Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Düzgün qidalanmamaq uşaqlarda qanazlığı, raxit, qəbizlik, piylənmə kimi xəstəliklərə səbəb olur

26 Oktyabr 2017
Körpələrin sağlam inkişafında qidalanmanın böyük əhəmiyyəti var. Ona görə də valideynlər övladlarının qida rejiminə, düzgün qidalanmasına və qəbul etdikləri ərzaqların keyfiyyətinə xüsusi diqqət yetirməlidirlər.

AZƏRTAC xəbər verir ki, uşaqların sağlamlığının qorunmasında qidalanmasının rolu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkim-pediatrı, assistent Nigar Sədiyeva universitetin mətbuat xidmətinə müsahibəsində danışıb.

Həkim deyib: “Uşağın sağlamlığı genetik amillərlə yanaşı, həm də düzgün qidalanma, təmiz ətraf mühit və sosial amillərə bağlıdır.

Fiziki və zəka inkişafının təmin edilməsi və infeksiyalara qarşı müqavimətin yaranmasında qidalanmanın çox böyük əhəmiyyəti var. Belə ki, düzgün qidalanmamaq qanazlığı, raxit, qəbizlik, piylənmə kimi bir sıra xəstəliklərə səbəb olur. Bunları nəzərə alaraq müayinə etdiyimiz uşaqların ailələrinə hər müayinədə yazılı tibbi maarifləndirmə, qidalanma, inkişaf və təhlükəsizliklə bağlı məsləhətlər veririk”.

Uşaqlarda sinir-psixi inkişaf müayinəsinin vacibliyindən danışan pediatr, bunun uşaq müayinəsinin əsas hissəsi olduğunu qeyd edib: “Misal üçün hər bir körpə duyma, düşünmə, görmə, nitq, hərəkət kimi həyat üşün vacib beyin funksiyonlarına cavabdeh təqribən 100 milyar sinir hüceyrəsi (neyron) ilə doğulur. Neyronlar “sinaps” adı verilən kiçik boşluqlarla bir-birinə bağlanaraq beynin müxtəlif funksiyalarını yerinə yetirən bağlantılar əmələ gətirirlər. Bu bağlantı yerləri beynin fəaliyyəti üçün vacib olan elektrik siqnallarının yayıldığı sahələrdir. Həyatın ilk 5 ilində milyardlarla neyronlar aralarında trilyonlarla sinaptik əlaqə yaranır. Doğumdan sonrakı 8 ay boyunca artıq 1000 trilyon sinaps əmələ gəlir. Beyin “istifadə et və ya itir” prinsipi ilə çalışır. Beyində yetərincə sinaptik əlaqə əmələ gəlməsini təmin etmək üçün valideynlərin, uşaqla məşğul olan insanların, xüsusilə, ilk üç ildə stimuləedici yanaşmaları vacibdir”.