sənət əsərlərini “sellofan”lara bükməklə qoruyur. Bu əsərləri əsasən gecələr yaratmağa adət edən tikməçi-rəssam deyir ki, əl işlərinin satışını təşkil etmək kimi problem də yaşayır. Çünki emalatxanasızdır və buna görə də ev şəraitində, gecələr işləyir: “Ölkəmizə gələn turistlərə xaricdən gətirilmiş miniatür hədiyyələri göstərməkdən və satmaqdansa, tikmələrimizi və ya başqa xalq tətbiqi sənət nümunələrimizi təqdim etmək lazımdır”.
L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində məşhur tikmə ustası, bir çox beynəlxalq sərgilərin iştirakçısı və diplomçusu Mehriban Əliyeva-Xəlilzadənin növbəti dəfə əl işləri nümayiş etdiriləndə heyrət dolu baxışlar onun yaratdığı incilərə dikilmişdi. “Tikmələrin izi ilə” keçirilən tədbirdə sənətkarın muncuqlu, pilək tikmə, döymə, doldurma, cülmə, kəsmə, güləbətin, təkəlduz texnikası ilə yaratdığı əsərlər müəllifinin sənətə məhəbbətini təsdiqləyirdi.
Daha geniş auditoriyalara əsərləri ilə çıxmağa qadir olan tikməçi-rəssam Şəki şəhərində anadan olub, orada ərəb-fars təmayüllü orta məktəbi fərqlənmə ilə bitirib. 1985-1988-ci illərdə şəhər Pionerlər evində bədii tikmə dərnəyində məşğul olan, əl işləri 1986-cı ildən respublika və bir sıra xarici ölkələrdə sərgilənən tikmə ustasının hazırladığı “Tanrı gözəldir”, “Müqəddəs Kəbə”, “Heydər Əliyev”, “Atatürk”, “Şərq ulduzu” “Hekayə”, “Əfsanə”, “Muğam üçlüyü”, “Xosrov və Şirin”, “Sülh quşu”, “Gecə-gündüz” və digər sənət nümunələri öz ecazkarlığı ilə fərqlənir. Müəllif təsviri sənətə və toxuculuğa xas xüsusiyyətləri tikmədə ustalıqla birləşdirərək maraqlı kompozisiyalı əsərlər yaratmağa müvəffəq olub.
Usta tikməçi-rəssam deyir ki, hər bir sənət nümunəsinin daha geniş auditoriyalarda nümayişi üçün sərginin keçirilməsi çox vacibdir. Buna görə də dövlətimizin bu istiqamətdə həyata keçirdiyi layihələr xalq sənətinə sevgidən qaynaqlanır. Burada məqsəd, eyni zamanda qədim tikmə texnikasını qoruyub saxlamaqla yanaşı, yenilikləri, müasir tikmə sənətini geniş ictimaiyyətə çadırmaqdır.
Həm də həndəsi və nəbati naxışlardan istifadə edərək portret, miniatür, mənzərə janrlarında əsərlər yaradan rəssam-tikməçi 2003-cü ildən respublika Rəssamlar İttifaqının üzvüdür. Bir çox beynəlxalq sərgilərdə uğurlu iştirakına görə müxtəlif mükafatların sahibidır.
...İlmə-ilmə naxışlanan tikmələr gözün nurundan, zərif barmaqlardan sığal tapdığından gözəl, incə və qəlbəyatan olur. Qoy onlar bundan sonra da nənələrdən nəvələrə hədiyyə olunan milli-mənəvi sərvətlərimizdən biri kimi evlərimizin bəzəyinə çevrilsin.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”