Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiyalı professor: Oxuduğum mühazirələrdə tələbələrin Dədə Qorqud obrazına sevgisini gördüm

26 Oktyabr 2017
Moskva Dövlət Linqvistik Universitetinin (MDLU) ədəbiyyat kafedrasının müdiri, görkəmli ədəbiyyatşünas, tərcüməçi və professor Aleksandr Bondarevə Azərbaycan Dillər Universitetinin (ADU) dəvətli professoru adı verilib. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.

Tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdulla uzun illərdən bəri yaxından tanıdığı A.Bondarevin təhsil və elm sahəsində nailiyyətlərindən danışıb və iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində onun əhəmiyyətli rolunun olacağına inandığını söyləyib. Daha sonra A.Bondarevə ADU-nun dəvətli professoru vəsiqəsi təqdim edilib.

A.Bondarev ADU-da bir sıra görüşlərdə iştirak etdiyini və mühazirələr oxuduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, tələbələrlə ünsiyyətdən zövq aldığını deyib: “Oxuduğum mühazirələrdə tələbələrin Dədə Qorqud obrazına sevgisini gördüm. Mən özüm də uzun müddət davam edən araşdırmalar nəticəsində bu obrazı sevdim. Biz bu dünyaya sosial cəmiyyətdə yalnız insan olmaq üçün deyil, eyni zamanda, Dədə Qorqud kimi mənəvi dəyərləri olan şəxs kimi formalaşmaq üçün gəlirik”.

A.Bondarev ADU rəhbərliyinə bu ada layiq görüldüyü üçün təşəkkür edib. O, hər iki universitet arasında qarşılıqlı əməkdaşlığın faydalı olacağına ümid etdiyini bildirib.

Sonra qonaq “Müasir Rusiyanın ədəbiyyatı və mədəniyyəti” mövzusunda keçirilən “dəyirmi masa”da iştirak edib. Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, professor Məmməd Əliyev A.Bondarevi universitetdə fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları, fakültələr və kafedralar haqqında məlumatlandırıb. Rusiyalı alim indiyədək ADU-ya üç dəfə gəldiyini və hər dəfə Azərbaycanın təhsil sistemini daha yaxından öyrəndiyini bildirib.

Sonda A.Bondarevə ADU-nun rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyası tərəfindən xatirə hədiyyəsi verilib.