Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadi müstəqillik davamlı tərəqqinin təminatçısıdır

27 Oktyabr 2017
 

Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasına əsasən güclü iqtisadi yüksəliş sosial siyasətlə tamamlanır

 

Milli iqtisadiyyatın əsas inkişaf istiqamətlərini və iqtisadi təhlükəsizliyini təmin edən müstəqil Azərbaycan dünya iqtisadi düzənində özünəməxsus mövqeyini müəyyənləşdirib. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən çevik və praqmatik iqtisadi siyasət yeni inkişaf mərhələsinin başlanğıcında olan Azərbaycana hər keçən gün uğur gətirir. Bu inkişaf kursuna uyğun olaraq makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, qeyri-neft sektorunun stimullaşdırılması, ən başlıcası isə qazanılan nailiyyətlərin ölkə vətəndaşının rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsi Azərbaycan iqtisadiyyatının prioritetlərini təşkil edir.

 

İnnovasiya əsaslı inkişaf modelinə keçid

 

Azərbaycan Prezidentinin uğurlu sosial-iqtisadi siyasəti keyfiyyətcə yeni prioritetləri müəyyən edərək innovasiya əsaslı inkişaf modelinə keçidi şərtləndirib, yüksək rəqabətqabiliyyətli və diversifikasiya olunmuş iqtisadiyyatın formalaşmasını sürətləndirib. Ölkədə yaradılmış böyük iqtisadi potensial və aparılan məqsədyönlü islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının stimullaşdırılması və digər tədbirlər iqtisadiyyatın davamlı inkişafını təmin edir.
Bu gün Azərbaycan sözün həqiqi mənasında müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir. 2003-cü ildən başlayaraq dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçən Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.
Ümumiyyətlə, Prezident İlham Əliyevin yeni iqtisadi islahatlarının uğurlu gedişini şərtləndirən əsas səbəb onların təməl prinsiplərinin düzgün müəyyənləşdirilərək hazırlanması və qlobal çağırışlardan lokal gerçəkliyədək bütün tələb-şərtlərə uyğunlaşdırılmasıdır. Həmçinin sosial-iqtisadi islahatların hüquqi-siyasi təkmilləşmə ilə bir-birini tamamlaması bu prosesin böyük risklərdən, arzuolunmaz nəticələrdən sığortalanmasını effektiv təmin edib.

 

Qazanılan uğurların real göstəriciləri

 

Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, həmçinin məqsədli dövlət proqramları, strategiyalar, konkret tədbirlər planları, kompleks və davamlı iqtisadi islahatlar ölkədə innovativ, bilik iqtisadiyyatının formalaşması, ixracın diversifikasiyası, idxaldan asılılığın maksimum dərəcədə azaldılması, biznes mühitinin əlverişliliyinin artırılması, investisiyaların cəlb edilməsi və digər istiqamətlərdə mühüm işlərin həyata keçirilməsinə hüquqi və iqtisadi zəmin yaradıb.
Son 14 ildə Azərbaycanda bütün sahələrdə qazanılan uğurlar da deyilənləri bir daha təsdiqləyir.
Məsələn, ölkənin strateji valyuta ehtiyatları 2003-cü ilə nisbətən 26,2 dəfə artaraq bu ilin sentyabr ayının sonuna 42 milyard dollar səviyyəsinə çatıb, ölkə iqtisadiyyatına 225 (bunun 107.2 milyardı xarici investisiyadır) milyard dollar həcmində investisiya qoyulub.
İndiyədək regionların inkişafına dair 3 dövlət proqramı qəbul olunub və onlardan ikisi artıq uğurla icra edilib. Hazırda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrası davam etdirilir. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2004-2017-ci ilin ötən dövrü ərzində 1,43 milyonu daimi olmaqla, 1,9 milyondan artıq yeni iş yeri açılıb. Daimi iş yerlərinin 67,5 faizi regionların payına düşür.
Orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 2016-cı ildə 498,6 manatadək yüksəlib. Bu dövrdə əhalinin nominal gəlirləri 7,9 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəkinə nisbətən 8 dəfəyədək, işsizlik səviyyəsi isə 5 faizədək azalıb.

 

Möhkəm təməl üzərində qurulan iqtisadi inkişaf strategiyası

 

Ölkədə həyata keçirilən yeni iqtisadi siyasət və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili, yeni iqtisadi inkişaf strategiyasının hazırlanıb həyata keçirilməsi bir çox sahələrdə böyük nailiyyətlərin əldə edilməsi ilə nəticələnib.
Diqqət edək, 2004-2016-cı illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artıb. Bu dövrdə sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə, nəqliyyat 2,6 dəfə, rabitə 10,6 dəfə artıb. Ölkədə 6 beynəlxalq hava limanı inşa olunub, 11 min kilometr müasir şose və yollar çəkilib, 438 ədəd körpü və tunel tikilib və təmir olunub, Xəzər dənizində 270 gəmidən ibarət iri ticarət donanması yaradılıb.
Bununla yanaşı, ötən 14 il ərzində ümumi gücü 2300 MVt-dən artıq olan 26 yeni elektrik stansiyası istismara verilib, 10 min kilometrdən artıq elektrik verilişi xətləri, xeyli sayda yarımstansiya inşa edilib və yenidən qurulub. Bakı Metropoliteninin inkişaf strategiyasına uyğun olaraq, ötən illər ərzində 5 yeni stansiya sərnişinlərin istifadəsinə verilb, xətlərin sayı 3-ə, stansiyaların sayı 25-ə çatdırılıb.

 

Aqrar sahədə həyata keçirilən sistemli tədbirlər

 

Ölkədə aqrar sahədə həyata keçirilən sistemli tədbirlər nəticəsində həm kənd təsərrüfatı və ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib, həm ərzaq məhsullarının istehsalı artıb, həm də ixrac imkanları genişlənib.
Son 14 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 minə yaxın sahibkara 2 milyard manatdan çox güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlərin 1 milyard manatı büdcə, 1 milyard manatı geri qaytarılan vəsaitlərdir. Güzəştli kreditlərin 70 faizi aqrar sektorun, 30 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 76 faizi regionların, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür.
İndiyədək 190 sahibkarlıq subyektinə 205 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1,7 milyard manat investisiya yatırılacağı, 13 mindən çox yeni iş yerinin açılacağı gözlənilir.
Son illərdə 20 rayonun ərazisində 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı yaradılıb. Dəyəri 193 milyon manat olan bu iri fermer təsərrüfatlarının yaradılmasına 70,5 milyon manat güzəştli kredit verilib. Hazırda 26 rayon üzrə 38 aqroparkın, o cümlədən 14 müasir cins heyvandarlıq kompleksinin və 24 iri taxılçılıq təsərrüfatlarının yaradılması təşviq olunur. Artıq Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarında aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. 12 aqroparkın isə təşkili işlərinə başlanıb.
Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparıb, xarici ticarət dövriyyəsi 3,4 dəfə, ixrac 3,5 dəfə, o cümlədən qeyri-neft ixracı 3,3 dəfə artıb.

 

Davamlı tərəqqiyə aparan praqmatik siyasət

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və mövcud çağırışların tələblərinə cavab verən çevik iqtisadi siyasət tədbirləri regional və qlobal səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi hazırkı şəraitdə belə ölkə iqtisadiyyatının dayanıqlığını qoruyub saxlayıb.
Dövlət başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” isə bu sahədə inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını təmin edəcək. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə əks etdirir. Bu mühüm sənəd kənd təsərrüfatından tutmuş sənayeyə qədər bütün sahələri, həmçinin insan kapitalının inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması kimi əsas istiqamətləri əhatə edir.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Düşünülmüş, qarşılıqlı etimada əsaslanan müstəqil siyasət həyata keçirən, regionun siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tolerantlığın məkanı kimi tanınır.
Əldə olunmuş bu nailiyyətlər bir daha təsdiq edir ki, Azərbaycan yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişaf strategiyasına malikdir. Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır. Bütün ölkə boyu infrastrukturun ən yüksək standartlar səviyyəsində yenidən qurulması, paytaxtda və bölgələrdə müasir obyektlərin istifadəyə verilməsi, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin miqyasının ilbəil genişləndirilməsi Azərbaycanın sosial dövlət kimi mənzərəsini göz önündə canlandırır. Qazanılan bu uğurların əsasında ölkəmizi davamlı tərəqqiyə aparan praqmatik və müstəqil siyasət dayanır.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”